Qazaxda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Avqustun 11-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində ”Qanunların aliliyi, Suverenliyin əbədiliyi rənglər dünyasında” başlıqlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib. Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları, rəsm dərnəyinin üzvləri, valideynlər iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin tarixi keçmişimizə, dövlətimizin Əsas Qanunu olan Konstitusiyamıza verdiyi dəyərin göstəricisidir. 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz 2020-ci il sentyabrın 27- də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır. Bu gün ölkəmiz öz tarixinin ən qüdrətli dövrlərini yaşayır. Dünya miqyaslı diplomatik uğurlarımız xalqımıza qürur hissləri yaşadır. Tariximizin möhtəşəm səhifələri uşaqların zərif barmaqlarının dili ilə rənglər dünyasına köçürülür. Bu cür müsabiqələr şagirdlərdə öz tarixinə, öz Vətəninə, öz möhtəşəm qələbəsinə dərin məhəbbət aşılayır, vətənpərvərlik hisslərini möhkəmləndirir. Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək vurğulayıb ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir. Hər bir Azərbaycan vətəndaşı böyük inamla, ümidlə gələcəyə nikbin baxır. Müsabiqə iştirakçılarının əl işlərindən də aydın görmək olur ki, dövlətçilik ideyaları və milli dəyərlər uşaqlarımıza yüksək səviyyədə təbliğ edilib və bu da onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrində özünü göstərir. Sonra müsabiqə iştirakçıları öz rəsmləri haqqında məlumat veriblər. Tədbir müsabiqə qaliblərinin mükafatlandırılması ilə başa çatıb. Müsabiqənin yekununda Bənnayev Anar Fədai oğlu I yerə, Məmmədli Gülər Samir qızı II yerə, Təhməzli Nüşabə Yusif qızı, Qarayeva Yeganə Qara qızı III yerlərə layiq görülüblər. Digər iştirakçılar isə həvəsləndirici Fəxri Fərmanlarla təltif olunublar.
Facebook-da paylaş