İcra başçısı Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib
İcra başçısı olaraq fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən, məktəblilərə qayğısını daim əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir. Oktyabrın 6-da rayon rəhbərliyinin Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin müəllimlərini Fəxri Fərmanla təltif etməsi təhsil sahəsinə olan qayğının daha bir bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov müəllimləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını səsləndirən icra başçısı bu kəlamın real həyatda öz əksini tapdığını qeyd edib. Gələcəyimiz olan gənclər üçün müasir standartlara cavab verən məktəblərin inşa olunmasını, təhsil sahəsinə daim dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirən icra başçısı bütün işlərin, həyata keçirilən tədbirlərin təməlində məktəblilərimizin, onların savadlı, bilikli, vətənpərvər gənc kimi yetişməsinin dayandığını qeyd edib. İcra başçısı son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Müəllimlərlə səmimi söhbət edən icra başçısı 2024-2025-ci tədris ilində IV sinif şagirdlərinin reytinq cədvəlində monitorinqin nəticələrinə görə 35,4 orta bal göstəricisi ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər arasında ilk onluqda yer aldıqlarına görə məktəb kollektivinə, xüsusilə də ibtidai sinif müəllimlərinə razılığını ifadə edib. Bundan əlavə, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin ilk onluqda olan məktəblər arasında adının olmasını rayon məktəblərinin növbəti uğuru kimi dəyərləndirib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi davam etdirildiyini, bugünkü görüşün də bunun əyani sübutu olduğunu söyləyib. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin direktoru Aynurə Alıyeva çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. A.Alıyeva bugünkü görüşü, məktəb müəllimlərinin Fəxri Fərmanla təltif olunmalarını həmin müəllimlərin timsalında məktəb kollektivinə, bütün müəllimlərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi göstərib. Məktəb direktoru qeyd edib ki, hazırda məktəbdə ümumi şagird sayı 395 nəfərdir. Onlardan 37 nəfəri hazırlıq qrupunda, 42 nəfəri 1-ci sinifdə, 42 nəfəri 9-cu sinifdə, 274 nəfəri isə digər siniflərdə təhsil alır. Məktəb direktoru müəllim-şagird kollektivinin bundan sonra da daha böyük nəticələr əldə etmək üçün böyük səylə çalışacaqlarını vurğulayıb, bugünkü görüşün bu amal uğrunda onlar üçün böyük stimul olacağını söyləyib. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbdə ibtidai sinif müəllimləri Bəxtiyarova Gülbəniz Məhərrəm qızı və Mustafayeva Zəminə Rəfail qızı 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə və təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. İcra başçısı Fərxri Fərmanları təqdim edərək müəllimlərin ünvanlarına bir daha səmimi ürək sözlərini səsləndirib. Fəxri Fərmanla təltif olunmuş müəllimlər müəllim adını hər zaman yüksəkdə tutan, müəllim əməyini daim qiymətləndirməyi bacaran rayon rəhbərliyinə razılıqlarını ifadə edərək bugünkü görüşü və onlara ayrılan diqqəti, göstərilən qayğını yüksək qiymətləndiriblər.
Facebook-da paylaş