• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Beynəlxalq Elmi–Praktiki Konfrans keçirilib


Aprelin 19-da Bakı Dövlət Universitetinin Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) 2-ci Beynəlxalq Elmi-Praktiki konfransının regional bölməsinin iclası olub. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilib.


BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görülüb və müvafiq qanunvericilik bazası formalaşdırılıb. A.Rüstəmov 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib. Bildirib ki, Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlər mühüm yer tutur. Natiq bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu da vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək konfransın sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və onlar üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıdığını bildirib. Qeyd edib ki, inklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaradır. 

Bakı Dövlət Universitetinin prorektoru Şahin Pənahov öz çıxışında ölkəmizdə inklüziv təhsil mühitinin yaradılmasından bəhs edərək təhsilin hamı üçün əlçatan olmasının  vacib olduğunu bildirib, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin dekanı Sevinc Axundova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək inklüziv təhsil sahəsində görülən işlərdən söz açıblar.

Sonra məruzələr dinlənilib. BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov “Fiziki məhdudiyyətli şagirdlərlə fiziki tərbiyə fənninin təşkili”, BSU-nun İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova “Ali təhsil müəssisələrində inklüziv təhsilin məzmununun təkmilləşdirilməsi”, BDU-nun Qazax filialının Pedaqoji fənlər kafedrasının baş müəllimi Lamiyə Hacımuradova “Azərbaycanda inklüziv təhsilin inkişafı”, Gəncə Dövlət Universitetinin müəllimi Göyçək Pirverdiyeva “İnklüziv təhsili vacib edən əsas xüsusiyyətlər”, BDU-nun Qazax filialının müəllimlərindən Ayşən Qasımova  “Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası, Nuridə Quliyeva “İnklüziv siniflərdə ibtidai sinif şagirdlərinin   sosiallaşması”, Vəfa İlyasova “İnklüziv təhsilin məktəb səviyyəsində təşkilinə verilən tələblər”, Gövhər Məmmədtağıyeva “İnklüziv siniflərdə autizm spektrli şagirdlərin adaptasiyası“, Ələviyyə Ömərova “İnklüziv siniflərdə tədrisin təşkili”, Gülnar Abdullayeva “İnklüziv təhsilin əsas partnyorları” və Aybəniz Murğuzova “İnklüziv təhsilin əmək bazarına uyğunlaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələr slaydlarla təqdim olunub.

Tədbirin sonunda bölmə iştirakçılarına Sertifikatlar təqdim edilib.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş