Qazaxda icra başçısı “Azərbaycan Bayrağı” ordenli şəhid gizir Azad Kərimovun övladlarının kiçik toy məclisində iştirak edib və xoş arzularını çatdırıb
Şəhidlik zirvəsinə ucalmaq Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, igid, məğrur, qorxmaz oğullara nəsib olur. Bu yüksəkliyə ucalan qəhrəmanlar isə ölmürlər, əksinə, ölümləri ilə əbədilik qazanırlar. 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı da Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz canından keçərək şəhid oldu, ən uca zirvəyə yüksəldi. Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndinin igid oğulları baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən gizir Kərimov Azad Zakir oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, sinəsini düşmən gülləsinə sipər etməkdən bir an belə çəkinmədi. Torpağa, Vətənə olan sonsuz sevgisi onu Şəhidlik adlı uca bir məqama yüksəltdi. Qanı ilə tarix yazan igid Vətən oğlu bu gün on milyonluq Azərbaycan xalqının qəlbində yaşayır. Vaxtilə valideynlərinin övladı olan Azad Kərimov bu gün elin övladı olub, hər bir Azərbaycan vətəndaşının doğmasına, əzizinə çevrilib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı”medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalıilə təltif edilmiş Azad Kərimovun əziz xatirəsi hər zaman ehtiramla anılır. Qəhrəman Vətən oğlunun ailəsinə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Bu gün – aprelin 24-də igid Vətən oğlunun ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır, bu gün övladları Yusif və Murad Kərimlilərin kiçik toylarıdır. Bu gün şəhidimizin ailəsinin xoş gününə ailəsi ilə barabər, hər kəs şahidlik edir. Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid övladlarının xoş günündə onların yanında olub. Rayon rəhbəri icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid övladlarının kiçik toy məclisində iştirak edib. Şəhidimizin atasına, anasına, həyat yoldaşına, yaxınlarına gözaydınlığı verən icra başçısı səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. ”Tək dövlət məmuru olaraq deyil, həm də vətəndaş olaraq hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin övladlarının xoş günündə yanında olum”, - deyən icra başçısı şəhidimizin yadigarlarına xoş arzularını, təbriklərini səsləndirib. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib, onlarla qürur duyduğumuzu söyləyib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Şəhid atası Zakir Kərimov şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Nəvələrinin xoş günündə onların yanında olan rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib. Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən“Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı”medalları, ölümündən sonra 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalıilə təltif edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Daş Salahlı kəndində adını yaşadan bulaq tikilib, dayanacaq qoyulub.














Facebook-da paylaş














