Qazaxda səfərdə olan “Gənc alimlərin yay düşərgəsi”nin iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə 21-26 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” keçiriləcəkdir. Düşərgənin keçirilməsində məqsəd 2025-ci il “Konstitusiya və Suverenlik İli” çəçivəsində magistr, gənc alim və tədqiqatçıları bir araya gətirərək onların ideoloji hazırlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və yeni biliklərin əldə edilməsidir. “Gənc alimlərin yay düşərgəsi”nə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb. Avqustun 22-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi Məhəmməd Xəlillinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimovun, Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının sədri Elmir Babayevin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, rəis müavini Elçin Cəfərovun, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar. Ekskursiya zamanı düşərgə iştirakçılarına "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, Xalq şairi Səməd Vurğunun Poeziya evi, Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin önündə Molla Pənah Vaqifin abidəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında dolğun, əhatəli məlumatlar verilib. Günün birinci yarısında təşkil edilmiş ekskursiyaya "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialından start verilib. Gənc alimlər buradan xoş təəssüratla ayrılıblar. Gənc alimlərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var. Ekskursiyanın növbəti dayanacağı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialı olub. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənc alimlərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Qazax rayonunda üç dünya əhəmiyyətli abidə vardır ki, onlardan biri və ən qədimi “Avey” qoruğu ərazisində yerləşən Damcılı mağarasıdır. Paleolit dövrünə aid olan Damcılı mağarası çox dövrlüdür. Bu ərazilərdə 1953-cü ildən etibarən Məmmədəli Hüseynov tərəfindən arxeoloji tədqiqatlar aparılmış və tapılan maddi-mədəniyyət nümunələri əsasında sübut edilmişdir ki, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara var. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən böyüyü və önəmlisi Damcılı mağara düşərgəsidir. Ərazidə ovçuluq və yığıcılıq üçün münbit şəraitin olması nəticəsində burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişlər. Bununla yanaşı bu möhtəşəm dağ silsiləsi ətrafında ovçuluq edib müxtəlif heyvan növlərindən və cürbəcür bitki nümunələrindən istifadə etmişlər. Təxminən 90 min il qədimdən 9 min il əvvələdək burada qaynar həyat yaşanmışdır. Qeyd olunub ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılır. Bundan əlavə, avqustun 9-da ADA Universitetinin Qazax Mərkəzində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat işlərinə və həmin tədqiqatların nəticələrinə əsasən çap olunmuş nəşrlərin təqdimatına həsr olunmuş “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilib. Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evini ziyarət də maraqla qarşılanıb. Gənc alimlərə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb. İştirakçılar Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin önündə Molla Pənah Vaqifin abidəsini də ziyarət ediblər. Gənc alimlərə hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinin keçirildiyi, ənənəvi poeziya bayramına cari ilin iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start verildiyi diqqətə çatdırılıb. Günün ikinci yarısında baş tutan gəzintinin ilk ünvanı 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi olub. Gənc alimlərə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi 2021-ci ildə 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Qeyd edilib ki, Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi Birinci Qarabağ, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlərdə 348 nəfər şəhid verib. Şəhidlərimizin 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq iştirakçıların marağına səbəb olub. Bildirilib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Qeyd olunub ki, Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə mütəmadi olaraq silsilə tədbirlər keçirilir, gənclər, məktəblilər Mərkəzi ziyarət edirlər. Qazaxda qonaq olan gənc alimlər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq onların böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb. Qazax “Cümə” Məscidi ilə tanış olan iştirakçılara məscid barədə ətraflı məlumat verilib, rayon rəhbərliyi tərəfindən məscidin kümbəzində əsaslı təmir işlərinin aparıldığı diqqətə çatdırılıb. Ekskursiya iştirakçıları şəhərin mərkəzində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanını da ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi ziyarət olunaraq tər qərənfillər düzülüb, düşərgə iştirakçıları igid Vətən oğullarına olan ehtiramlarını ifadə ediblər. Gənc alimlərə 2023-cü ilin 7 avqustunda Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib. 1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı magistr proqramları həyata keçirilir. Qeyd olunub ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Proqramın ilk iştirakçılarından seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayanları da var. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilib. Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub. Məlumat verilib ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir. ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır. Rayonumuzda qonaq olan gənc alimlər onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək bugünkü ekskursiyanın təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tərəfindən gənc alimlərə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi haqqında da məlumat verilib. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeydə şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatların əks olunduğu qeyd edilib. Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyinin 5 iyul 2013-cü ildə istifadəyə verildiyi və açılışında Respublika Prezidenti İlham Əliyevin iştirak etdiyi vurğulanıb. Qeyd olunub ki, Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.
Gənc alimlər Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib.
Facebook-da paylaş