• Təqvim

  • Maraq



“İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə iştirakçıları ilə görüş keçirilib


Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən yubiley tədbirinə hazırlıq işləri uğurla davam etdirilir. Belə ki, Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncama əsasən rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması, bundan əlavə, həmin Sərəncama əsasən tədbirlər planının hazırlanması bu dediklərimizin əyani sübutudur. Eyni zamanda, yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 14 fevral və 13 mart 2019-cu il tarixlərdə rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi tanınmış ədəbiyyatşünasa verilən ən böyük dəyərdir.

Həmin tədbirlər silsiləli şəkildə davam etdirilir. Görkəmli yazıçının həyat və fəaliyyətini, keçdiyi böyük yaradıcılıq yolunu işıqlandırmaq, onunla bağlı xatirələri geniş tamaşaçı kütləsinə çatdırmaq məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Əbədiyyət heykəli” adlı sənədli filmin çəkilməsi, rəsm və məqalə müsabiqələrinin keçirilməsi bu istiqamətdə görülən işlərdəndir.

Ötən yazımızda da Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş "İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə ilə bağlı məlumat vermişdik.

Bu gün müsabiqədə iştirak edəcək gənclərin bir qrupu ilə görüş keçirilib. Məqalə yazan gənclərdən Bakı Dövlət Universiteti Qazax filialının II kurs tələbəsi Fəridə İsgəndərova və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin I kurs tələbəsi Tutu Qocayevanın məqalələri ilkin olaraq dinlənilib. Yazılar ətrafında müzakirələr aparılıb, gənclərə bəzi tövsiyələr verilib.




GOYEZEN.AZ



Facebook-da paylaş