Qazaxda “Baytarlıq xidməti və nəzarət tədbirləri” mövzusunda Fermerlərlə maarifləndirici tədbir keçirilib
Oktyabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında “Baytarlıq xidməti və nəzarət tədbirləri” mövzusunda Fermerlərlə maarifləndirici tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyev, icra aparatının digər məsul şəxsləri, Qazax rayon Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri Mərkəzinin Epizootiya və Zoonos xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi Fərmayıl İsgəndərov, adı çəkilən təşkilatların əməkdaşları, RİH başçısının İƏD-si üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Qazax rayonu üzrə 100 başdan yuxarı iribuynuzlu heyvanı və 300 başdan yuxarı xırdabuynuzlu heyvanı olan fermerlər iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Keçirilən tədbirin əhəmiyyətindən söz açan birinci müavin bugünkü görüşün əsas məqsədinin son günlər respublikada geniş yayılmış dabaq xəstəliyi, onun fəsadları, bu sahədə aparılan mübarizə tədbirləri və həyata keçirilməsi vacib olan məsələləri müzakirə etmək olduğunu bildirib. M.Alıyev dabaq xəstəliyinin iqtisadi itkilərə, o cümlədən heyvandarlıqda ət və süd məhsuldarlığının azalmasına gətirib çıxardığını, xəstəliyə nəzarət və onun aradan qaldırılması tədbirlərinə sərf olunan vəsaitin, həmçinin heyvan mənşəli məhsulların ixrac və idxal prosesinə tətbiq olunan məhdudiyyətlərin dabaq xəstəliyinin yayıldığı ölkənin iqtisadiyyatına böyük zərər vurduğunu qeyd edib. Bu səbəbdən də heyvanların və insanların dabaq xəstəliyindən qorunması, əhalinin heyvan mənşəli təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri Mərkəzinin Epizootiya və Zoonos xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi Fərmayıl İsgəndərov, Qazax rayon Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, RİH başçısının müavini Adil Vəliyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxış edənlər dabaq xəstəliyi ilə mübarizədə baytar həkimlərlə yanaşı, fermerlərin, təsərrüfat sahiblərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Heyvanlarda sözügedən xəstəlik aşkar olunduğu zaman Qazax rayon Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinə, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə məlumat verilməsinin, baytar həkimlərin iştirakı ilə mübarizə tədbirlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda dabaq xəstəliyi və ona qarşı mübarizə tədbirləri, müalicə və profilaktikası barədə ətraflı məlumat verilib. Bildirilib ki, virusun tipini müəyyən etmək üçün mütləq baytarlıq mütəxəssisi dəvət edilməlidir, xüsusi müalicəsi olmayan dabaq xəstəliyinin baş verməsi təsdiqlənərsə təsərrüfata, ətraf ərazilərə, rayon ərazisinə təcrid və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir, xəstəlik baş verdikdə və ətraf ərazilərdə xəstəlik aşkar edildikdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır, xəstəlik baş vermiş ərazilərdən diri heyvan, yem, invertarlar alınmamalı, belə ərazilərdən gəlmiş nəqliyyat vasitəsinin girişinə icazə verilməməlidir, xəstəliyə risqlər olan ərazilərdə ətraf mühitdə virusların olması nəzərə alınaraq heyvanlar profilaktiki peyvəndləməyə cəlb edilməlidir, təsərrüfata yeni daxil olmuş heyvanlar mütləq karantində saxlanmalıdır. Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, təklif və tövsiyələr dinlənilib.
Facebook-da paylaş