• Təqvim

  • Maraq



Qarşılıqlı əməkdaşlığa və strateji tərəfdaşlığa töhfə verən Bəyannamə


Eyni mədəniyyətə, eyni kökə, eyni dil və dinə malik Azərbaycan və Qırğızıstan xalqları arasında tarixi köklərə əsaslanan münasibətlər mövcuddur. 1930-cu illərin repressiyaları zamanı Qırğızıstana sürgün edilənlər və onların övladları da olmaqla bu gün orada minlərlə soydaşımız yaşayır. Və iki ölkə arasında iqtisadi, mədəni sahədə sıx əməkdaşlığın formalaşmasında böyük rola malikdirlər. Siyasi müstəvidə də iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Dəfələrlə dövlət başçılarının səfərləri münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfərlər zamanı dövlətlər arasında qarşılıqlı anlaşma və dostluq, əməkdaşlıq haqqında sənədlər imzalanır, mədəni və mənəvi əlaqələrin genişlənməsi istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin varislik prinsipi əsasında həyata keçirdiyi siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. İki ölkə arasında səfirlik və konsulluq səviyyəsində rəsmi münasibətlər yaradılıb, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri bu gün də ən yüksək səviyyədə davam etdirilir. Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

20 Aprel 2022-ci il tarixdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlmiş, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanmışdır. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Bu, isə dövlətlər arasında əməkdaşlığın səmərəliliyini artıran amildir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər.

Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Çünki iki ölkə arasında xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix mövcuddur. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş