• Təqvim

  • Maraq



Onların adları qəlbimizdə əbədi yaşayacaq

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasalar da, ürəklərimizdə, qəlbimizdə hər zaman əbədi yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Arzu Məmmədovun, Asif Qarayevin, Vidadi Göşşüyevin, Əli Yunisovun, Fərman Əliyevin, Akif İsmayılovun, baş gizir Arif Kazımovun, Niftalı Vəliyevin, leytenant Mayis Yaqubovun, İlham İsmayılovun, Məmməd Rəhimovun, leytenant Musa Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Məmmədov Arzu Mustafa oğlu


Məmmədov Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.

Qarayev Asif Safaləddin oğlu


Qarayev Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1988-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1991-ci ildə Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbin III kursundan ordu sıralarına getmişdir. “N” saylı hərbi hissədə xidmət etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Subay idi.

Göşşüyev Vidadi Mürsəl oğlu


Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə “Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 nömrəli tam orta məktəbə və bir bulağa onun adı verilmişdir.

Yunisov Əli Talıb oğlu


Yunisov Əli Talıb oğlu 24 may 1967-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci ildən şəhid statusu verilib.

Əliyev Fərman İbrahim oğlu


Əliyev Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd (hazırki Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel 1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 

İsmayılov Akif Qabil oğlu


İsmayılov Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya yüksəkliyi uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində əbədi olaraq gözlərini yumur, şəhidlik zirvəsinə ucalır. İgid Vətən oğlu yanvar ayının 19-da doğulduğu Ağköynək kənd qəbiristanlığında dəfn olunmuşdur.

Baş gizir Kazımov Arif Nəbi oğlu


Kazımov Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var. 

Vəliyev Niftalı MTS oğlu


Vəliyev Niftalı MTS oğlu 24 aprel 1959-cu ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 19 aprel 1992-ci ildə Ağköynək kəndində “Nohur” meşəsi deyilən ərazidə minaya düşmüşdür. Evli olub və 2 uşağı var.

Leytenant Yaqubov Mayis Rəhim oğlu


Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 

“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 

İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. 08.11.2021-ci ildə həmin bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

İsmayılov İlham Məhəmməd oğlu


İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var. 

Rəhimov Məmməd Məhəmməd oğlu


Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.

Leytenant Vəliyev Musa Rəşid oğlu


Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.



Facebook-da paylaş