Qazaxda növbəti əmək yarmarkası keçirilib
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində avqustun 20-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Qazaxda növbəti əmək yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərə qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik kadrların seçimində köməklik göstərilməsindən ibarətdir. Qazax şəhərində yerləşən Heydər Əliyev parkında keçirilən yarmarkada 16 müəssisə tərəfindən 100-dən artıq vakansiya işaxtaran və işsiz şəxslərə təqdim edilib. Yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, yarmarkaya qatılmış müəssisələrin əməkdaşları, işaxtaran və işsiz şəxslər iştirak ediblər. Yarmarkada iştirak edərək qeydiyyatdan keçən 153 nəfər işaxtaran və işsiz şəxsə təqdim olunmuş vakansiyalar və iş öhdəlikləri barədə ətraflı məlumat verilib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən məzunların CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Facebook-da paylaş