Qazaxda icra başçısı “Gənc alimlərin yay düşərgəsi”nin iştirakçısını fərdi qəbul edib
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə 21-26 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” keçirilir. Düşərgənin keçirilməsində əsas məqsəd 2025-ci il “Konstitusiya və Suverenlik İli” çəçivəsində magistr, gənc alim və tədqiqatçıları bir araya gətirərək onların ideoloji hazırlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və yeni biliklərin əldə edilməsidir. Qeyd edək ki, “Gənc alimlərin yay düşərgəsi”nə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb. Avqustun 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb “Gənc alimlərin yay düşərgəsi”nin iştirakçısı, Azərbaycan Texniki Universitetinin Kompüter mühəndisliyi ixtisasının magistratura pilləsi üzrə II kurs tələbəsi Həsənov Mirheybət Mirtağı oğlu ilə görüşüb. Gənc alimi istəyinə əsasən fərdi qəbul edən rayon rəhbəri onu maraqlandıran müxtəlif mövzular ətrafında suallarını cavablandırıb, təkliflərini dinləyib. Gənc alim istər düşərgə iştirakçıları ilə olan görüşə, istərsə də bugünkü dəvətə və görüşə, göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə bir daha rayon rəhbərliyinə razılığını ifadə edib. Gənc alim ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini yüksək qiymətləndirib. O, təşkil olunmuş düşərgənin onun həyatında dərin izlər buraxdığını, ona yeni dostlar qazandırdığını, gənc alimlər olaraq bilik və bacarıqlarının artmasında, xüsusilə də əlamətdar bir ildə birliyin, həmrəyliyin nümayiş etdirilməsində böyük töhfə olduğunu vurğulayıb. Onlara yaradılan bu gözəl imkana görə düşərgə iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının əməkdaşlarına, düşərgənin təşkilində əməyi olan insanlara bir daha minnətdarlığını bildirib.
Facebook-da paylaş