Prezident İlham Əliyev: “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq”
Xəbər
verdiyimiz kimi, yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan
Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen
resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma
Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş
keçirilib. Xalqların rifahına xidmət edən
beynəlxalq əməkdaşlıq Sazişin imzalanması
dostluq və qardaşlıq münasibətlərinin rəsmiləşdirilməsi deməkdir. 21.01.2021-ci
il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində
"Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi
və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Xəzərin karbohidrogen
yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır. Etibarlı münasibətlər davamlı əməkdaşlığın əsasıdır. Ölkələr
arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin yaradır.
Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq
ruhunda davam olunmasına xidmət edir. Qurulan əməkdaşlıq əlaqələri bütün
istiqamətlər üzrə inkişaf etməlidir. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq
sənəddir.
Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi
üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da
yaxınlaşdıracaq.
Yeni perspektivləri vəd edən əməkdaşlıq. Xəzər mehriban
qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd
olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.
Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır. Perspektivə hesablanmış əməkdaşlıq. Bizim əməkdaşlığımız
xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsinin qorunmasına
xidmət edir. Azərbaycan və Türkmənistan xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq,
ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya
ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada
Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak
bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü
müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran
bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan
Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm
də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Əməkdaşlığın
strateji əhəmiyyəti
Nəqliyyat ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin strateji
istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də
qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat
infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən
keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan
arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz
limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz
arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait
və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə
çatacaq. Regional əməkdaşlığın
yeni perspektivləri. Azərbaycan, Türkmənistan və Türkiyə
arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq
formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri
infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait
yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında Memorandumun
imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq
Transxəzər layihəsinə "yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil
olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və
bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir.
Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha,
investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin
beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Beynəlxalq investisiyalar üçün cəlbedici ölkələr. Bu
gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal
transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox
mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır.
Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait
yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır. Ölkələrimizin inkişafı artıq qəbul olunmuş beynəlxalq faktdır. Türkmənistan
və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət
barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən
ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər
xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və
növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə
möhkəm sadiqdirlər. Etibarlı
və qardaşlıq münasibətlərinin qorunmasının əhəmiyyəti
Ölkələrimiz arasında heç bir mübahisəli məsələ qalmayıb. Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin
formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş
etdiriblər. İmzalanmış Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji
resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət
üçün yeni imkanlar yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi
strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq
strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının
Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək
qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı
mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri
Türkmənistan tərəfindən fəal dəstəklənmişdir. Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında
qurulub.Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi
ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın
davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir. Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə
inkişaf edir. Son 3 ildə Türkmənistan və Azərbaycan
prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox
sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd
imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ölkələr arasında mövcud münasibətlərin yeni səhifəsi. 21
yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində
yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin
möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona
görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq. Uğurlu əməkdaşlığa zəmin yaradan humanitar faktorlar. Ölkələrimizin
həm tarixi, həm də mədəni baxımdan oxşarlığını, ortaq köklərimiz, ortaq
dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin
potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik.
GOYEZEN.AZ
Facebook-da paylaş