• Təqvim

  • Unutma

  • Maraq



İki ölkə arasında münasibətlərin yeni mərhələsi


Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə dayanır. Xalqlarımızı ümumi dil qrupu, yaxın mədəniyyət və din birləşdirir. 30-cu illərdə Azərbaycan xalqının ziyalılarına qarşı törədilən məlum repressiyalarda on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb, bu gün 40 mindən çox soydaşımız Özbəkistanda cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edir. İki ölkə arasında siyasi münasibətlər isə 1995-ci ilin oktyabrında başlamış, 1996-1998-ci illərdə hər iki ölkədə səfirliklər yaradılmış, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün dövlət başçılarıın səfərləri baş tutmuş və səfərlər çərçivəsində mühüm saziş və müqavilələrdən ibarət sənədlər paketi imzalanmışdır. Bundan əlavə, beynəlxalq təşkilatların - NATO, İKT, MDB, GUAM sammitlərində iki ölkə prezidentlərinin görüşləri Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.

Ulu Öndər siyasətinin layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi praqmatik və uğurlu siyasət sayəsində Azərbaycanın qonşu və dünya dövlətləri ilə münasibətləri dostluq və əməkdaşlıq şəraitində daha da yüksələn xətlə inkişaf etməkdədir. O cümlədən Özbəkistanla da dostluq, qardaşlıq münasibətlərinin inkişafı, xalqlarımız arasında əlaqələrin təməli həm qarşılıqlı siyasi əlaqələr, həm də iqtisadi əməkdaşlıq fonunda daha da möhkəmlənmişdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev Özbəkistana səfərlər etmiş və bütün istiqamətlərdə fəal əməkdaşlıq, səmərəli nəticələrə əsaslanan nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər əldə edilmişdir. Prezident İlham Əliyev cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına rəsmi səfər etmiş və səfər çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində iştirak etmiş, eyni zamanda Özbəkistanda geniş tərkibli görüş keçirmiş, strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalamışdır.

Ölkə başçısı ilk olaraq Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılış mərasimində iştirak etmişdir. Mötəbər mərasimdə çıxışı zamanı İlham Əliyev bildirmişdir ki, bu meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib.

Müstəqilliyimizin ilk illərində ölkədə hakimiyyəti zorla ələ keçirmiş səriştəsiz "siyasətçilər” üzündən Azərbaycanda yaranmış vəziyyət haqqında danışan dövlət başçımız qeyd etmişdir ki, vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır.

Prezident həmçinin qürur hissi ilə vurğulamışdır ki, biz, onun davamçıları fəxr edirik ki, Ulu Öndər Heydər Əliyevin "Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər” deyərək vəsiyyət etdiyi, tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə onun bütün vəsiyyətlərini həyata keçirmişik.

Ulu Öndər Heydər Əliyevin özbək xalqına olan sevgisindən danışan İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev özbək xalqına böyük sevgi bəsləyirdi. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.

Prezident İlham Əliyev Özbəkistana səfəri çərçivəsində geniş tərkibli görüş zamanı qarşılıqlı iqtisadi fəaliyyət haqqında geniş nitqində söyləmişdir ki, qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq. Kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətləridir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılması öz əksini tapmışdır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş