Gözün aydın Vətən, Qazax da bütövləşir!
4 kəndin azadlığına qovuşması rayonda möhtəşəm təntənələrlə qarşılanıb
Respblika mətbuatı Qazax haqqında
Hər dəfə Qazaxa, xüsusilə Qazaxbəyli kəndinə yolum düşəndə şəhid həmkarımız, jurnalist dostum, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevlə rayon icra hakimiyyətinin binası qarşısındakı söhbətimiz yadıma düşür.
– Alı, nə var, nə yox? Kəndinizə – Qazaxbəyliyə gedirəm, gəl səni də aparaq...
Rəhmətlik duruxdu, qıyılmış gözlərinin dərinliyində bir kədər hiss etdim.
– Sən özün get, qardaş. Xəbər göndərim bizimkilər də qulluğunda dursunlar. Mən isə son vaxtlar doğma kəndimə gedə bilmirəm...
Bir qədər susub qəhərini boğandan sonra sözünə davam elədi:
– Görün iş nə yerə çatıb ki, quduz erməni millətçiləri Ermənistandan sonra soydaşlarımızı Azərbaycanın sərhəd kəndlərindən də qovmağa başlayıblar. Silahlı quldurların yandırdıqları, uşaqlarını öldürdükləri, sakinlərini ev-eşiklərindən qovduqları Qazax kəndlərindən bizim obaya da gələnlər var. Onların üzünə baxa bilmirəm, söhbətlərindən dəhşətə gəlirəm. Soruşurlar ki, bizi kəndimizə nə vaxt qaytaracaqlar. Kimdən soruşasan? Ölkədə vəzifə, hakimiyyət davası gedir. Güclü havadarları olan ermənilər də bildiklərini edirlər. Əlimdən gələn odur, ki, Azərbaycan Televiziyası üçün geniş bir film hazırlayım, ermənilərin vəhşiliklərini bütün dünyaya yayım...
Bəli, qeyrətinə boğulan həmkarım haqlı idi. Ermənilər xalqımızı artıq öz ölkəsindən də qovmağa başlamışdılar. Dediyi filmi hazırlamaqda olan Alı Mustafayevin də içində olduğu, Xocavəndin Qaradağlı kəndində törədilmiş soyqırım yerinə gedən hərbi vertolyot Azərbaycanın ortasında raketlə vurulub məhv edilmişdi.
Xatırladaq ki, ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsi başlanarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində olmuşdu. O zaman, dəqiq desək, 1990-cı il martın 23-dən 24-ə keçən gecə Bağanıs Ayrım hərtərəfli hazırlanmış hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında sakinlər vəhşiliklə qovulmuş, kənd işğal olunmuşdu. Hücum zamanı kəndin əliyalın, dinc əhalisinə qarşı qətliam törədilmişdi. 10 nəfər öldürülmüş,15 nəfərdən çox insan yaralanmışdı. Bir ailənin 5 üzvü xüsusi amansızlıqla qətlə yetirilib yandırılmışdı. Kəndin 100-dən çox evi qarət olunmuş, əmlak və mal-qara talan edilmişdi...
Bir neçə il qabaq Qazaxın sonuncu sərhəd kəndi olan Quşçu Ayrıma getmişdim. O zaman qəribə hisslər keçirmişdim. Qəzetdə dərc olunan “Necəsən, sərhəd kəndi?” yazısında da göstərmişdim ki, Qazax qəzasında Ayrım adlı 2 kənd olub. Onları bir-birindən fərqləndirmək üçün Quşçu kəndinin yaxınlığında olan Quşçu Ayrım, Bağanısın yaxınlığındakı isə Bağanıs Ayrım adlanıb. Quşçu Ayrımdan Bağanıs Ayrıma baxanda fikirləşirdim ki, görəsən, elə bir gün gələcəkmi, biz o biri Ayrım tərəfə keçə bilək?
İndi o gün gəldi! Bu, artıq arzu, xəyal deyil, gerçəkdir! Ölkə Prezidenti İlham Əliyevin yurdsevərliyi, uzaqgörənliyi, məharəti və iradəsi nəticəsində 34 il düşmən tapdağında qalmış 4 kəndimiz – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı, nəhayət, Azərbaycana qaytarıldı! Azğın düşməni buna Azərbaycanın Vətən sevgisi və güc-qüdrəti məcbur etdi.
...Bu güc-qüdrətin nəticəsidir ki, Gəncədən Qazaxa kimi elə bir geniş, rahat yol çəkilib ki, adamda böyük sevinc, haqlı iftixar doğurur. İpək yolunun bir hissəsi olan bu magistral beynəlxalq səviyyəlidir. Qazaxdan bir qədər keçib digər magistrala daxil oluruq. Uzaqdan Qazaxbəyli kəndi görünür. Yolumuz oradır. Çünki ermənilərin işğal etdikləri və dünən artıq özümüzə qaytarılan kəndlərin sakinlərinin böyük bir qismi burada yaşayır.
Bir neçə il bundan əvvəl istifadəyə verilən, 304 ailənin yaşadığı qəsəbə kənddən daha çox şəhərə oxşayır. Asfalt yol, park və xiyabanlar, çoxmərtəbəli binalar, uşaqlar üçün əyləncə məkanları burada məskunlaşanlara hər cür rahatlıq gətirib. Azadlığına qovuşan kəndlərin hamısından burada məcburi köçkün ailəsi var.
Qəsəbəyə 500-600 metr qalmış musiqi sədaları eşidirik. Yaxınlaşdıqca çal-çağır coşğusu bir az da artır. Gördüyümüz mənzərəni sözlə ifadə etmək çətindir. Hamı bir-birini təbrik edir, qucaqlaşır, qol-qola tutub yallı gedir. Əllərdəki bayraqlar başların üstünə qaldırılıb sevinclə dalğalandırıldıqca möhtəşəm bir görüntü yaradır. Binalarının eyvanlarına çoxlu sakin çıxıb. Hərə sevincini coşğu ilə bölüşür. Kənarda dayanıb şənlənən, rəqs edən, mahnı oxuyan gənclərə baxaraq gülümsəyən orta yaşlı bir nəfərə yaxınlaşırıq.
Aşağı Əskipara kənd sakini Tofiq Qasımov gəncləri göstərərək deyir:
– Bu cavanların çoxu heç ata-babalarının kəndlərini görməyib. Evdə onlara o qədər Bağanıs Ayrımdan, Xeyrımlıdan, Qızılhacılıdan və o biri işğal olunmuş kəndlərdən danışmışıq ki, sanki, ruhən o yerlərə bağlanıblar. O yerlər bizə babaların müqəddəs əmanəti idi. Bizim öz kəndlərimizə möhkəm bağlılığımız erməni qəsbkarlarını yandırıb-tökürdü. Elə buna görə də bizim o isti yuvalarımızı nifrətlə oda qaladılar.
Mən özüm Aşağı Əskipara kəndindənəm. Nələr görmüşük, danışmaqla qurtaran deyil. 14 iyun 1992-ci ildə işğal olunan sonuncu kənd Aşağı Əskiparadır. Məcburi köçkün düşən kənd sakinləri həmin qanlı günləri böyük kədər hissi ilə xatırlayır, dünyasını dəyişənləri ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi Qazaxdakı şəhidlər qəbiristanlığında dəfn olunub. İndi azad olunan Aşağı Əskipara o kənddir ki, bir gündə 6 şəhid verdi. Bu gün Aşağı Əskiparanın 14 şəhidi var. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adını alıb, 2 nəfər ordenlə təltif olunub.
Biz illər idi ki, bu kəndlərə baxıb köksümüzü ötürürdük. Axı nə vaxtadək bunların belə işğalçı hərəkətlərinə dözməli idik? Doğrusu, Ali Baş Komandanın, sevimli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Qarabağı işğaldan azad edəndə bizim də ümidlərimiz artdı. Bilirdik ki, Qazaxın da torpaqları azad ediləcək və Prezidentimiz buna çalışır. İndi budur, həmin gün gəlib çatdı! Heç bilirsiniz xəbəri eşidəndən hansı hisslər keçiririk?! Burada analar, atalar var ki, yaşları 1 əsrə çatır. Hər gün gözləri yol çəkir. Deyirlər ki, biz o torpaqları görməsək, bu dünya ilə vidalaşa bilmərik, ruhumuz şad olmaz.
Bugünədək bizim Əskiparanın 1515 sakini məcburi köçkün həyatı yaşayır. Qazaxbəylidən başqa, digər kəndlərdə, respublikamızın bir çox şəhər və rayonlarında məskunlaşanlar da var. Hamısı bizə zəng edir, sevindiyindən uşaq kimi ağlayır.
...Yaşayış binalarının qarşısından keçən yola yüzlərlə sakin çıxıb. Az adam olar ki, əlində Azərbaycan bayrağı tutmasın. Yaşlı bir qadın gözlərində sevinc yaşları bilmirdi ki, oynasın, yoxsa mahnı oxusun, rəqs etsin. Kişilər baş-başa verib kəndlərinə necə qayıdacaqlarından danışırdılar.
Zirəddin Yusifov, Xeyrımlı kəndinin sakini, məcburi köçkün bildirdi:
– Bizim kənddən köçkünlərin sayı hazırda 320 nəfərə çatıb. Bu qəsəbədə yaşayanlardan başqa rayonun digər kəndlərinə, necə deyərlər, səpələnənlər də var. Köçkünlük qədər ağır həyat yoxdur. Düzdür, Allah Prezidentimizin canını sağ eləsin, bir neçə il qabaq bizim üçün bu gördüyünüz qəsəbəni inşa elədi. Hər bir şəraitimiz var. Amma öz torpaqlarımızı istəyirdik. Necə sevinməyək ki, artıq arzumuza çatmışıq. Xeyrımlı torpağını öpəcəyimiz günü gözüm önünə gətirəndə kövrəlirəm.
Qeyd edək ki, əslində, bu kəndin keçmiş adı Dil Xeyrımlıdır. Toponim Xeyrmlı tayfasının adından götürülüb. 1990-cı ilin martından sonrakı 2 ildə vaxtaşırı atışmalar olsa da, kənd işğal edilməmişdi. 1992-ci il martın 8-də Xeyrımlı, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızılhacılı, 14-də isə Aşağı Əskipara kəndlərini ermənilər işğal etdilər. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməyə məcbur oldu.
Şənlikdən bir nəfər aralanıb bizə yaxınlaşdı. O, jurnalist olduğumuzu bilib özünü təqdim etdi, Qızılhacılı kənd sakini Xasməmməd Mustafayev olduğunu söylədi:
– Bizim bu gözəl günümüzə şahidlik etdiyiniz üçün sağ olun, Qızılhacılı kəndini Qarabağ müharibəsi dövründə ermənilər tam işğal edib və dağıdıblar. Düzdür, sonralar kəndin böyük bir hissəsi işğaldan azad olunsa da, dünənədək digər hissəsi hələ də cəbhə xəttində yerləşirdi. 2010-cu ilin yanvar ayında erməni quldurlar daha bir vəhşilik törədərək gecə vaxtı kənd qəbiristanlığına soxuldular. 30 məzar tamamilə dağıdıldı. Hətta, bir gün əvvəl dəfn edilən sakinimizin məzarının üzərinə taxtadan hazırlanmış xaç işarəsi qoydular. Bunları ona görə bir daha xatırladıram ki, bu torpaqların ermənilərdən azad edilməsi təkcə bu günün qələbəsi deyil, gələcək nəsillərin də bu yırtıcılardan azad olunmasıdır.
Qızılhacılı sakini onu da əlavə etdi ki, hazırda 331 nəfər məcburi köçkün var və onların hamısı doğma torpağa qayıtmaq arzusu ilə yaşayırlar: “Sağ olsun Prezidentimizi, indiyədək nə demişdi, hamısını elədi, xalqını, torpağını hədsiz sevən bir dövlət başçısı kimi vədlərini həyata keçirdi.
…Bir məsələni də qeyd edək ki, strateji mövqeyi olan Bağanıs Ayrım İcevan – Noyanberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etmək üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib. Kənd işğal olunan zaman burada 600 nəfər yaşayırdı. Sonralar qonşuluqda olan Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı kəndləri də qeyd etdiyimiz kimi işğal olundu.
Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan bu kəndlərin əsrarəngiz təbiəti, çoxsaylı bulaqları olub. Bu kəndlərdən zorakılıqla çıxardılan insanlar indi doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
…Qazaxdan qayıdarkən rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova ilə əlaqə saxladıq. Dedi ki, təkcə Qazaxbəylidə yaşayan köçkünlər deyil, rayonun digər kəndlərində məskunlaşanlar da böyük sevinc içərisindədirlər. Bu toy-bayrama bütün rayon qoşulub. Ölkəmizin ərazi bütövlüyü daxilində Qazaxın torpaqları bütövləşdi. Bütün qazaxlılar bu tarixi qələbəni xalqımıza, eyni zamanda, bizə bəxş edən Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə edirlər. Bu toy-bayramın bir adı da qədirbilənlik, qalib liderinə sonsuz sevgidir. Bütün rayonumuz dövlət başçımızın uğurlu siyasətinin nəticəsi olan növbəti qələbəmizi alqışlayır. Nəhayət haqq-ədalət zəfər çaldı. Bu zəfəri bizə bəxş edən dövlət başçımız, ordumuz, xalqımız çoxəsrlik tariximizin ən parlaq səhifəsini yazdılar.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Gəncə–Qazax–Gəncə
21 aprel 2024-cü il
https://xalqqazeti.az/uploads/pdf-files/77964/xalqqazeti-21.04.2024.pdf
https://xalqqazeti.az/az/sosial-heyat/175376-gozun-aydin-veten-qazax-da-butovlesir
Facebook-da paylaş