• Təqvim

  • Unutma

  • Maraq



Xoreoqrafiya Akademiyasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ilə bağlı elmi sessiya təşkil olunub


GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiya keçirib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, elmi sessiya Prezident İlham Əliyevin görkəmli ədibin yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama müvafiq olaraq təşkil edilib.

Tədbiri akademiyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev açaraq Xalq yazıçısı İsmayıl Şıxlının ömür yolu, fəaliyyəti və zəngin yaradıcılığından bəhs edib. Qeyd edib ki, şəxsiyyəti yetişdirən, formalaşdıran ilk növbədə onu əhatə edən mühitdir. Xalq yazıçısı da Azərbaycana böyük ziyalılar, maarifçilər və istedadlı sənətkarlar bəxş edən və folklor dünyası ilə seçilən Qazax mühitindən çıxıb. Yazıçının yaradıcılığı üçün Qazax ədəbi-mədəni mühiti ilk qaynaq olub.

Professor vurğulayıb ki, İsmayıl Şıxlının yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin, ilk növbədə Prezidentimizin görkəmli yazıçılarımıza verdiyi yüksək dəyərin nümunəsidir.

Tədbirdə, həmçinin Əməkdar incəsənət xadimi, professor Maral Manafova "İsmayıl Şıxlının həyat və yaradıcılığı”, BXA-nın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva "Dəli Kür” romanında azərbaycançılıq ideyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva "İsmayıl Şıxlı yaradıcılığında milli xarakter konsepsiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova "Dəli Kür” filmində maarifçilik ideyasının təcəssümü” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda İsmayıl Şıxlının "Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş olunub.



Facebook-da paylaş