Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə çevrilirlər
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------- Şəhidlik! Ən uca və müqəddəs olan zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür. Torpaq, Vətən, xalq, millət, dövlət uğrunda canından keçən, ölümün gözünə dik baxaraq Şəhidlik adlı uca zirvəni bir göz qırpımında, qorxu bilmədən fəth edən igid Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq da bizim hər birimizin ən ümdə borcu olmalıdır. Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağını isə and yerimiz hesab etməliyik. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Orxan Əliyevin, Zülfüqar Vəkilovun, tibb xidməti leytenantı Adil Əfəndiyevin, İmran Allahverənovun, çavuş Natiq Məmmədovun, Alı Mollayevin, Mahmud Seyidovun, Cabir Hüseynovun, Seymur Əliyevin, Tavad Mustafayevin, Qaratel Hacımahmudovanın, baş çavuş Yavər Mirzəyevin, baş leytenant Faiq Əhmədovun əziz xatirəsini ehtiramla yad edirik. Əliyev Orxan Məhəmməd oğlu Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Cənnətdən məktublar” adlı kitab yazılmışdır. Vəkilov Zülfüqar Tahir oğlu Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağrılmış və müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur. Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb. Allahverənov İmran Dursun oğlu Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq “N” saylı hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Çavuş Məmmədov Natiq Məhəmməd oğlu Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağrılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. Mollayev Alı Vəli oğlu Mollayev Alı Vəli oğlu 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ilə məktəbi bitirərək sovet ordusu sıralarına çağrılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəli idi. İki övladı var. Seyidov Mahmud Musa oğlu Seyidov Mahmud Musa oğlu 12 avqust 1931-ci ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbində təhsil almışdır. Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Əlibayramlı kəndində 2 il sürücü işləmişdir. 1963-cü ildən 1985-ci ilə qədər Gürcüstan Respublikasının Rustavi şəhərində zavodda fəhlə birqadir işləmiş və təqaüdə çıxmışdır. 23 may 1993-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Hüseynov Cabir Çərkəz oğlu Hüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artilleriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur. Əliyev Seymur Rövşən oğlu Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2005-2006-cı illərdə şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Subay idi. Mustafayev Tavad Calal oğlu Mustafayev Tavad Calal oğlu 1957-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Kəmərli kənd tam orta məktəbində təhsil almışdır. 1975-1977-ci illərdə SSRİ-də hərbi xidmətdə olmuşdur. 1982-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra kənddə yaşayaraq sovxoz direktorunun sürücüsü işləmişdir. 15 avqust 2004-cü ildə rayonun Daş Salahlı kəndində posta qalxarkən minaya düşərək şəhid olmuşdur. Hacımahmudova Qaratel Şəmi qızı Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilib. Baş çavuş Mirzəyev Yavər Abbas oğlu Mirzəyev Yavər Abbas oğlu 20 avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Mirzəyev Yavər Abbas oğlu 16 avqust 1993-cü ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin adını daşıyır. Subay idi. Baş leytenant Əhmədov Faiq Nazim oğlu Əhmədov Faiq Nazim oğlu 28 oktyabr 1969-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evlidir. 2 qız övladı var. Ailəsi dövlət tərəfindən evlə təmin olunmuşdur.
Facebook-da paylaş