Avropa yarışlarında uğur qazanan qazaxlı idmançılarla görüş keçirilmişdir
Respublika mətbuatı Qazax haqqında İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edən Azərbaycan milli komandasının 15 üzvündən 8 nəfəri Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin yetirməsi və "Göyəzən" Ağır Atletika Klubunun idmançıları olmuşlar. Qazaxlı idmançıların əldə etdikləri 3 qızıl və 4 gümüş medal Azərbaycan komandasını Avropa birinciliyində ümumi sıralamada üçüncü etmişdir. Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə RİH-in başçısı Rəcəb Babaşov çıxış edərək idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş, sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd etmişdir: "Bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər". Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan söz açan R.Babaşov bu münasibətin davam etdiyini bildirmiş, Qazax Olimpiya İdman Kompleksində, Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin münasibətin nümunəsi kimi qiymətləndirmişdir. "Göyəzən" Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Rayət Abdalov ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə görə hər kəsə minnətdarlığını bildirmişdir. Görüşün sonunda R.Babaşov idmançılara xatirə hədiyyələri təqdim etmişdir. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbri, 7 avqust 2025-ci il, səhifə 8
Facebook-da paylaş