• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş film çəkiləcək


Respublika Prezidenti İlham Əliyevin imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncama əsasən Xalq yazıçısı, görkəmli nasir, tanınmış ədib və pedaqoq, ictimai xadim İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır. Bununla əlaqədar Qazax rayonunda da silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Görkəmli yazıçının həyat və fəaliyyətini, keçdiyi böyük yaradıcılıq yolunu işıqlandırmaq, onunla bağlı xatirələri geniş tamaşaçı kütləsinə çatdırmaq məqsədilə film çəkilməsi qərara alınıb. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkiləcək sənədli film "Əbədiyyət heykəli” adlanır.

Filmin ssenarisi "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınıb. Ssenaridə İsmayıl Şıxlının mübarizələrlə dolu olan həyatına nəzər salınıb, görkəmli ədib haqqında respublikamızın tanınmış elm və incəsənət xadimlərinin fikirlərinə geniş yer verilib. Tanınmış şair və yazıçıların, ailə üzvlərinin, tələbələrinin xatirələri ssenaridə öz əksini tapıb.

Filmin quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubovdur.

Filmə hazırlıq işləri artıq başa çatmaq üzrədir. Yaxın günlərdə yaradıcı heyət filmin çəkilişinə başlayacaqdır. Filmin çəkilişləri Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərində, Kür çayının sahilində, Qazax Müəllimlər Seminariyasının binasında, Bakı şəhərində aparılacaqdır.

GOYEZEN.AZ



Facebook-da paylaş