İcra başçısı Dəmirçilər su arxında görülmüş işlərlə tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu bir daha sübut edir. Səyyar qəbul zamanı sakinlərin Dəmirçilər su arxında əsaslı təmir işlərinin davam etdirilməsi məsələsinin həll olunması da bu dediklərimizin əyani sübutudur. Ümumi uzunluğu 6000 poqonmetr olan, Dəmirçilər kəndində sakinlərə məxsus həyətyanı və pay torpaqlarını suvarma suyu ilə təmin edən torpaq məcralı Dəmirçilər su arxında əsaslı təmir işləri görülərək 4710 poqonmetr hissəsi polietilen boru ilə əvəz edilmişdir. Aprelin 16-da rayon rəhbəri aidiyyəti nümayəndələrlə birgə Dəmirçilər kəndinə gələrək su arxında görülmüş işlərlə tanış olub və sakinlərlə görüşüb. Sakinlər görülmüş işlərə və onlara göstərilən qayğıya, eləcə də etdikləri müraciətə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





Facebook-da paylaş














