• Təqvim

  • Maraq



İcra başçısı Qazaxda səfərdə olan düşərgə iştirakçıları ilə görüşüb


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron-Xızı, Şirvan-Salyan, Quba-Xaçmaz və Gəncə-Daşkəsən iqtisadi rayonlarından olan gənclərin iştirakı ilə növbəti “Gənclər Düşərgəsi” təşkil olunub.

28 iyul - 1 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində təşkil edilmiş düşərgədə 98 nəfər gənc iştirak edir. 

2025-ci il “Konstitusiya və Suverenlik ili”nə, həmin ilin təbliğinə həsr olunmuş düşərgənin keçirilməsində əsas məqsəd region gənclərinin şəbəkələşməsi, bilik və bacarıqlarının artırılması, birlik, həmrəylik ruhunun yüksəldilməsi, respublikamızın bölgələrini, tarixi yerlərini, abidələrini gənclərə tanıtmaqdır.  

28-29 iyul tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Coşqun Hidayətovun, “İrəli” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar.

Ekskursiya zamanı düşərgə iştirakçılarına 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Xalq şairi Səməd Vurğunun Poeziya evi, Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin önündə Molla Pənah Vaqifin abidəsi, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialı haqqında dolğun, əhatəli məlumatlar verilib. 

İyulun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb.

Gənclərlə keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazaxda səfərdə olan düşərgə iştirakçılarını salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron-Xızı, Şirvan-Salyan, Quba-Xaçmaz və Gəncə-Daşkəsən iqtisadi rayonlarından olan gənclərin iştirakı ilə təşkil olunmuş növbəti “Gənclər Düşərgəsi”nin əhəmiyyətindən söz açan natiq buna görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına və əməyi, əziyyəti olan insanlara minnətdarlıq edib. Düşərgənin Qazax rayonunda yüksək səviyyədə təşkil olunmasında, ilk dəfə olaraq Qazaxa səfər edən gənclər üçün rayonun gəzməli, görməli yerlərinə ekskursiyanın təşkil edilməsində göstərdiyi dəstəyə və gənclərə olan səmimi münasibətə, xüsusilə də gənclərlə olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev istər ekskursiyanın təşkil olunmasını, istərsə də gənclərlə olan bugünkü görüşü rayonda gənclərə olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib. 


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Coşqun Hidayətov çıxış edərək Gənclər və İdman naziri Fərid Qayıbovun adından rayon rəhbərliyini və düşərgə iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb, onlara göstərilən qonaqpərvərliyə və gərgin iş qrafikindən vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə ediblər. Qazaxa ilk dəfə səfər edən gənclərin buradan xoş təəssüratlarla, dolğun məlumatlarla ayrılacağını qeyd edib. Natiq düşərgə iştirakçıları üçün Qazax rayonunun görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə təşkil olunmuş ekskursiyanın əhəmiyyətindən söz açıb. İlk olaraq ekskursiyanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksindən başlanmasının, Şəhidlər xiyabanının ziyarət olunmasının heç də təsadüfi olmadığını, azərbaycanlı gənclərin şəhidlərimizi heç zaman unutmadıqlarını, xüsusilə də gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında Gənclər və İdman Nazirliyi olaraq bu cür düşərgələrin təşkil olunduğunu diqqətə çatdırıb. C.Hidayətov düşərgə iştirakçıları arasında yaradılmış qrupların adlarının “Dəmir yumuruq”, “Zəfər”, “Sülh”, “Gənclər”, “Sabah”, “Ümid” adlandırılmasının təsadüfi olmadığını, bu adların birliyi, həmrəyliyi, sülhü, gənclərimizə olan inamı, ümidi tərənnüm etdirdiyini söyləyib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Hər zaman çalışıram ki, rayonumuza səfər edən, düşərgədə iştirak edən gənclərlə görüşüm. Bu gün də özümə borc bildim ki, gəlib sizlərlə görüşüm”, - deyən icra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. 

“Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə daim diqqət və qayğı göstərilir. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Siz gənclərin parlaq gələcəyi olan gənclər kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri, savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib.


“Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda gənclər düşərgəsinin təşkil olunmasına görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin, "İrəli" İctimai Birliyinin əməkdaşlarına, əməyi keçən insanlara minnətdarlığını bildirib. 

Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib, suallarını cavablandırıb. 

Gənclər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları Universitetlər, məktəblər haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Təşkil olunmuş düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə, rayonla yaxından tanış olmaq üçün təşkil edilən ekskursiyaya və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər olaraq bilik və bacarıqlarının artmasında, birliyin, həmrəyliyin nümayiş etdirilməsində böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin və "İrəli" İctimai Birliyinin əməkdaşlarına, düşərgənin təşkilində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Düşərgənin yüksək səviyyədə təşkil edilməsində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Sonra düşərgə iştirakçıları musiqi töhfələri ilə çıxış edərək xoş anlar bəxş ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.



Facebook-da paylaş