• Təqvim

  • Maraq



Qazaxda şəhidlərimizin məzarları ziyarət olunub


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi sayəsində bu günlərdə xalqımız növbəti dəfə böyük sevinc və qürur hissi yaşayır. Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir qələbəsidir və bu qələbəni də bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi.

Aprelin 24-də Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, bu günlərdə geri qaytarılması barədə razılıq əldə olunan 4 kəndin, eləcə də Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin sakinləri, şəhid ailələri Hüseynbəyli kənd qəbiristanlığında igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, əziz xatirələrini ehtiramla anıblar.

Əvvəlcə şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzülüb, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına Quran oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi yad edilib.

Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək uzun illər Vətən həsrəti çəkən sakinləri təbrik edib, səmimi ürək sözlərini bölüşüb. “Bu gün şəhidlərimizin ruhu şaddır”, - deyən icra başçısı igid Vətən oğullarına Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə şəfa tapmalarını arzu edib. İcra başçısı bildirib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini yaşatdı. 


Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın bu günlərdə xalqımıza daha bir sevinc bəxş etməsi ilə hər bir ölkə vətəndaşının qürur duyduğunu qeyd edib. 19 aprel 2024-cü il tarixinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi yazıldığını söyləyib. İcra başçısı vurğulayıb ki, aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında danışıqlar zamanı Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizn və onun rəhbərinin növbəti qələbəsi, uğurudur. İcra başçısı Qarabağda həyata keçirilən “Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağdan və Şərqi Zəngəzurdan olan minlərlə sakinin öz dədə-baba torpaqlarına geri qayıtdığı kimi, Qazaxın kəndlərinin sakinlərinin də yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov çıxış edərək bu günlərdə geri qaytarılması barədə razılıq əldə olunan 4 kəndin, eləcə də digər 3 kəndin sakinlərinə gözaydınlığı verib, səmimi ürək sözlərini, təbriklərini çatdırıblar. Hüquq-mühafizə orqanlarının rəhbərləri sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıblar. Bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıblar.  

Yuxarı Əskipara kənd sakini Nüsrət Hacıyev, Aşağı Əskipara kənd sakini Tofiq Qasımov, Qızılhacılı kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev və başqaları çıxış edərək doğma yurdlarına qayıtmaq, o xoşbəxt anları yaşamaq üçün gün saydıqlarını söyləyiblər. O günün isə elə də uzaqda olmadığını vurğulayıblar. Çıxış edənlər hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına əmin olduqlarını söyləyiblər. “19 aprel bizim yaddaşımıza əbədi həkk olundu”, - söyləyən sakinlər bu günü onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş