Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
Bu gün Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş
breyn-rinq, məqalə və rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib. Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin
keçirilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Qazax Rayon İcra
Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı
çərçivəsində Qazaxda işgüzar səfərdə olan rəssamların və Qazax Dövlət Rəsm
Qalereyasının dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi təşkil olunub. Sərgidə
Azərbaycan, Özbəksitan və Qazaxıstan rəssamlarının Qazax rayonunda olduqları
müddətdə çəkdikləri 45, qalereyanın dərnək üzvlərinin 10 rəsm əsəri nümayiş
olunub. Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Nəzakət Əhmədovanın, Azərbaycan Rəssamlar İttifaqının
üzvlərindən Aynurə Mustafayevanın, İslam İsrafilovun, Xanlar
Əsədullayevin, Nazim Məmmədovun, Fərhad Yalquzağın, Nəzrin
Xələfovanın, Günel Ravilovanın, Cavid Məmmədovun, Rusiyada rəssamlıq təhsili
almış rəssam Ruslan Kovalyovun, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının tələbələrindən Nərgiz İbrahimovanın, Südabə İbadlının və
Elnarə Xanlarovanın bir-birindən gözəl rəsmləri sərgilənib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat
rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Xalq şairi İsmayıl Şıxlının
100 illik yubiley tədbiri və məqalə müsabiqəsi ilə əlaqədar yaradılmış işçi
qrupunun üzvləri, KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları sərgi ilə tanış
olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb,
rəssamlarla söhbət edib, rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Sərginin təşəbbüskarı Azərbaycan
Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov sərgi barədə ətraflı
məlumat verib. 5 iyun tarixindən Qazaxda işgüzar səfərdə olan rəssamların
"Göyəzən” dağının ətəyində, "Damcılı” mağarasında olduqlarını bildirib.
Rəsm əsərləri, etüdlər çəkdiklərini qeyd edib. Bundan əlavə, səfər çərçivəsində
Qazaxın digər gəzməli, görməli yerləri, eləcə də rayonla ətraflı tanış
olduqlarını vurğulayıb. Bu gün çəkilmiş həmin rəsmlərin, xüsusilə də Xalq şairi
İsmayıl Şıxlının əks olunduğu əsərlərin görkəmli ədibin 100 illiyinə həsr
olunmuş sərgidə nümayiş olunduğunu bildirib. Qalereyanın dərnək üzvlərinin Xalq
şairinə həsr etdikləri əl işlərinin də yer aldığını qeyd edib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək rayonumuzda qonaq
olan rəssamları və tədbir iştirakçılarını salamlayıb. İsmayıl Şıxlı yaradıcılığına
böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama
görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından öz dərin minnətdarlığını
bildirib. Qeyd edib ki, ölkə başçısı imzaladığı bu Sərəncamla bir daha göstərdi
ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin ədəbiyyat sahəsinə, şairlərimizə,
yazıçılarımıza olan diqqət və qayğısı bu gün də yaşadılır. Onun bu sahədə
qoyduğu adət-ənənələr uğurla davam etdirilir. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli, mənəvi dəyərlərimizin
qorunub saxlanılması istiqamətində gördüyü işlərdən danışan müavin onun bu xidmətlərinin
xalqımız tərəfindən böyük minnətdarlıq və rəğbət hissi ilə qarşılandığını
bildirib.
Ölkə başçısının 100 illik yubileylə bağlı imzaladığı Sərəncama əsasən
keçirilən silsilə tədbirlərdən söz açan G.Həsənova icra başçısı tərəfindən Qazaxda
yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün rayonun ziyalılarından
ibarət işçi qrupunun yaradıldığını, xüsusi Tədbirlər Planının hazırlandığını
qeyd edib. Həmin Tədbirlər Planına uyğun olaraq görülən və eləcə də həyata
keçirilməsi nəzərdə tutulan işlərdən də danışıb. Silsilə
tədbirlərin keçirildiyini, xatirəsinə İkinci Şıxlı kəndi ərazisində bağ
salındığını, ədəbi-bədii gecə keçirildiyini, breyn-rinq, məqalə müsabiqələrinin
təşkil olunduğunu və s. işləri vurğulayıb. O,
Xalq yazıçısının 100 illiyinə həsr olunmuş və onun haqqında toplanmış xatirələrdən
ibarət kitabın nəşr olunacağını, görkəmli ədibin adını daşıyan Kosalar kənd tam
orta məktəbin qarşısında büstünün qoylacağını, eləcə də bir sıra işlərin görüləcəyini
diqqətə çatdırıb. G.Həsənova Xalq şairi İsmayıl Şıxlının 100 illik
yubileyi ilə bağlı Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda təşkil
olunan sərginin həmin əlamətdar tədbirlərin davamı olduğunu bildirib. Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin
Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər
Xəlilova çıxışlarında ölkəmizdə ziyalılara, tarixi şəxsiyyətlərə,
şairlərə, söz adamlarına verilən dəyərə, göstərilən diqqət və qayğıya görə ölkə
başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Qazaxda bütün sahələrdə
olduğu kimi mədəniyyət sahəsində də silsilə tədbirlərin keçirildiyini və hər
zaman yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Bu gün Xalq şairi
İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı təşkil olunmuş sərgini həmin tədbirlərin
bariz nümunəsi kimi qiymətləndiriblər. Özbəkistan
Rəssamlar İttifaqının üzvü Dilorom Mamedova, Mədəniyyət və İncəsənət
Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədova,
Azərbaycan Rəssamlar İttifaqının üzvləri Cavid Məmmədov, Fərhad Yalquzaq və
başqaları çıxış edərək əvvəlcə Xalq şairi İsmayıl Şıxlının 100 illiyi
münasibətilə təşkil olunmuş sərgidə iştirak etdiklərinə və əl işlərinin nümayiş
olunduğu üçün özlərini şanslı hesab etdiklərini, qürur və fəxarət hissi
keçirdiklərini söyləyiblər. Qazax haqqında təəssüratlarını bölüşən rəssamlar son
illər Qazaxda olan inkişafı, yenilikləri yüksək qiymətləndiriblər. Qazaxın
füsunkar təbiətə malik olduğunu, insanlarının səmimi münasibət bəslədiklərini
xüsusilə qeyd edərək onlara olan diqqət və qayğıya, qonaqpərvərliyə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar. Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev çıxış
edərək bildirib ki, Prezident İlham Əliyevin İsmayıl Şıxlının 100
illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın icrasından irəli
gələn vəzifələr görkəmli şəxsiyyətin doğulduğu Qazax rayonunda da uğurla icra
olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubiley tədbirinin yüksək səviyyədə
təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli
Sərəncamın imzalanması, həmin Sərəncama əsasən xüsusi Tədbirlər Planının
hazırlanması bunun ən bariz nümunəsidir. O.Əliyev Tədbirlər Planında yer alan
tədbirlərdən birinin Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş rayon
məktəbliləri arasında keçirilən bilik yarışının olduğunu qeyd edib. Bildirib
ki, bilik yarışının keçirilməsində əsas məqsəd məktəblilərin Xalq yazıçısının
həyat və yaradıcılığı haqqında bilik və bacarıqlarını artırmaq idi ki, biz buna
nail olduq. O, breyn-rinq haqqında ətraflı məlumat
verərək ilk olaraq 8 may 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam
orta məktəbdə, 10 may 2019-cu il tarixdə isə İ.Nəsibov adına Aşağı Əskipara
kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin
iştirakı ilə bilik yarışlarının zona
mərhələsinin keçirildiyini bildirib. 23
may 2019-cu il tarixdə isə şəhər məktəblərindən S.Əfəndiyev adına
1 saylı, S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı tam orta məktəblər və
M.Hüseyn adına məktəb-lisey, kənd məktəblərindən isə Ş.Nəsibova adına Sarıvəlli,
M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı və S.Nəsirov adına
Ürkməzli kənd tam orta məktəblərin komandaları arasında bilik yarışının
rayon mərhələsinin təşkil olunduğunu vurğulayıb. Yarışa 8 komanda (hər
komandada 5 nəfər) olmaqla 40 nəfər məktəblinin qatıldığını qeyd edib. Final mərhələsində yekun
nəticəyə görə S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandasının I
yerə, M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandasının II
yerə, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin komandasının isə III yerə
layiq görüldüklərini bildirib. Məqalə müsabiqəsi ilə bağlı yaradılmış işçi
qrupunun üzvü, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Nüşabə Yaqubova çıxış edərək müsabiqə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Yazılan məqalələrdə gənclərin İsmayıl Şıxlı şəxsiyyətinə, onun yaradıcılığına, əsərlərinə
verdikləri qiymətin, Xalq şairinə olan sonsuz sevginin əks olunduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, istər yazılan məqalələrdə, istərsə də bu gün sərgilənən
rəsmlərdə görkəmli şəxsiyyətə verilən dəyər bir daha nümayiş olundu. Gənclər
bir daha sübut etdilər ki, illər keçsə də İsmayıl Şıxlı kimi böyük şəxsiyyət qəlblərdə
əbədi olaraq yaşayacaqdır. Onun kişilik məktəbi bundan sonra da yetişməkdə olan
gənc nəsil üçün əsl örnək olacaqdır. N.Yaqubova məqalə müsabiqəsinin şərtlərindən
söz açaraq yekun nəticəyə görə Bakı Dövlət Universiteti Qazax filialının Azərbaycan
dili və ədəbiyyat ixtisasının III kurs tələbəsi Nicat Bədəlovun I yerə, Bakı
Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi Leyla Məmmədovanın
II yerə, Bakı Dövlət
Universiteti Qazax filialının Sosial iş ixtisasının (2-18) I kurs tələbəsi Musa
Paşayevin isə III yerə layiq görüldüyünü bildirib. Sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik
yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri hədiyyələrlə
mükafatlandırılıblar. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq Sərəncamı ilə məqalə
müsabiqəsinin qalibləri Nicat Bədəlov, Leyla Məmmədova, Musa Paşayev, rəsm müsabiqəsinin
qalibləri Aynurə Mustafayeva, Mərziyyə İbrahimova, Şəbnəm Əliyeva Fəxri
Fərmanla təltif olunublar. Rayonumuzda
qonaq olan Özbəksitan və Qazaxıstan rəssamlarına Xalq şairi İsmayıl Şıxlının
100 illiyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim edilib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq hər üç
müsabiqənin qaliblərini bir daha təbrik edib. İsmayıl Şıxlı yaradıcılığına,
bütövlükdə qazaxlı ziyalılara verilən dəyərə görə ölkə başçısı İlham Əliyevə və
rayon rəhbərliyinə ziyalılar adından sonda bir daha minnətdarlığını
bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş