• Təqvim

  • Maraq

Şəhidlik adi ölüm deyil, Vətən uğrunda candan keçməkdir

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------

Vətən müqəddəsdir, əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur. Bu müqəddəs borcu isə Şəhidlik adlı uca bir zirvəyə yüksəlməklə qaytarmaq lazım gəlir. Şəhidlik isə adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu gün hər bir vətəndaş bu borcun nə demək olduğunu yaxşı anlayır və bir an olsun belə bu yolu getməkdən çəkinmir. "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var və sabah da olacaq. Adlarını tarixə şəhid kimi yazdıran bu cür Vətən oğullarını yaxından tanımaq, onların əziz xatirələrini yad etmək isə hər birimizin ən ümdə işi olmalıdır. Çünki şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən İlham İsmayılovun, Məmməd Rəhimovun, leytenant Musa Vəliyevin, leytenant Mayis Yaqubovun, Saleh Həsənovun, Şahin Mustafayevin, çavuş Qoşqar Qurbanovun, əsgər Elfak Daşdəmirovun əziz xatirəsini ehtiramla yad edirik.

İsmayılov İlham Məhəmməd oğlu

İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var.

Rəhimov Məmməd Məhəmməd oğlu

Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.

Leytenant Vəliyev Musa Rəşid oğlu

Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Leytenant Yaqubov Mayis Rəhim oğlu

Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. 08.11.2021-ci ildə həmin bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Həsənov Saleh Hüseyn oğlu

Həsənov Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci ildə Qazax rayonunun Ağköynək kəndində “Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Evli idi. 1 övladı var. Mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir.

Mustafayev Şahin Cəmşid oğlu

Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.

Çavuş Qurbanov Qoşqar Məqsəd oğlu

Qurbanov Qoşqar Məqsəd oğlu 26 aprel 1980-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1987-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1995-99-cu illərdə Qazax rayon Kənd Təsərüfatı Texnikumunda təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-2014-cü illərdə fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Ordu sıralarında müddətsiz hərbi xidmətə daxil olaraq kiçik çavuş rütbəsi ilə xidmət etmişdir. 7 dekabr 2014-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində hərbi vəzifə borcunu yerinə yetirərkən hərbi texnika ilə düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Fərəhli kəndində dəfn edilmişdir. Evli idi. Hazırda həyat yoldaşı Aygül Məmmdova, oğlu Elmir Qurbanov və qızı Hamaya Qurbanova Qazax şəhərində yaşayırlar. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsində adına bulaq kompleksi inşa edilmişdir. Şəhidin vəfatının 4-cü ildönümü günündə həmin bulaq kompleksinin açılışı olmuşdur.

Əsgər Daşdəmirov Elfak Eltun oğlu

Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 10-cu sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Ölkə Prezidentinin"Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgər Elfak Daşdəmirov26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 2021-ci ilin 26 avqustunda Qazaxın Bakı istiqamətindən girişində (Obeliskin yanı) igid Vətən oğlunun adını əbədiləşdirən bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.




Facebook-da paylaş


{sape_links}