• Təqvim

  • Maraq



İcra başçısı Qazaxda işgüzar səfərdə olan rəssamlarla görüşüb

Bu gün Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda işgüzar səfərdə olan rəssamlarla görüş keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan gənc rəssamlarla yanaşı, Özbəkistan və Qazaxıstandan olan rəssamlar da iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək rayonumuzda qonaq olan rəssamları salamlayıb, görüşlə bağlı xoş sözlərini çatdırıb. Rayon rəhbəri Azərbaycanda mədəniyyət sahəsinə, xüsusilə də gənc rəssamlara göstərilən dövlət qayğısından söz açıb. Bu gün ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə, o cümlədən də xüsusi istedadı olan gənclərə hər zaman dəstək olduqlarını bildirib. Onların əl işlərindən, rəsmlərindən ibarət sərgilərinin təşkil olunması, öz potensiallarını artırmaları üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. İcra başçısı Qazaxda da bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Qeyd edib ki, təhsildən sonra ikinci bir sahə var ki, o da mədəniyyət sahəsidir. Çalışırıq ki, rayonda bu sahə daim inkişaf etsin və qazaxlı gənclər, xüsusilə də rəssamlıqla məşğul olan gənclər mədəniyyətimizin inkişafına öz töhfələrini bəxş etsinlər.

İcra başçısı Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən danışaraq Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda təşkil olunacaq sərginin həmin əlamətdar tədbirlərin davamı olduğunu bildirib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov səfər barədə məlumat verərək "Göyəzən” dağının ətəyində, "Damcılı” mağarasında olduqlarını bildirib. Rəsm əsərləri, etüdlər çəkdiklərini və artıq işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Eyni zamanda, çəkilmiş həmin rəsmlərdən ibarət Qazax Dövlət Rəsm Qalereyasında Xalq şairi İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş sərginin təşkil olunacağını söyləyib. Bundan əlavə, səfər çərçivəsində Qazaxın digər gəzməli, görməli yerləri, eləcə də rayonla ətraflı tanış olduqlarını vurğulayıb.

Sonra rayon rəhbəri gənclərlə səmimi söhbət edərək onların Qazaxla bağlı təəssüratlarını öyrənib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədova, Azərbaycan Rəssamlar İttifaqının üzvlərindən Aynurə Mustafayeva, İslam İsrafilov, Xanlar Əsədullayev, Nazim Məmmədov, Fərhad Yalquzaq, Nəzrin Xələfova, Günel Ravilova, Cavid Məmmədov, Rusiyada rəssamlıq təhsili almış rəssam Ruslan Kovalyov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrindən Nərgiz İbrahimova, Südabə İbadlıElnarə Xanlarova çıxış edərək Qazax haqqında təəssüratlarını bölüşüblər. Son illər rayonda olan inkişafı, yenilikləri vurğulayan gənc rəssamlar bütün bunları yüksək qiymətləndiriblər. Qazaxın füsunkar təbiətə malik olduğunu, insanlarının səmimi münasibət bəslədiklərini xüsusilə qeyd edərək onlara olan diqqət və qayğıya görə razılıqlarını bildiriblər. Qeyd ediblər ki, biz rəssamlar hər zaman sərbəstliyə üstünlük veririk. Biz Qazaxda olan bu müddətdə sərbəstliyin, rahatlığın, insanların bir-birinə olan səmimi münasibətinin şahidi olduq. Hər birimiz diqqət və qayğını hiss etdik. Bugünkü görüş də bir daha bunu təsdiqlədi. Sizlərin bizə vaxt ayırıb görüşməyiniz, bizimlə olan səmimi söhbətləriniz biz gənc rəssamlara olan qayğı deməkdir. Çıxış edənlər onlara olan bu cür yüksək qayğıya görə minnətdarlıqlarını bildirib, bu görüşün onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Özbəkistan Rəssamlar İttifaqının üzvü Dilorom Mamedova və qazaxıstan rəssam Saparbek Kasen də Qazaxla, bugünkü görüşlə bağlı ürək sözlərini çatdırıblar. Qazaxda olan qonaqpərvərliyə, səmimi və isti münasibətə görə təşəkkürlərini ifadə ediblər. Qazaxda təşkil olunacaq sərgidə onların əl işlərinin də nümayiş olunduğu üçün qürur və fəxarət hissi keçirdiklərini söyləyiblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq gənc rəssamlara gələcək işlərində uğurlar arzulayıb. Qazaxda rəssamlıqla məşğul olan yeniyetmələrin bu sahəyə olan maraqlarının daha da artırılması baxımından bu cür görüşlərin, səfərlərin böyük əhəmiyyət daşıdığını vurğulayaraq belə görüşlərin mütəmadi olaraq keçirilməsini tövsiyə edib.

Sonda xatirə şəkli çəkdirilib.






GOYEZEN.AZ



Facebook-da paylaş