2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ
Bildiyiniz kimi, 2020-ci il yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə ölkə başçısı Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirərək, bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu qeyd edərək qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafını təmin etdiyini və beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edildiyini, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir. 2019-cu il iqtisadi inkişaf baxımından da ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır. Bütövlükdə 2019-cu il həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində dərin islahatlar ili olmuşdur. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Keçən il iqtisadi sahədə əldə edilmiş nəticələrə nəzər salsaq görürük ki, ümumi daxili məhsul 2,2 faiz artmış, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Ölkə başçısı öz çıxışında, bu artımın bundan sonra da dayanıqlı olacağını bildirmişdir. Kənd təsərrüfatı sahəsi də təxminən 7 faiz artmış, inflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri 7,4 faiz olmuş, qeyri-neft ixracımız isə 14 faiz artmışdır. Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmış və rekord həddə - 51 milyard dollara çatmışdır. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil etmişdir. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı və bəzi müavinətlər 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz artırılmışdır. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün əsas məsələ olaraq qalır. İnfrastruktur layihələri 2019-cu ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq, Proqram başa çatanda artıq bütün infrastruktur layihələr, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır. Ölkə başçısı çıxışının sonunda bildirmişdir: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır, bu il də Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcəkdir.
2019-cu il rayonumuz üçün uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2019-cu ildə yerli gəlir və xərclərin proqnozu 10 925 000 manat məbləğində müəyyənləşdirilmişdir. Hesabat ilində yerli daxilolmalar 10 925 000 manat proqnoza qarşı 13 484 798 manat və ya 123,43 faiz yerinə yetirilərək büdcəyə 2 559 798 manat, yəni 23,43 faiz çox vəsait daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcəyə 1 983 321 manat və ya 17,24 faiz çox vəsait daxil olmuşdur. Qarşılıqlı hesablaşmalar əsasında 3 117 749 manat vəsait daxil olmuş və il ərzində 3 058 548 manat vəsait öz təyinatı üzrə (98,1 faiz) xərclənmiş və 59 201 manat vəsait qalmışdır. Yekun olaraq hesabat dövründə yerli gəlirlər cəmi 14 042 749 manat proqnoza qarşı 16 602 547 manat, yəni 118,23 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 2 559 798 manat, yəni 18,23 faiz çox vəsait daxil olmuşdur. Yerli xərclər 14 042 749 manat proqnoza qarşı 12 983 575 manat icra olunaraq 92,46 faiz və ya 1 059 174 manat (7,54 faiz) az icra olunmuşdur.
Hesabat dövründə ümumi dövlət xidmətlərinin maliyyələşdirilməsinə ayrılmış 1 437 839 manat proqnoza qarşı 1 355 069 manat və ya (94,24 faiz) vəsait xərclənmişdir ki, bu da proqnoz tapşırığından 82 770 manat olmaqla (5,76 faiz) azdır. Eyni zamanda sosial mədəni tədbirlərin maliyyələşdirilməsinə ayrılmış 7 588 568 manat proqnoza qarşı 6 684 342 manat və ya (88,09 faiz), proqnoz tapşırığından 904 226 manat olmaqla (11,91 faiz) az və iqtisadiyyatın maliyyələşdirilməsinə ayrılmış 1 775 611 manat proqnoza qarşı 1 772 034 manat və ya (99,8 faiz) vəsait xərclənmişdir ki, bu da proqnoz tapşırığından 3 577.0 manat (0,2 faiz) azdır.
İcra zamanı ilk növbədə əməkhaqqı və ona bərabər tutulan ən zəruri xərclərin ödənilməsinə üstünlük verilmiş, xəzinədarlıq sisteminin tələblərinə ciddi riayət olunaraq xəzinədən verilən vəsaitin son təyinatına düzgün xərclənməsinə, qənaət rejiminə və qiymət intizamına ciddi əməl olunmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin məlum Sərəncamlarına əsasən minimum əməkhaqqı 2019-cu il martın 1-dən 130 manatdan 180 manata qalxmış, yəni 38,5 faiz artım və 2019-cu il sentyabrın 1-dən 38,9 faiz artırılaraq 250 manata çatdırılmışdır. Qeyd etmək lazımdır ki, 2019-cu il sentyabr ayının 1-dən tətbiq edilən minimum əməkhaqqının 2018-ci il yanvarın 1-dən tətbiq olunan minimum əməkhaqqına nisbətən 130 manata qarşı 250 manat, yəni 120 manat çox (192,3 faiz) və 2019-cu il martın 1-dən tətbiq edilən minimum əməkhaqqına nisbətən isə 180 manata qarşı 250 manat, yəni 70 manat çox (təxminən 40 faiz) artım təşkil edir. Ölkə başçısının son Sərəncamları ilə əməkhaqlarının və minimum əməkhaqqının 40-50 faiz artırılması rayonumuzun təkcə büdcədən maliyyələşən 44 təşkilatı üzrə çalışan işçi və qulluqçuların təxminən 3000 nəfərinin sosial vəziyyətinin yaxşılaşması olmuşdur.
Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2019-cu il ərzində əhaliyə 248.774 326 manat kredit verilmişdir. Əhalidən 7.138 276 manat olmaqla 248 541 ABŞ dolları və 47 895 Avro əmanət cəlb olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 46 layihə üzrə 7 159 000 manat kredit verilmiş, verilən kreditə görə 141 yeni iş yeri yaradılmışdır. 2019-cu ildə iqtisadiyyatın sahələri üzrə cəlb olunmuş ümumi özəl investisiya qoyuluşu məbləği 38.999 000 manat təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi üzrə il ərzində 12651 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Onlardan 8682 nəfəri yaşa görə, 3459 nəfəri əlilliyə görə və 510 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bundan başqa, 345 ailənin 1410 üzvünə 812 000 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 3322 nəfər müharibə veteranına 2.474 100 manat müavinət, 203 şəhid ailəsinə 606 000 manat Prezident təqaüdü, 747 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlara 1.248 100 manat müavinət, 8195 nəfərə 4.578 500 manat digər sosial müavinət ödənilmişdir.
2019-cu ildə Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əməkhaqları artırılmışdır. 2019-cu il ərzində pensiya və sosial müavinətlərin verilməsi üçün 43.312 000 manat vəsait hər ayın 25-dək gecikmədən aidiyyəti üzrə ödənilmiş, 2018-ci il ilə müqayisədə 2019-cu ildə ödəniş məbləği 4.811 100 manat çox olmuşdur.
Hesabat dövrü ərzində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür.
Qazax Elektrik Şəbəkəsi tərəfindən 24250 abonentə, o cümlədən 22798 əhali abonentinə, 1452 qeyri-əhali abonentinə xidmət göstərilmişdir. 2019-cu il ərzində cəmi 43938 metr SİP kabel çəkilmiş, 533 ədəd metal dayaq dəyişdirilmiş və İkinci Şıxlı kəndində əhali üçün 1 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılmışdır. Qazax rayonu üzrə, ümumilikdə 191648 metr SİP kabel çəkilmişdir ki, nəticədə rayon üzrə SİP kabelləşmə 28,77% təşkil edir. Rayon ərazisində yerləşən Sərhəd Qoşunları üçün 2200 metr uzunluğunda 10 kv-luq hava xətti çəkilmiş və 3 ədəd Komplekt Transformator Məntəqəsi qurulmuşdur. Hazırda Qazax şəhərinin S.Vurğun küçəsində, N.Nərimanov yasayış massivində, Qarapapaq kəndində 0,4 kv-luq elektrik hava xətlərinin sipləşməsi nəzərdə tutulmuş, elektrik avadanlıqlarında təmir profilaktiki işlər davam etdirilir. 2019-cu il ərzində rayona daxil olan faydalı enerji 104.293 700 kvt saat olmaqla dəyəri 8.533 900 manat olmuş, ümumi yığım 8.037 000 manat, əhali sektorundan 2.874 400 manat olmaqla, ümumi yığım faizi 94,2 faiz təşkil etmişdir. Bu da 2018-ci ilin müvafiq dörü ilə müqayisədə şəbəkə üzrə cəmi pul yığımında 784 500 manat, əhali sektorunun pul yığımında 86 500 manat, ümumi yığım faizində isə 0,7 % artım olmuşdur. Hesabat dövrü ərzində Qazax Elektrik Şəbəkəsinə 946 müraciət daxil olmuş, həmin müraciətlərdən 879-u icra olunmuş, 67 müraciət isə icra olunmaqdadır. Görülmüş işlərlə yanaşı, rayonumuzun fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün Elektrik Şəbəkəsinin rəhbərliyi bundan sonra da daha məsuliyyətlə işləməlidirlər.
Bildiyiniz kimi Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur.
Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən ümumilikdə 21691 abonentə, o cümlədən 21325 əhali abonentinə və 366 qeyri-əhali abonentinə xidmət göstərilmişdir. İl ərzində 2024 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz edilmiş, 320 yeni abonent təbii qazla təmin olunmuşdur. Xidmət tərəfindən ümumilikdə 4037 p/m müxtəlif diametrli qaz xətləri korroziyaya uğradığı üçün yenisi ilə və 13 ədəd qaz tənzimləyici qurğu yeni müasir tipli qaz tənzimləyici qurğu ilə əvəz olunmuş, müxtəlif diametrli 11956 p/m qaz xətləri korroziyaya uğramaması üçün rənglənmişdir. Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının 30 aprel 2019-cu il tarixli Qərarına əsasən qazın limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Qazax Xidmət Sahəsi üzrə əhali abonentlərinin hər birinə şamil olunmuş və istifadəsi Xidmət Sahəsi tərəfindən nəzarətdə saxlanılır. Qazax Xidmət Sahəsi tərəfindən istehlakçılara ümumilikdə 114.536 436 kubmetr təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın həcmi 33.820 603 kubmetr, dəyəri 3.771 299 manat, yığım isə 4.075 242 manat olmaqla, yığım faizi 108,1 faiz təşkil etmişdir. 2019-cu ildə 2018-ci ilə nisbətən əhali abonentlərindən qazın satışına görə yığım 14,5 faiz artığ olmuşdur. Hesabat dövründə Qazax Xidmət Sahəsinə vətəndaşlar tərəfindən 549 müraciət daxil olmuşdur ki, bunlardan 513 müraciət müsbət həll olunmuş, 36 müraciət isə icraatdadır. Əhalimizə yüksək səviyyədə xidmət göstərilməli, onlara qarşı daim diqqətli olmalı, fəaliyyətiniz tam şəffaf olmalıdır.
Qazax Telekommunikasiya Qovşağı tərəfindən 1 şəhər və 27 kənd olmaqla, 15261 telefon abunəçisinə və 9043 internet abunəçisinə xidmət göstərilir. Hər 100 təsərrüfata düşən telefon aparatlarının sayı 60,9 % və internet istifadəçilərinin sayı 36,1 % olmuşdur. Hesabat dövründə 364 ədəd yeni telefon çəkilmiş, 59 ədəd telefon yenidən şəbəkəyə bərpa olunmuşdur. 2019-cu il ərzində 1 742 374 manat gəlir əldə edilmiş, proqnoz tapşırığa 107% əməl olunmuşdur. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 127 961 manat (7,3%) çox vəsait deməkdir. Yığılmış vəsaitin 1 565 500 manatı əhaliyə göstərilən rabitə xidmətindən, 176 874 manatı isə idarə və təşkilatlara göstərilən rabitə xidmətindən olmuşdur. İl ərzində "Aztelekom” internet xidmətindən 980 000 manat gəlir əldə edilmişdir ki, bu da ümumi gəlirin 56,2 faizini təşkil edir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 144 000 manat artıq deməkdir. Bütün sahələrdə əvvəldən yığılıb qalmış böyük nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün Qovşağın yeni rəhbərliyinə edilmiş ciddi xəbərdarlıqdan sonra fəaliyyətlərində qismən dönüş yaradılmışdır. Ümumilikdə 19130 metr kənddaxili hava rabitə xətləri texniki normaya gətirilmiş, şəhərin xətt təsərrüfatında qazalı dirəklər dəyişdirilmişdir. Uzun müddət istismar nəticəsində keyfiyyətini itirmiş, ümumilikdə 2455 metr müxtəlif növ kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Əhalinin telefona olan tələbatını ödəmək məqsədilə Daş Salahlı kəndində 30 nömrəlik, Bala Çaylı kəndində 20 nömrəlik, Xanlıqlar kəndində 80 nömrəlik, Canalı kəndində 20 nömrəlik yeni xətt təsərrüfatı tikilmiş və buna uyğun olaraq ümumilikdə bu dövrdə 364 abonentə yeni telefon çəkilmiş və telefon çəkilişləri hal-hazırda davam edir.
Hesabat dövründə Qazax Poçt filialı 2019-cu ilin plan tapşırıqlarını 116 faiz yerinə yetirmişdir. Yəni, 504 340 manat plana qarşı 583 359 manat gəlir əldə edilmişdir ki, nəticədə filial 175 806 manat mənfəətlə ili başa vurmuşdur. Qazax Poçt filialı tərəfindən əhaliyə göstərilən xidmətlər sayca artmış və xidmətin keyfiyyəti yüksəldilmişdir. Qazax Poçt filialının fəaliyyətini qanətbəxş hesab edərək xidmətin keyfiyyətinin artırılmasını və şəffaflığın qorunmasını bir daha tövsiyə edirəm.
"Qazax Avtovağzal” Açıq Səhmdar Cəmiyyəti il ərzində plana 104 faiz əməl edərək şəhərdaxili, şəhərətrafı və şəhərlərarası marşrutlarda 486 min nəfər sərnişinə xidmət göstərmişdir. Gün ərzində şəhərətrafı və şəhərdaxili işləyən marşrut üzrə 81, şəhərlərarası marşrut üzrə 68 olmaqla, cəmi 149 avtobus sərnişinlərə xidmət göstərmişdir. Şəhərlərarası sərnişin daşımalarına dispeçerlər tərəfindən nəzarət artırılmış, avtobusların "Avtovağzaldan-Avtovağzala” prinsipi əsasında hərəkətinin təşkili, gecə reyslərinin qismən təşkili təmin edilmiş, vahid bilet satışı yerinə yetirilərək sərhəd kəndlərinə əlavə yeni reyslər artırılmışdır. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən rayonda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərin sənədlərinin yoxlanılması məqsədilə iyul ayının 11,12 və 13-ü tarixlərində RİH-nin, DYP-nin, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin və "Qazax Avtovağzal” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilmiş reydlər zamanı bir neçə nöqsanlar aşkar edilmişdir. Nöqsanların aradan qaldırılması üçün Cəmiyyət tərəfindən müvafiq tədbirlər görülmüş və daim nəzarətdə saxlanılması üçün lazımi tapşırıqlar verilmişdir.
Avtomobil Yolları Dövlət Agentliyi "28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 16 körpü və 148 km uzunluğunda yola xidmət edir. Bunun 14 km-i respublika əhəmiyyətli yollardır. Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi başa çatmış və həmin yaşayış məntəqələrində yaşayan insanların rahat gedib-gəlmələri təmin edilmişdir. Məlumat üçün bildiririk ki, rayonun yaşayış məntəqələrinin 85,71%-ni əhatə edən (işğal olunmuş 7 kənd istisna olmaqla) 8 avtomobil yolu yenidən qurulmuşdur. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazax rayonunda görülən məqsədyönlü işlər dediklərimizin əyani sübutudur. Son 3 il ərzində rayonun Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Hesabat dövründə şəhər ərazisində 3,74 km, kənd ərazilərində isə 272 km yollara qum-çınqıl tökülərək hamarlanmışdır. Şəhərin 11 küçəsində asfalt örtüyü təmir olunmuş, yolun hərəkət zolaqları və piyada keçidləri xətlənmişdir. Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun dörd zolağa genişləndirilməsi işləri 2019-cu ilin fevral ayından başlanılmışdır. Layihənin Qazax rayonu ərazisinə düşən 41 km məsafəsində nəzərdə tutulmuş işlər sürətlə davam etdirilir.
Qazax Sukanal Sahəsi rayon üzrə 6367 əhali abonentinə və 262 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 6629 abonentə xidmət göstərir. Sukanal sahəsi 126,81 km su xəttinə və 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. Magistral kanalizasiya xəttinin uzunluğu 9,54 km-dir. İl ərzində su istifadəçilərinə 1 069 324 kubmetr su verilmişdir, içməli su və çirkab su xidmətinin dəyəri 559 373 manat olmuş, 541 791 manat vəsait toplanmışdır. Toplanmış vəsait satışın 97 faizini təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründən 37 005 manat (2 faiz) çoxdur. Bildirirəm ki, İslam İnkişaf Bankının dəstəyi ilə Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması "AKKORD HGC” MMC tərəfindən həyata keçirilir. Məlumat üçün bildirirəm ki, hesabat dövrü üzrəsu təchizatı borularının quraşdırılması işlərinin 50,31 %-i, kanalizasiya sistemi borularının quraşdırılması işlərinin 61,36 %-i yerinə yetirilmişdir. Fürsətdən istifadə edərək bu sahəyə bundan sonra da ictimai nəzərətin olmasını tövsiyə edirəm.
Qazax şəhər Kommunal Müəssisələri Kombinatı üzrə il ərzində 346 584 manat vəsait daxil olmuşdur. Daxil olan vəsaitin 264 154 manatı təmizlik və yaşıllıq işçilərinin əməkhaqqı və sair xidmətlər üçün Qazax RİHB-nın Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən, 16440 manatı əhalidən, 8530 manatı kommersiya obyektlərindən, 57460 manatı isə təşkilatlardan və digər xidmətlərdən daxil olmuşdur. Ümumilikdə il ərzində 346 584 manat vəsait xərclənmişdir. Əvvəlki illərdən fərqli olaraq Kombinat üzrə işçilərin əməkhaqları vaxtlı-vaxtında ödənilmişdir.
"Dost İş Mərkəzi” MMC tərəfindən hesabat dövründə Kombinata 238 nəfər, kəndlərə isə 182 nəfər olmaqla cəmi 420 nəfər ictimai işlərdə işləmək üçün işçilər verilmişdir. Kombinatın ictimai işçiləri parklarda təmizlik işləri, əkilmiş gül-çiçəklərə qulluq edilməsi, qazonların suvarılması və şəhərin təmizlənməsi işlərini həyata keçirirlər. Kombinat rəhbərliyi işlərini günün tələbləri səviyyəsində qurmalı və bütün imkanlardan maksimum istifadə edərək öhdəsinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə və şəhərin hər zaman təmiz saxlanılmasına çalışmalıdırlar.
Qazax Mənzil İstismar Sahəsi balansında olan 158 binaya xidmət edir və həmin binalarda 1931 mənzil mövcuddur. Hesabat dövründə Sahə tərəfindən çoxmərtəbəli yaşayış binalarının tüstü bacaları, boruları, su novalçaları və zirzəmiləri təmizlənmiş və dərmanlanmış, binaların həyətlərdə təmizlik və səliqə-sahman işləri görülmüşdür. Belə ki, hesabat dövründə 29 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparılmış, 13 binanın su və kanalizasiya xətlərində yaranmış qüsurlar boruların dəyişdirilməsi ilə aradan qaldırılmış, 7 binanın zirzəmisi təmizlənərək dərmanlanmış, 4 binanın tüstü bacaları təmizlənmişdir. İl ərzində Mənzil İstismar Sahəsinin gəliri 176 444 manat təşkil etmiş və xərcləri isə 176 404 manat olmuşdur. Vətəndaşlardan mənzil xidməthaqqı 12205 manat yığılaraq plana 112,41 % əməl olunmuşdur. Mənzil İstismar Sahəsinin rəhbərliyinə tapşırıq verərək bildirirəm ki, göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, mənzil haqlarının vaxtlı-vaxtında yığılmasını tam təmin etsinlər.
Hesabat dövründə rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən bir sıra işlər görülmüşdür.
Rayon Təhsil Şöbəsinin tabeliyində 33 tam orta, 1 məktəb-lisey, 5 ümumi orta, 5 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 12124 nəfər, məktəbəhazırlıq qruplarında 1144 nəfər şagird təhsilə cəlb edilmiş, şagirdlərin təlim-tərbiyəsi ilə 1708 nəfər müəllim məşğul olur. Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə təhsilin keyfiyyətinin artırılması, müəllimlər arasında sağlam rəqabətin yaradılması və tədrisin vəziyyətinin öyrənilməsi məqsədilə Rayon Təhsil Şöbəsində qabaqcıl metodist və müəllimlərdən ibarət "İşçi qrupu” yaradılmış, ayrı-ayrı fənlər üzrə müəllimlərin dərslərinin keyfiyyətinin öyrənilməsi, fənn müəllimlərinə metodiki köməklik göstərilməsi ilə əlaqədar monitorinqlər aparılmışdır. Hesabat dövründə işçi qrupu tərəfindən 349 (177+172) dərs dinlənilmiş, nəticələr Rayon Təhsil Şurasında müzakirə edilmiş, yüksək nəticə göstərən müəllimlərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları verilmişdir. 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 701 nəfər bitirmiş, onlardan 468 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş və 305 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul olanlardan 15 nəfər 600-dən, 48 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Xüsusi təyinatlı təhsil müəssisələrinə isə 14 nəfər qəbul olmuşdur. Məzunların qəbul olma göstəriciləri rayon üzrə 62,5 % təşkil etmişdir.Respublika Prezidentinin Sərəncamı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə İ.Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmova "Tərəqqi” medalı, Təhsil Nazirinin əmri ilə RTŞ-nin müdiri Nizaməddin Babanlı və S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev "Qabaqcıl təhsil işçisi” döş nişanı, A.Əmilov adına Daş Salahlı kənd tam nömrəli orta məktəbin biologiya müəllimi Şükufə Cəfərova Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişlər. Məlumat üçün bildirirəm ki, rayonun ümumtəhsil məktəblərində hesabat dövründə orta aylıq dərs davamiyyəti 95,4 faiz olmuşdur. Bir daha Təhsil şöbəsinə tapşırıq verərək bildirirəm ki, dərsə davamiyyəti daim diqqət mərkəzində saxlasınlar və nəzarəti gücləndirsinlər.
Bakı Dövlət Universitetinin Qazax filialı regional ali təhsil müəssisəsi kimi rayonumuzda fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində filialda əyani şöbə üzrə 41 qrup, qiyabi şöbə üzrə isə 6 qrup olmaqla, 17 ixtisas üzrə 1014 nəfər tələbə təhsil almış, bunlardan 902 nəfəri əyani, 112 nəfəri qiyabi təhsil alan 63 şəhər və rayonlardan olan tələbələrdir. 2019-2020-ci tədris ili üçün filiala 17 ixtisas üzrə (4-ü qiyabi olmaqla) 680 nəfər tələbə qəbulu planlaşdırılmışdır. 2019-2020-ci tədris ilində əlavə 1 yeni ixtisas (Azərbaycan dili və ədəbiyyatı-qiyabi) əlavə olunmaqla ümumilikdə 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə qiyabi şöbəyə qəbul aparılmışdır. Respublikanın 58 regionu üzrə I kursa 555 tələbə qəbul olunmuşdur. Hazırda filialda 1480 nəfər tələbə təhsil alır. 2019-2020-ci tədris ili üçün filialda çalışan ümumi əməkdaşların sayı 156 nəfər təşkil edir ki, bunlardan 84 nəfəri professor-müəllim heyətidir. Hesabat dövründə filialda bir çox konfrans və ictimai tədbirlər, o cümlədən Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Təhsili və Elminin Müasir Problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə filialın 1 nəfər əməkdaşı, dosent Yusifov Məmməd Rəşid oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi” medalı, 7 nəfər əməkdaşı isə Təhsil Nazirinin əmri ilə "BDU-nun 100 illiyi” yubiley medalı ilə təltif edilmişlər. İnanırıq ki, Bakı Dövlət Universitetinin Qazax filialında son illərdə olduğu kimi, bundan sonra da nizam-intizam və şəffaflıq əsas meyar olaraq qalacaqdır.
Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə yerləşir. Şəhər bağçalarında 520 nəfər, kənd bağçalarında isə 556 nəfər olmaqla, ümumilikdə bağçalarda 1076 nəfər uşaq təlim-tərbiyə alır. Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında ümumilikdə 374 nəfər işçi fəaliyyət göstərir. Onlardan 153 nəfər şəhər, 221 nəfər isə kənd üzrə fəaliyyət göstərənlərdir. 2017-2018-ci və 2019-cu il ərzində rayonda fəaliyyət göstərən 25 körpələr evi-uşaq bağçalarından 21 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri aparılmışdır. Qalan 4 məktəbəqədər təhsil müəssisəsində də təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm ki, rayonda fəaliyyət göstərən bütün bağçalar üzrə alınmış ərzaqların keyfiyyətinə və istifadəsinə nəzarət etmək məqsədilə bağçalarda valideyn komitələri yaradılmışdır. Verilən məlumata görə komtənin fəaliyyəti öz müsbət nəticəsini vermişdir. Eyni zamanda bildirirəm ki, valideyn komitələrinin təklifləri nəzərə alınaraq bağçalarda rus dilinin tədrisinə başlanılmışdır.
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayonu üzrə Mədəniyyət müəssisələri tərəfindən 2019-cu il ərzində ümumilikdə 1609 mədəni-kütləvi tədbir keçirilmişdir. Qazax rayonu üzrə mədəniyyət müəssisələri hesabat dövrü ərzində ölkəmizlə bağlı olan tarixi hadisələri, əlamətdar günləri, el bayramlarını, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin yubileylərinin geniş surətdə əhatəli ssenari əsasında qeyd olunmasını təşkil etmiş, mədəniyyət müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar Xalq yazıçısının xatirəsinə, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə və Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi nəzdində 145 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, bir Təcili və Təxirə Salınmaz Tibbi Yardım stansiyası, 3 Poliklinika şöbəsi, 100 çarpayılıq rayonlararası Psixiatriya xəstəxanası, 1 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon Xəstəxanasının yerində, 2,5 hektar ərazidə, 10 korpusdan ibarət, 3 mərtəbəli, 145 çarpayılıq yeni Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi başa çatdırılmış, Xəstəxana tibbi avadanlıq və inventarlarla tam yüksək səviyyədə təmin edilmişdir. Hesabat dövründə Rayonlararası Psixiatriya xəstəxanasında, İkinci Şıxlı kənd xəstəxanasında, Birinci Şıxlı, Qarapapaq, Alpout və Kosalar kənd həkim məntəqələrində təmir işləri aparılmışdır. Rayon üzrə əhalinin tibbi müayinəsi ilə bağlı 61373 nəfər əhali tibbi müayinədən keçirilmiş, 57382 nəfər sağlam hesab edilmiş, 3492 nəfər ambulator müalicəyə, 375 nəfər stasionar müalicəyə, 124 nəfər isə Bakı şəhərinə əlavə müayinə və müalicəyə göndərilmişdir.
Qazax Müalicə Diaqnostika Mərkəzinə 2019-cu il ərzində 23503 nəfər ambulator gəliş olmuş, 56590 laborator müayinələr aparılmış, stasionar şöbəyə daxil olmuş 1090 xəstədən 820 nəfərin üzərində cərrahi əməliyyat aparılmışdır. Mərkəzdə 12.02.2019-cu il tarixdən 12.05.2019-cu il tarixədək əhalinin tibbi müayinəsi ilə bağlı 10018 nəfər müraciət etmiş, onlar üzərində 16426 müayinə keçirilmişdir. Onlardan 8138 nəfər sağlam, 155 nəfər stasionar müalicəyə cəlb olunmuş, 7 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 150 nəfər üzərində cərrahi əməliyyatlar aparılmış və 1725 nəfər ambulator müalicəyə cəlb olunmuşdur.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən hesabat dövrü ərzində yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. İl ərzində rayonda gənclərlə iş sahəsi üzrə 32 tədbir həyata keçirilmiş və keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 4644 nəfər gənc iştirak etmişdir.
Bədən tərbiyəsi və idman sahəsi üzrə 39 tədbir həyata keçirilmiş, ümumilikdə bu yarışlarda 3627 nəfər idmançı öz gücünü sınamış, rayonumuzun idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Sevindirici haldır ki, 25-26 iyun 2019-cu il tarixlərdə Belarusiyanın Minsk şəhərində keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışlarında Qazax güləş məktəbinin yetirməsi Mahir Əmiraslanov respublikamızın idman şərəfini layiqincə təmsil edərək ilk qızıl medal qazanmışdır. 2019-cu ildə rayonumuzun idmançıları beynəlxalq miqyaslı yarışlarda 41, respublika yarışlarında isə 147 medal əldə etmişlər. Yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar rayon rəhbərliyi tərəfindən qəbul edilərək qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
2019-cu il ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. Belə ki, 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən 8305 hektar buğda, 4250 hektar arpa səpilmişdir.Həmin taxıl sahəsindən 42 min 330 ton məhsul götürülmüş, 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunmuşdur. Taxil sahələrində orta məhsuldarlıq 33,72 sentner təşkil etmişdir. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olmuşdur. Rayon üzrə cəmi 21622,1 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilmiş, onun 19804 hektarı bir illik əkinlər və çoxillik yem bitkiləri, 1539,1 hektarı meyvə bağları, 279 hektarı isə üzüm bağları olmuşdur. 2019-cu ilin payızında 2020-ci ilin məhsulu üçün 11392 hektar taxıl səpilmişdir. Onun 6916 hektarı buğda və 4476 hektarı isə arpadır. Hesabat ilində 1320 hektar kartof sahəsindən 40018 ton məhsul əldə edilmiş, məhsuldarlıq hər hektara 303,2 sentner olmuşdur. Rayonda 200 qutu tut ipəkqurdu becərilmiş və 7667,5 kiloqram yaş barama istehsal olunmuşdur. Bu 2018-ci ilə nisbətən 1407,2 kq çoxdur. 65 hektar sahədə tütün əkilmiş, 108,7 ton quru tütün təhvil verilmiş, məhsuldarlıq hər hektara 16,7 sentner olmuşdur. Heyvandarliq sahəsində istehsal 2018-ci ilə nisbətən 2019-cu ildə çox olmuşdur. Belə ki, 2019-cu ildə diri çəkidə ət istehsalı 58605 sentner (1707 sentner çox), süd istehsalı 320550 sentner (8428 sentner çox), yumurta istehsalı 12 520 000 ədəd (370 000 ədəd çox), yun istehsalı 2759 sentner (109 sentner çox) olmuşdur. Aqrar sahənin inkişafı ilə bağlı 2019-cu ildə rayonumuzda 10369 nəfər istehsalçıya 1.157 247 manat subsidiya verilmişdir.
Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Sahələrin 11863 hektarı öz axımı ilə, 5558 hektarı isə nasos stansiyaları vasitəsilə suvarılır. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kubmetr olan "Ağstafaçay”, 20 milyon kubmetr olan "Coğazçay” və 2,6 milyon kubmetr olan "İncəsu” çay su anbarları, tutumu 0,2 milyon kubmetr olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən "Şıxlı” arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır. 2019-cu ilin əkin sahələrinin suvarmasına hazırlıqla əlaqədar rayon ərazisində təmizlənməsi vacib olan 266 km uzunluğunda arxlar təmizlənməli olduğu halda 305 km uzunluğunda təsərrüfatlararası arxlar təmizlənmişdir. Təmizlənmiş arxların 149 km-i əl əməyi ilə, 156 km-i isə texnika vasitəsilə aparılmışdır. Hazırda idarənin balansında olan 21 nasos stansiyadan 19-u işləyir. Suvarmanın mütəşəkkil aparılması üçün nasos stansiyalarının iş rejiminə ciddi nəzarət edilir və yaranmış qüsurlar operativ olaraq aradan qaldırılır. 2020-ci ilin əkin sahələrinin suvarmasına hazırlıqla əlaqədar noyabr ayının 19-dan etibarən rayon üzrə 286 km arx və kanallarda lildən və kol-kosdan təmizlənmə işləri aparılır. Hesabat dövründə arx və kanalların 33 km-i texnika ilə, 70 km-i isə əl əməyi ilə təmizlənmişdir və hazırda işlər davam etdirilir. İdarənin rəhbərliyinə tapşırıq verərək bildirirəm ki, vətəndaşlar vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməlidir.
Qazax Melioservis İdarəsi təsərrüfat hesablı olmaqla, hesabat dövründə müqavilələr əsasında Qazax Suvarma Sistemləri İdarəsinin balansında olan arxların, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri və yenidən bərpası işlərini görmüşdür. İdarə il ərzində 285 403 manat dəyərində iş görmüş, bunun 142 000 manatı R-2 kanalında əsaslı təmir tikinti işləri üçün, 143 403 manatı isə Qazax Suvarma Sistemləri İdarəsinin balansında olan R-1 və R-4 kanallarında, "Axmaz”, "Daş Salahlı” və "Zor” arxlarında lildən təmizləmə və təmir işləri üçün istifadə olunmuşdur.
2019-cu ildə Qazax Rayon Məşğulluq Mərkəzinə 55 müəssisədən 1520 boş iş yeri təqdim olunmuş, işaxtaran və işsiz vətəndaşlardan 3014 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan 2869 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 1342 nəfərə işə göndəriş verilmiş, 1116 nəfəri daimi işlə təmin olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 420 nəfər işaxtaran vətəndaş "DOST İş Mərkəzi” MMC-yə haqqı ödənilən ictimai işə göndərilmiş və işlə 403 nəfər təmin olunmuşlar. Hesabat dövründə "Özünüməşğulluq” layihəsində iştirak etmək üçün müraciət etmiş 675 nəfərdən 636 nəfəri kənd təsərrüfatı üzrə, 40 nəfəri isə xidmət sahəsi üzrə müraciət etmişdir. Müraciət etmiş vətəndaşlardan 409 nəfərin biznes ideyasına uyğun olaraq təsərrüfat şəraitinə baxış keçirilmiş, onlardan 138 nəfər layihəyə cəlb olunmuş və kənd təsərrüfatı üzrə 109 nəfər aktivlərlə təmin olunmuşdur. Mərkəzdə 3 oktyabr 2019-cu il tarixdə "Əmək Yarmarkası” keçirilmiş, 29 idarə, müəssisə və təşkilatlardan 300 boş iş yeri çıxarılmış, 197 vətəndaş iştirak etmiş, 11 nəfər daimi işlə təmin olunmuşdur. Boş iş yerlərində əməyin ödənişində minimum əməkhaqqı 250 manat, maksimum əmək haqqı isə 500 manat olmuşdur.
Rayon Statistika İdarəsi yerli statistika orqanları üçün statistik işlər proqramına əsasən 2019-cu il ərzində müəssisə və təşkilatlardan hesabatlar toplamış, icmal məlumatlar, bülletenlər, təhlili məruzələr hazırlanmış, elektron və adi poçtla aidiyyəti ünvanlara göndərilmişdir. İlkin hesablamalara əsasən müəyyən olunmuşdur ki, il ərzində məhsul buraxlışının həcmi 240 300 000 manat olmuş, bu isə keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çoxdur. Kənd təsərrüfatı məhsulunun həcmi 92 200 000 manat olmaqla keçən ilə nisbətən 9,4 faiz çox, sənaye məhsulunun həcmi isə 40 996 000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 4,4 faiz çoxdur. Tikinti quraşdırma və ticarət sahəsində məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 381 manat, adambaşına məhsul buraxılışı 2452 manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 79 700 000 manat, tikinti quraşdırma işlərinin həcmi 75 500 000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 8 650 000 manat olan 240 yaşayış evi tikilib istifadəyə verilmişdir. Hesabat dövrü ərzində 20 müəssisə və 1830 yeni iş yeri açılmışdır ki, bunun 1418-i daimi iş yeridir. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 56800 nəfər olmuşdur ki, bunun da 54300 nəfəri məşğul əhalidir.
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə olduğu kimi, 2019-cu ildə də uğurla davam etdirilmişdir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Belə ki, hesabat dövründə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan bərpa-gücləndirmə və əsaslı təmir işləri yekunlaşmış və məktəb 4 fevral 2019-cu il tarixdə istifadəyə verilmişdir. 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində başlanılmış əsaslı təmir işləri və müasir tələblərə cavab verən güləş idman zalının tikintisi yekunlaşmaq üzrədir. Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin əsaslı təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən qiymətdir. Hazırda Dövlət Proqramında əksini tapan A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə Heydər Əliyev Fondu tərəfindən 220 şagird yerlik yeni məktəblərin tikintisinə başlanılmışdır. Ölkə rəhbərinin Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinin keçirilməsi barədə imzaladığı Sərəncama uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən 22 iyun 2019-cu il tarixdə Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında şairin büstü qoyulmuşdur.
2019-cu ildə Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli 922 nömrəli Sərəncamı ilə Qazax rayonunda 8 çoxmənzilli binaların dam örtüklərinin təmirinə 669,53 min manat vəsait ayrılmışdır. Sərəncama əsasən: Qazax şəhəri, Hüseyn Arif küçəsində yerləşən 2,3,4 və 5 nömrəli dördmərtəbəli, dörd və altı bloklu binaların ümumi sahəsi 5572 kv.m olan dam örtükləri əsaslı təmir olunmuş, binaların ümumi sahəsi 9876 kv.m fasad hissələri, blokları, əsaslı təmir olunaraq rənglənmiş, pilləkan qəfəsləri təmir olunaraq blokların giriş hissəsinə dəmir qapılar qoyulmuşdur. Qazax şəhəri Heydər Əliyev prospekti 127, Azadlıq küçəsi 31,32,34,107A, 109 və 113, M.V.Vidadi küçəsi 14, Ş.Çobanov küçəsi 15, Azadlıq küçəsi 151, Ə.Dilbazi küçəsi 2 və 4, Bakı küçəsi 1,74 və 76 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuşdur. Bakı küçəsi 1, Heydər Əliyev prospekti 173,175,179,171, 127, Azadlıq küçəsi 92, Ş.Xiyabanı küçəsi 12 və 14, Ə.Qədirov küçəsi 2,3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının fasad hissələri, blokları əsaslı təmir olunaraq blokların girişlərinə dəmir qapılar qoyulmuş, 4 binanın həyətində xeyir-şər evləri tikilmişdir. Hazırda Şəhidlər Xiyabanı 25 ünvanında yerləşən 5 mərtəbəli 4 bloklu, məcburi köçkünlərin məskunlaşdığı Şəhidlər Xiyabanı 27 ünvanında yerləşən 5 mərtəbəli 3 bloklu, M.V.Vidadi küçəsi 14 ünvanında yerləşən 2 mərtəbəli 1 bloklu çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri başa çatmaq üzrədir.
Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu ildə Qazax rayonunun 11 yaşayış məntəqəsində (Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaql, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndləri) 11 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur ki, hazırda həmin yaşayış məntəqələrində subartezian quyularının qazılması işləri yekunlaşmışdır.
Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin binası qəzalı vəziyyətdə olduğu üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həmin binada əsaslı təmir və yenidənqurma işləri aparılır və işlər yekunlaşmaq üzrədir.
Hesabat ilində respublikanın müxtəlif regionlarında olduğu kimi, Qazax rayonunda da imtiyazlı kateqoriyadan olan 16 nəfər (5 şəhid ailəsi və 11 Qarabağ müharibəsi əlili) üçün fərdi yaşayış evlərinin tikintisi işləri layihə-smeta sənədlərinə uyğun olaraq yekunlaşmaq üzrədir.
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri tərəfindən 2019-cu il ərzində rayon ərazisində qeydə alınmış 140 yanğın hadisəsinin qarşısı alınmış və yanğınlar söndürülmüşdür. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə 54 yanğın hadisəsi çox olmuşdur. Baş vermiş yanğınlardan 19-u həyətyanı sahələrə yığılmış ot bağlarında, 92-si yol kənarında quru ot və kol-koslarda, 5-i yaşayış evlərində, 24-ü isə digər yerlərdə baş vermiş yanğınlar olmuşdur. Hesabat dövründə rayonun cəbhəboyu zonada və digər yaşayış məntəqələrində aşkar edilmiş 17 ədəd müxtəlif növ partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rayonumuzda keçirdiyi tədbirlərdə yaxından iştirak edilmiş və lazımi tədbirlər görülmüşdür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən 2019-cu il ərzində vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Qazax rayonunda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı tam olaraq mütəşəkkil və vaxtında yerinə yetirilmişdir. Hesabat ilində Qazax rayonu üzrə 441 nəfər çağırışçı müxtəlif hərbi hissələrə təyin olunmuş və təyin olunduğu hərbi hissələrə tam olaraq vaxtında təhvil verilmişdir. Görülən işlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi tərəfindən müsbət hal olaraq qiymətləndirilmişdir.
Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax Rayon Polis şöbəsi tərəfindən məqsədyönlü tədbirlər davam etdirilmişdir. Belə ki, 2019-cu il ərzində 141 (148, -7) cinayət hadisəsi qeydə alınmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayət hadisələrindən 126-nin (130, -4) açılması təmin edilmişdir. Cinayət hadisələrinin açılma faizi 93,3 faiz (92,9% + 0,4%) təşkil etmiş, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə mülkiyyət əleyhinə olan cinayətlərin açılma faizi 7 % artmışdır. Hesabat dövründə qanunsuz saxlanılan silah-sursatların müəyyən edilərək götürülməsi və axtarışda olan şəxslərin tutulması istiqamətində Şöbənin əməkdaşları tərəfindən lazımi tədbirlər görülmüşdür. Şöbə üzrə axtarışda olanların tutulma faizi 81,6 % (81,4, +0,2) təşkil etmişdir. 2019-cu ildə 8 (4, +4) nəfər itkin düşmüş, onların tapılması 100 % təmin edilmişdir. Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax Rayon Polis Şöbəsi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər səmərəli şəkildə davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Komissiya hesabat dövründə Qazax rayonunda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə bu sahədə qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişdir. Hazırda rayon üzrə 147 nəfər narkomaniya və 70 nəfər xroniki alkoqolizm diaqnozu ilə xəstə qeydiyyatdadır. Komissiya bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və "Ümummilli Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirləri davam etdirməlidir. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən İnzibati Komissiya tərəfindən 2019-cu il ərzində komissiyanın 5 iclası keçirilmişdir. Keçirilmiş iclaslarda 6 məsələyə baxılmış və müvafiq qərarlar verilmişdir. İki məsələ barəsində çıxarılmış qərarlar vətəndaşlar tərəfindən könüllü olaraq icra müddətində icra olunmuş, digər 4 məsələ ilə bağlı verilmiş cərimələrin məcburi qaydada ödənilməsi üçün Qazax Rayon İcra və Probasiya şöbəsinə rəsmi məktub göndərilmişdir.
Hesabat dövründə rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə RİH başçısının rayonda fəaliyyət göstərən dindarlarla ayda bir dəfə görüşləri və dini işlər üzrə komissiyanın iclasları keçirilmiş, rayonda dini durumun vəziyyəti təhlil olunmuş, aidiyyəti dövlət qurumlarının rəhbərlərinə lazımi tapşırıq və tövsiyələr verilmişdir. Rayonun təhsil müəssisələrində, yaşayış məntəqələrində əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər arasında müxtəlif mövzularda dini maarifləndirici tədbirlərə geniş yer verilmişdir. Ötən il rayonda dini durum tam sabit olmuşdur.
RİHB aparatı yanında fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”ya 36 müraciət daxil olmuş, komissiyanın 10 iclası keçirilmiş, 26 məsələ müzakirə edilmişdir. Rayonun 9 ümumtəhsil məktəbi üzrə 13 nəfər şagirdin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi sahəsində təhsildən qərəzli şəkildə yayınma və əməyə cəlb olunma halları müşahidə edilmiş, Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlər (13 nəfər) məktəbdən xaric olunmuşlar. Qəyyumluq və Himayəçilik Komissiyasına hesabat dövründə ümumilikdə 287 müraciət daxil olmuş, komissiyanın 17 iclası keçirilmiş və 110 məsələ müzakirə edilərək müvafiq qərarlar verilmişdir.
2019-cu il ərzində Rayon İcra Hakimiyyətinə ümumilikdə 1975 müraciət daxil olmuşdur. Məlumat üçün bildirirəm ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu il ərzində bilavasitə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin sayı artmışdır. 2018-ci il ərzində İcra Hakimiyyətinə 1525, Prezident Administrasiyasına 269 müraciət, 2019-cu il ərzində isə İcra Hakimiyyətinə 1563, Prezident Administrasiyasına isə 329 müraciət daxil olmuşdur ki, bunlardan 172-i təkrar olmaqla 57 vətəndaş tərəfindən yazılmışdır. Müraciətlərin böyük əksəriyyəti sosial müdafiə, mənzil problemlərinin həll edilməsi, təmir-tikinti, işlə təmin olunma və digər məsələlərdən ibarətdir. 2019-cu il ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 20,9 faizi mərkəzi orqanlardan, 79,1 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 32,1 faizi müsbət həll olunmuş, 60,4 faizinə müvafiq izahat verilmiş, 5,1 faizi qismən həll olunmuş, 2,1 faizi aidiyyəti üzrə göndərilmiş, 0,3 faizi baxılmamış saxlanılmışdır. 2019-cu ildə təsdiq edilmiş qrafik üzrə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda 1453 nəfər vətəndaş iştirak etmişdir. Milli Qəhrəmanlar və onların ailələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, digər imtiyazlı vətəndaşlar birinci növbədə qəbul olunurlar. Hesabat dövrü ərzində əlavə olaraq 655 nəfər fərdi qəbulda iştirak etmiş, vətəndaşlara müvafiq köməklik göstərilmiş və izahatlar verilmişdir. Hesabat dövrü ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə vətəndaşlarla 44 səyyar görüş keçirilmişdir. Keçirilmiş səyyar görüşlərdə 5052 nəfər rayon sakini iştirak etmişdir. Səyyar görüşlər zamanı rayon sakinləri tərəfindən qaldırılmış 208 məsələdən 23-ü rabitə və telekommunikasiya ilə bağlı mövcud problemlər, 22-i elektrik təchizatı, 9-u təbii qaz verilişi, 38-i içməli su, kanalizasiya və suvarma məsələsi, 12-i yol infrastrukturu, 20-i işlə təmin olunma, 7-i uşaq bağçasının açılması, təmiri və tikintisi, 3-ü məktəb binasının tikintisi, 8-i mənzillə təmin olunması və ya mənzilin təmiri, 5-i müalicəyə köməklik, 61-i isə digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan problem və təkliflərdən 92-i (44,23 %) müsbət həll edilmiş, 28-i (13,46 %) üzrə qanunamüvafiq cavab verilmiş, 47-i (22,6 %) icraata götürülmüş, 16-sı (7,69%) Dövlət Proqramında nəzərdə tutulmuş, 25-i (12,02 %) barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Hər il olduğu kimi, 2019-cu ildə də "ASAN xidmət” rayonda vətəndaşlara xidmət göstərmişdir. Xidmət tərəfindən rayonumuza 3 dəfə, 15 aprel - 04 may tarixlərində Səyyar xidmət avtobusu, 02 sentyabr - 01 oktyabr tarixlərində Səyyar Asan Qatar və 06 noyabr - 05 dekabr 2019-cu il tarixlərində Gəncə Səyyar ASAN xidmət avtobusu göndərilmişdir. Ümumilikdə müraciətlərin sayı 20040 olmuş, "ASAN xidmət”in fəaliyyətindən 18152 nəfər rayon sakini yararlanmışdır.
Bildiyniz kimi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı təsdiq edilmişdir. Dövlət Proqramının əsas vəzifələri proqramın əsas vəzifələri Respublikanın regionlarının davamlı və tarazlı inkişafının təmin olunması, iqtisadiyyatın inkişafı, yüksək standartlara cavab verən sosial rifah, təbii resurların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir. Dövlət Proqramında Qazax rayonumuz da diqqətdən kənarda qalmamışdır. Belə ki,
- sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi;
- mebel istehsalı müəssisəsinin fəaliyyətinin genişləndirilməsi;
- kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı;
- kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi;
- yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi;
- elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi;
- qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi;
- içməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi;
- telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi;
- torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi, Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası;
- Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Orta Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Çaylı, Canalı, Qazaxbəyli, Hüseynbəyli, Abbasbəyli, Cəfərli, Qaymaqlı, Kəmərli, Dəmirçilər, Bala Çaylı, Kosalar, Xanlıqlar, Aslanbəyli, Ürkməzli, Alpout kəndlərində subartezian quyularının qazılması;
- sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi;
- mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi;
- çoxmənzilli binaların dam örtüyünün təmiri işlərinin davam etdirilməsi;
- Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi;
- səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi;
- mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası;
- Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi;
- Qaymaqlı kəndində yeni məktəbin tikintisi (başlanılıb)
- Kəmərli kənd məktəbinin əsaslı təmiri
- Kosalar kənd məktəbinin bərpa-gücləndirilməsi və əsaslı təmiri (yekunlaşmaq üzrədir)
- Orta Salahlı kənd tam orta məktəbin tikintisi
- Sarıvəlli kənd tam orta məktəbin tikintisi (başlanılıb)
- II Şıxlı kənd tam orta məktəbinin əsaslı təmiri
- Qazax şəhər 5 nömrəli tam orta məktəbinin əsaslı təmiri
- Çaylı kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri
- Məktəb-liseyin əsaslı təmiri
Göründüyü kimi, Dövlət Proqramında yuxarıda qeyd edilən və nəzərdə tutulan işlərin görülməsi birbaşa rayonumuzun inkişafına öz təsirini göstərərək, rayon əhalisinin rifah halının və yaşayış şəraitinin yaxşılaşacağını təmin edəcəkdir. Odur ki, bundan sonra da hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Hər bir sahədə şəffaflıq və ədalət olmalıdır. Bu yolda hər birimizə uğurlar arzulayıram.
GOYEZEN.AZ
Facebook-da paylaş