• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir”


2025-ci ilin 22 avqust tarixi Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Respublikasına işgüzar səfəri, səfər zamanı Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatla yadda qaldı.

Prezident İlham Əliyev bildirdi ki, Türkmənistan əmin əllərdədir. Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

Ölkə başçısı qeyd etdi ki, Türkmənistanla mövqelərimiz üst-üstə düşür. Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Dövlət başçısı vurğuladı ki, Türkmənistan Qarabağda məscid inşa edəcək. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.


Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir. Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.

Ölkə rəhbəri söylədi ki, Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun.


Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlərə gəlincə iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 08 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər tərəfdaşlığımızın inkişafını şərtləndirir.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 noyabr 2021-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Sammitində iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 iyun 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 dekabr 2022-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir.


Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov 11 mart 2020-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov 02 mart 2023-cü ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 21 yanvar 2021-ci ildə Türkmənistana rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 27 noyabr 2021-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurasının 15-ci iclasında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir. 

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri Fəzail Ağamalıdır. Üzvlər isə Cəbi Quliyev, Eldar İbrahimov, Elşən Musayev, Vahid Əhmədov, Şahin İsmayılov, Əziz Ələkbərovdur.

9 iyun 2018-ci ildə Türkmənistan Məclisi tərəfindən “Xarici ölkələrin parlamentləri ilə parlamentlərarası dostluq qruplarının yaradılması” haqda qərar qəbul olunmuş, Türkmənistan Məclisi və Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası dostluq qrupu yaradılmışdır. Qrupun rəhbəri Məclisin sosial siyasət üzrə komitəsinin sədri Aşırov Qurbanmırat Durdımıradoviçdir.

Müqavilə-hüquq bazasına gəlincə 89 sənəd imzalanmışdır. Mühüm sənədlər isə Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 08 avqust 2017-ci il.


İqtisadi sahədə əməkdaşlığa gəlincə 28 noyabr 2008-ci ildə Aşqabadda Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası haqda Saziş imzalanmış və 4 mart 2009-cu ildə qüvvəyə minmişdir.

Komissiyanın həmsədrləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir. Komissiyanın sonuncu 7-ci iclası 28 noyabr 2023-cü ildə Aşqabad şəhərində keçirilmişdir. 

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistan ilə ticarət dövriyyəsi 88,42 faiz, o cümlədən idxal 76,36 faiz artmış, ixrac isə 4,72 dəfə çox olmuşdur. 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,63 faiz (13-cü yer), o cümlədən idxalda 4,50 faiz (5-ci yer), ixracda isə 0,25 faiz (26-cı yer) təşkil etmişdir. İdxalda artımın əsas səbəbi kimi xam neft, təbii qaz, maye yanacaq və sair məhsulların idxalının artmasını göstərmək olar. İxracda artım əsasən alüminiumdan məftil, tros və kabellər, pambıq lifi, şəkər və sair məhsulların ixracının artması hesabına olmuşdur.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mühüm hadisə oldu. Belə ki, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzaladılar.

“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzaladılar.



Facebook-da paylaş