"Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadı
Fevralın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və "Arkoz Qazax Sement Zavodu” MMC-nin İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehovla birlikdə qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində olub,ailəsini ziyarət ediblər. Evdə, eləcə də həyətdə görülməsi nəzərdə tutulan işlər yerində müzakirə olunub, görülən hər bir işin şəhid ailəsinin istəyinə uyğun şəkildə həyata keçiriləcəyi bildirilib. Rayon rəhbəri illər ötsə belə əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, Akşin Nəsibov kimi şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Bu gün Akşin kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın, ailəsinə qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü bildirib. İcra başçısı zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. Şəhid atası Vasif Nəsibov da öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısının şahidi olduğunu qeyd edən şəhid atası bu gün bunu öz ailəsinin timsalında hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq qeyd edib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenivə“Vətən uğrunda” medalıilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.
Bu gün qürurverici haldır ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq böyük layihələrə imza atmaqda davam edir. Zavod illərdir ki, fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman nümunə olur, rayonda görülən işlərə öz töhfəsini verir. Zavodun rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə hər kəsə örnək olur. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Bəli, həmişə xeyirxah işlərlə, savab əməllərlə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olub. "Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadı.
Zavod rəhbərliyi bu dəfə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Canalı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsinə diqqət ayırıb, qayğı göstərəcək. Zavod kollektivi qəhrəman şəhidimizin vaxtilə yaşadığı evdə təmir-tikinti işləri apararaq onların yanında olduqlarını nümayiş etdirir, şəhidimizin vaxtilə yaşadığı evin onun adına layiq şəkildə, arzuladığı kimi təmir olunması üçün əllərindən gələni əsirgəmirlər. 













Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Facebook-da paylaş














