• Təqvim

  • Maraq



Qazaxda icra başçısı İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində uğur qazanmış idmançılarla görüşüb


23-31 iyul 2025-ci il tarixlərdə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan milli komandası 15 idmançı ilə təmsil olunub. Qürurverici olan odur ki, milli komandanın 8 idmançısı Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin yetirmələri, “Göyəzən” Ağır Atletika Klubunun idmançılarıdır. Musab Məmmədtağıyev (56 kq) U-15 kateqoriyasında birdən qaldırmada 93 kq nəticə ilə qızıl, təkanla qaldırmada 109 kq ilə gümüş medal, iki hərəkətin cəmində isə 202 kq nəticə ilə ikinci qızıl medalı əldə edərək Avropa çempionu olub. İdmançımız Lətif Əliyev (71 kq) birdən qaldırmada 108 kq ilə qızıl medal, toplam 237 kq nəticə ilə gümüş medal qazanıb. Muhəmmədəli Məmmədzadə isə (88 kq) birdən qaldırmada 122 kq və toplamda 269 kq nəticə ilə iki gümüş medala layiq görülüb. Ən önəmlisi isə odur ki, Qazaxlı idmançılarımızın əldə etdiyi 3 qızıl və 4 gümüş medal nəticəsində Azərbaycan komandası Avropa birinciliyində ümumi sıralamada üçüncü yerə layiq görülüb. 

Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançılarla görüşərək onları mükafatlandırıb. 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov, qalib adını qazanan idmançılar iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Rayon rəhbəri söyləyib ki, Musab, Lətif, Muhəmmədəli kimi idmançılaçırımızın timsalında əldə edilən uğurlu nailiyyət onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr bundan sonra da davam edəcək. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Ağır Atletika Federasiyasının rəhbərliyi tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını bildirib. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək qalib idmançıları salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə, xüsusilə də qalib idmançılarla olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev idmançılarla olan bugünkü görüşü rayonda gənclərə olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib. 

“Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə və bugünkü görüşə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 23-31 iyul 2025-ci il tarixlərdə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan milli komandasının, xüsusilə də qazaxlı idmançıların əldə etdikləri nailiyyətlərdən söz açan natiq onlara göstərilən qayğını, etimadı bundan sonra da hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib.        

Görüşün sonunda icra başçısı qalib idmançıları mükafatlandırıb, ünvanlarına bir daha xoş sözlərini, səmimi təbriklərini səsləndirib. Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.



Facebook-da paylaş