İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov şəhid Akşin Nəsibovun evində görülmüş işlərlə tanış olublar
Zavod rəhbərliyi bu dəfə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Canalı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsinə diqqət ayırıb, qayğı göstərəcək. Zavod kollektivi qəhrəman şəhidimizin vaxtilə yaşadığı evdə təmir-tikinti işləri apararaq onların yanında olduqlarını nümayiş etdirir, şəhidimizin vaxtilə yaşadığı evin onun adına layiq şəkildə, arzuladığı kimi təmir olunması üçün əllərindən gələni əsirgəmirlər. Şəhidin evində, eləcə də həyətdə görüləcək işlər şəhid ailəsinin istəyinə uyğun şəkildə həyata keçiriləcəkdir. Artıq şəhidin evində işlərə start verilib. Rayon rəhbəri illər ötsə belə əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, Akşin Nəsibov kimi şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Bu gün Akşin kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın, ailəsinə qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü bildirib. İcra başçısı zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. Şəhid atası Vasif Nəsibov da öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısının şahidi olduğunu qeyd edən şəhid atası bu gün bunu öz ailəsinin timsalında hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq qeyd edib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Bu gün qürurverici haldır ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq böyük layihələrə imza atmaqda davam edir. Zavod illərdir ki, fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman nümunə olur, rayonda görülən işlərə öz töhfəsini verir. Zavodun rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə hər kəsə örnək olur. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Bəli, həmişə xeyirxah işlərlə, savab əməllərlə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olub. "Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadı.
Aprelin 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və "Arkoz Qazax Sement Zavodu” MMC-nin əməkdaşları ilə birlikdə qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində olub, evdə aparılan təmir-bərpa işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. 





Facebook-da paylaş














