• Təqvim

  • Maraq



Gələcək münasibətlərə xidmət edən tərəfdaşlıqlar


Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur günüdür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanın yarandığı dünyaya bəyan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümüAzərbaycan xalqı bu gün də fəxr və qürurla qeyd edir. Və xoşbəxt xalqıq ki, 103 il əvvəl Şərqin ilk demokratik dövlətinin varisi olan Azərbaycan bu gün yüksək beynəlxalq nüfuza malikdir. Bu gün fəxrlə deyə bilərik ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Bunu ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları da bir daha sübut etdi.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 28 May - Respublika Günü münasibətilə dünyanın 60-dan çox dövlətinin rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərdi. Təbrik məktublarının sırasında ABŞ, Rusiya, Çin, Almaniya, İtaliya, Yaponiya və bir çox dövlətlərin olması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının nümunəsidir. Müstəqil xarici siyasət aparan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı starateji tərəfdaş kimi qəbul edilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmiz Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlətə çevrilib, ikitərəfli və çoxşaxəli əlaqələr fonunda regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar quraraq heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan beynəlxalq strateji tərəfdaşa çevrilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı böyük strateji layihələrin reallaşdırılması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik xarici siyasətin göstəricisidir. Ölkəmiz qlobal xarakterli məsələlərin həllində aktiv iştirak edir, əsas siyasi-strateji, qlobal tribuna rolunu oynayaraq beynəlxalq qurumlarda uğurla təmsil olunur. Öz ərazi bütövlüyünü təmin edərək regionda sabitləşdirici faktor olmasını sübut etməklə yanaşı, həm də bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələrini verir. Bu cür regional əməkdaşlıqlar və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrlə ölkəmizin beynəlxalq nüfuzu artır və mövqeyi möhkəmlənir. Əldə olunan uğurlara, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkələr tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir.

Dövlət başçıları təbrik məktublarında xalqların rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində Azərbaycanın mövqeyini dəstəkləyəcəklərini vurğulamış, dövlətlər arasında əməkdaşlıqların və tərəfdaşlıqların bundan sonra da inkişafına çalışacaqlarını qeyd etmişlər.

Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərə çarpacaq uğurlar əldə etdiyini vurğulayıb. Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirən Rusiya Prezidenti Azərbaycan ilə dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib.

Çin də həmçinin Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Çin Respublikasının sədri Si Cinpinin təbrikində ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasında ölkəmizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkir. Dünyanın ən böyük güc mərkəzlərindən olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.

Azərbaycan və İran arasında da münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb.

Xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasını vurğulayan İtaliya Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlığın perspektivlərini qeyd etmiş, azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən öz təsdiqini tapdığını bildirmişdir.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin müasir dövrün tələbləri və reallıqlarına uyğun şəkildə davam etdirdiyi praqmatik xarici siyasət kursu Azərbaycanın milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli region amilidir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və sarsılmaz mövqeyini təmin etmişdir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş