• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər”


Cari ilin 22 avqust tarixi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri, hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatla yadda qaldı. 

Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfərdən söz açan Prezident İlham Əliyev bildirdi ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

Ölkə başçısı qeyd etdi ki, səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

Ümidverici perspektivlərə toxunan dövlət başçısı vurğuladı ki, artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.


Ölkə rəhbəri bildirdi ki, səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Ölkə başçısı söylədi ki, enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Ümidverici tendensiyadan söz açan dövlət başçısı qeyd etdi ki, nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular.


Qardaşlıq əlaqələrinin önəmli amilindən danışan ölkə başçısı bildirdi ki, bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir. Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Prezident İlham Əliyev qeyd etdi ki, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi Özbəkistandan oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Əməkdaşlığın praktik nəticələrinə toxunan ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. İnvestisiyalarının inkişaf dinamikasına gəlincə bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu çox sürətlə inkişaf edəcəkdir.


Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra aşağıdakı sənədlərin imzalanması mərasimi də təşkil olundu.

Tarixi sənədlər olan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum” imzalandı. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” də imzalanmış mühüm sənədlər sırasında dayanır.


Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Əməkdaşlığın inkişaf dinamikasına gəlincə Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Münasibətlərimizin tarixindən xəbər verən faktlara gəlincə Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Heç kəsə sirr deyil ki, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Bu gün bütün dünya dostluğa sadiq Özbəkistanı görür. Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.


Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

Əməkdaşlığın diplomatik müstəvisi yüksək səviyyədədir. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.

Əməkdaşlıq əlaqələrinin uğurunu təmin edən önəmli amillərdən biri də odur ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Onu da əminliklə deyə bilərik ki, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.


Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür.

Əməkdaşlığın hüquqi bazasına gəlincə iki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Əməkdaşlığın qlobal əhəmiyyəti də böyükdür. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Humanitar əməkdaşlığın əhəmiyyətinə gəlincə Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".



Facebook-da paylaş