Qazaxda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş "Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan" mövzusunda tədbir keçirilib
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. İllər keçsə də daim qəlblərdə yaşayan Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Bu şərəfli ömür ona insanların qəlbində əbədiyaşarlıq qazandırıb. Qırx bir ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır. Aprelin 15-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar "Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan"adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə tər güllər düzülüb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri haqqında geniş məruzə ilə çıxış edib. Rayon rəhbəri bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın bizi cismən tərk etməsindən qırx il ötür. Ulu Öndərimizə mənəvi dayaq, arxa olan Zərifə xanımın bir həyat yoldaşı kimi böyüklüyünün, əvəzedilməzliyinin nəticəsidir ki, Ulu Öndər ömrünün onsuz keçən 18 ilində hər zaman o böyük qadının ruhunu əziz tutdu. Rayon rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı barədə səsləndirdiyi “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında yüksək dəyər qazanmağı bacarıb və əsl insanlıq zirvəsinə yüksəlib”, “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib” dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ulu Öndərin ailə dəyərlərinə böyük qiymət verdiyini bildirib. İcra başçısı vurğulayıb ki, bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün doğulmuşdur Zərifə xanım Əliyeva. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta, tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva 1967-ci ildə atası mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. İnstitutda çalışan dövrdə Zərifə xanım bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Bundan sonra onun fəaliyyəti daha da genişlənmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiş, eyni zamanda fəaliyyəti dövründə bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. İcra başçısı vurğulayıb ki, özündən sonra Zərifə xanım Azərbaycan xalqına çox dəyərli miras, izlər qoymuşdur. Nümunəvi ana olan Zərifə xanım övladlarına yüksək mənəvi əxlaq, liderlik, vətənpərvərlik keyfiyyətləri aşılamışdır. Prezident İlham Əliyevin anası Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi yüksək fikirlər onun həyat cizgilərini gözümüz önündə aydın canlandırmağa imkan verir. “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir”. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı. Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. Rayon rəhbəri ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Respublika Prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixli Sərəncam imzalandığını, 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdiklərini qeyd edib. Qazax rayonunda da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ziyalılarla birgə bir çox tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İcra başçısı sonda bir daha vurğulayıb ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Zərifə xanım məhz belə analardan idi. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. A.Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Elə insanlar var ki, onlar haqqında hələ sağlığında rəvayətlər yaranır. Zərifə xanım belə insan idi. Onun xeyirxahlığı, humanistliyi dillər əzbərinə çevrilən neçə-neçə rəvayətin yaranmasına səbəb olmuşdu. Akademik Zərifə xanım Əliyeva insanları zülmət pəncəsindən qoparıb nura qovuşduran sima idi. O, bizim mənəvi dünyamıza qadın ürəyinin mürəkkəb və psixoloji zənginliyini gətirmişdir. O, elmi problemlərə dair çoxlu kitab yazmışdır. Lakin onun ən dəyərəli kitabı qadın ürəyi, insan qəlbi haqqında qələmə almadığı, lakin bütün həyatı boyu yaratdığı kitab olmuşdur. Və əgər kimsə ömründə heç olmasa bircə dəfə bu canlı kitabın bir səhifəsini oxuyubsa artıq onu sevməyə bilməz. Çünki həmin anda insan tənhalığını unudur, milyon-milyon insanın inamının da, ağrı-acılarının da bir olduğunu dərk edir və insan ömrünün sonunadək özünə, ideallarına sadiq qalır. Bu da heç şübhəsiz ki, Zərifə xanımın mənəvi ucalığından irəli gəlirdi. Məhz buna görə onun ömrü boyu keşiyində durduğu, xalqın zəkasının nuru dahi şəxsiyyət Heydər Əliyev onu xatırlayan zamanlarda kövrəlir və səmimi duyğularla xoş xatirələri danışırdı. Və hər zaman deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Anım tədbirində həkim-oftalmoloqlar Raqiya İsmayılova və Məlahət Mustafayeva, şəhid atası Qədir Əfəndiyev, partiya fəalı Fəridə Xudiyeva çıxış edərək akademik Zərifə Əliyevanin həyatı, elmi və tibbi fəaliyyəti barədə fikirlərini bölüşüblər. Sonda partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı tərəfindən akademik Zərifə Əliyevayə həsr olunmuş şeirlər səsləndirilib.


















Facebook-da paylaş














