• Təqvim

  • Maraq



Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir


Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri Azərbaycanla bu ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldən mühüm siyasi–tarixi hadisədir. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ikitərəfli münasibətlərə yeni məzmun gətirib və xalqımızın milli maraqlarına xidmət edir. Hər iki ölkə arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır.   

Uzun illərdir ki, dost və qonşu Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır və son dövrlərdə iki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Bu faktlar iki dövlət başçısı arasındakı görüş zamanı xüsusi vurğulanıb.

Ölkəmizin milli maraqlarına tam uyğun olan 43 maddəlik Moskva Bəyannəməsində hər iki ölkənin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb.

Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli Bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.

Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi ölkə başçısı cənab İlham Əliyevin dahi siyasətçi olduğunu bir daha təsdiqlədi.

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamaları regionumuzda yeni siyasi-iqtisadi eranın başlanmasıdır. 


Prezident İlham Əliyev cənablarının bilavasitə rəhbərliyi ilə aparılan xarici siyasət diplomatiyasına nəzər saldıqda görürük ki, müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması heç də asan proses deyil və bu mühüm sənəd 2008-ci ildə imzalanan Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin uğurlu davamı kimi də qiymətləndirilə bilər. Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə iki dövlət arasındakı etimadlı münasibətlərin danılmaz sübutudur. Belə ki, Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi və hərbi tərəfdaşlıq müstəvisindəki inkişafına böyük töhfələrini verəcək.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar və bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olundu. Artıq Moskva Bəyannaməsinin də imzalanması Cənubi Qafqaz regionunda yeni konfiqurasiyanın əsas oyunçularını müəyyən etdi. Azərbaycan, Türkiyə və Rusiya birlikdə regionumuzun təhlükəsizliyini, iqtisadi inkişafını təmin edəcəklər. Qarşıda bu üçlüyün daha çox uğurlu platformalarda bir araya gələcəklərini, birləşəcəklərini əminliklə proqnozlaşdıra bilərik. O cümlədən, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Yəni qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, dost və qonşumuz Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Hər iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.

Anar NƏBİYEV,

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri



Facebook-da paylaş