• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev və tarixi irsimiz” başlıqlı tədbir keçirilib


Aprelin 17-də 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssislərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və tarixi irsimiz” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllim və şağirdləri, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisləri, Mərkəzin əməkdaşları iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Qazax rayonunda yerləşən abidələri və onlar haqqında geniş məlumatı özündə əks etdirən slayd-prezentasiya nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında məlumat verib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəni irsimizin qorunub- saxlanmasına, bərpasına və təbliğinə göstərdiyi böyük diqqətdən danışıb. C.Hüseynova bildirib ki, ölkəmizdə yerləşən maddi-mənəvi, tarixi-memarlıq və arxeoloji abidələrin qorunub saxlanması, dünyada tanıdılması, gələcək nəsillərə çatdırılması hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub, bu istiqamətdə misilsiz işlər görülüb. Məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bir çox tarixi, maddi- mənəvi irsimiz unudulmaqdan, məhv olmaq təhlükəsindən qurtulub, dövlət səviyyəsində nəzarətə götürülüb və bərpa edilərək qorunub, təbliğ edilib, dünyaya çatdırılıb. Dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından biri məhz tarixi abidələrimiz təşkil etdiyindən tarixi abidələrimiz məhz Ulu öndərin rəhbərliyi dövründə ən yüksək inkişaf səviyyəsinə çatıb. Eyni zamanda tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonunun prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. 


Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisi Səadət Aliyeva çıxış edərək bildirib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir.

Sonra Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri Səidə Qurbanzadə, Duyğu Kosayeva, Ayişə Muradlı, Kəmalə Şahquluyeva, Xədicə Abdalova, İlkin Musayev, Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Aybəniz Qurbanzadə, Ayan Məmmədova, Sevgi Zeynallı, Nicat Abdullayev tarixi abidələrin bir neçəsi haqqında apardıqları araşdırma məlumatları və şeirlər söyləyiblər. 

Tədbir şagirdlərin Qazax rayonunda yerləşən bir sıra abidələr haqqında maraqlı suallarının Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisləri tərəfindən cavablandırılması ilə başa çatıb.



Facebook-da paylaş