• Təqvim

  • Maraq



Qazaxda Aşıq Kərəm İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib


Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını alıb.

Sentyabrın 4-də aşıq, saz sənətini yaşatmış, el havalarının mahir ifaçısı ustad Aşıq Kərəm (Nəsibovun) İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Aşıq Kərəm İncəlinin sözünə, saz havalarına, şəxsiyyətinə dəyər, qiymət verənlər aşığın ünvanına səmimi ürək sözlərini səsləndiriblər. 

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi əvəzi Səbuhi Xasməmmədov, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şair Rəfael İncəyurd, təqaüddə olan ziyalı, şair Zaməddin Ziyadoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, Aşıqlar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, şəhid ailələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, aşığın ailə üzvləri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində ustad aşıq haqqında dəyərli ziyalıların, şairlərin, aşıqların söylədikləri ürək sözlərinin yer aldığı videoçarx nümayiş etdirilib. 

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, ustad Aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın dünyada tanıdılmasında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. B.Vüsal Qazaxda saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə, milli dəyərlərimizi yaşadanlara böyük diqqət göstərilir, böyük ehtiram var. O, bugünkü tədbirin keçirilməsini Aşıq Kərəm İncəlinin simasında bütün aşıqlarımıza, aşıq sənətini uca tutanlara verilən dəyər kimi qiymətləndirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin, qayğının şahidi olduğunu dilə gətirib. Rayonda şairlərin, yazarların, aşıqların yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını söyləyən şair bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. “Bu gün Ədəbiyyat Muzeyində o sənətkar haqqında yubiley tədbiri keçirilir ki, o, sözün həqiqi mənasında yüksək səviyyədə tədbirin keçirilməsinə layiq olan ustad aşıq, sənətkardır. Aşıq Kamandarın şəyirdi olmuş, onun aşıq məktəbini qızıl diplomla bitirmiş Kərəm İncəlinin saz şöləninə toplaşmaq qürurvericidir. Aşıq Kərəm İncəli qısa ömür yaşasa da gələcək nəsillərə, gənc aşıqlara örnək, nümunə olacaq bir iz qoyub. Şərəfli və mənalı ömründə miras qoyduğu şeirləri, ifa etdiyi saz havaları hələ neçə-neçə gənc aşıq üçün bir məktəbdir”, - deyən B.Vüsal ustad aşığın ömür yolundan, yaradıcılığından geniş bəhs edib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, ustad aşığın ünvanına səmimi ürək sözlərini çatdırıb. Aşıq Kərəm İncəlinin yubiley tədbirinin keçirilməsində əməyi olan insanlara və bugünkü tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıq sənətinə ölkəmizdə dövlət səviyyəsində qayğı göstərildiyini söyləyib. Ulu Öndərin aşıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da aşıq sənətinə yüksək dəyər verdiyini diqqətə çatdırıb. 30 sentyabr 2009-cu il tarixdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazıldığını, YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb. Bu hadisənin aşıq sənətinin Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqlədiyini qeyd edib. Bildirib ki, bu uğur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir. İcra başçısı Qazaxda aşıqların, şairlərin yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək bunun bariz nümunəsi olaraq bugünkü tədbiri göstərib. Aşıq Kərəm İncəli haqqında fikirlərini bölüşən rayon rəhbəri vurğulayıb ki, “Əlli il ömür yaşayasan, ömür sürəsən, ancaq belə iz buraxasan, xalq tərəfindən seviləsən, xalqın sevgisini qazanasan, dövlət tərəfindən dəyərli qiymət alasan, bu, hər adama, hər sənətkara, aşığa nəsib olmur. 50 yaşında bu şərəfli ömrü yaşamaq Kərəm İncəli şəxsiyyətinin böyüklüyünün, onu yetişdirən torpağın gücünün göstəricisidir. 50 yaşında ömrünü başa vursa da Aşıq Kərəm İncəli ziyalılar tərəfindən qiymətini almış, onun haqqında dəyərli fikirlər səslənmişdir. Xalqına, Vətəninə olan sevgisini qələmə aldığı şeirlərində, ifa etdiyi saz havalarında çatdıran Aşıq Kərəm İncəlinin ölümündən sonra 60, 75, 80 illik yubiley tədbirlərinin keçirilməsi onun aşıq sənətinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir”.


Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu söyləyib, tədbirin keçirilməsində əziyyəti olan insanlara razılığını ifadə edib. Ölkə Prezidenti İlham Əliyevin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edilməsini razılıqla qarşılayan N.Cəfərov buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Aşıq Kərəm İncəli haqqında xatirələrini bölüşən natiq onun ustad və peşəkar aşıq olduğunu vurğulayıb. Aşıq Kamandarın şəyirdi olmuş Kərəm İncəlinin onun aşıq sənətini layiqincə təmsil etdiyini, qısa ömür yaşasa da bu işin öhdəsindən layqincə gəldiyini söyləyib. Aşıq ədəbiyyatını yaşadan bir aşıq kimi Kərəm İncəlinin bundan sonra da qəlblərdə əbədi yaşayacağını qeyd edib.

Çaylı Mədəniyyət evinin direktoru Məhəmmədəli Məşədiyev, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfael İncəyurd, təqaüddə olan ziyalı şair Zaməddin ZiyadoğluAzərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mübariz Qaragözlü çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Aşıq Kərəm İncəli haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər. Sənətə, sənət adamlarına dəyər verən insanlara, yubiley tədbirinin təşkilində əməyi keçən insanlara, xüsusilə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Aşıq Kərəm İncəlinin səsinə sahib çıxmağı bacaran ustad aşıq olduğunu, onun özünəməxsus ədəb-ərkanı, qələmə aldığı şeirləri, ifa etdiyi saz havaları ilə hər zaman seçildiyini dilə gətiriblər. Aşıq Kərəm İncəlinin az yaşamasına baxmayaraq ürəklərdə qalmağı bacardığını qeyd ediblər. 

Yubiley tədbirində iştirak edən gənc Aşıq Samir Cəlaloğlu, Aşıq Saqif Məzəmli, Aşıq Osman, Aşıq Mahal, Aşıq Zülfüqar Şamilov, (balabanda Tahir İsgəndərov) ustad Aşıq Kərəm İncəlinin vaxtilə qələmə aldığı şeirlərini, ifa etdiyi saz havalarını səsləndiriblər. 


Sonda Aşıq Kərəm İncəlinin oğlu Valeh Nəsibov çıxış edərək saz, söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş bugünkü yubiley tədbirinin təşkilinə görə ölkə başçısına, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Atasının ünvanına xoş sözlər söyləyən, təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.

 

Aşıq Kərəm Nəsibov (İncəli) 11 mart 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandar Əfəndiyevdən öyrənməyə başlamışdır. Kamandar Əfəndiyevin qeyd etdiyinə görə “Sənət məktəbi”ni qızıl diplomla bitirən ilk şəyird Kərəm Nəsibov olmuşdur. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən istedadlı gənc aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyada çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük şöhrət qazanmışdır.

Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət evinin nəzdində Aşıqlar Ansamblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, Mədəniyyət Nazirliyi tərəfindən dövrünün bir çox yüksək mükafatlarına layiq görülmüşdür. Orta Asiya respublikalarında, Türkiyə və İranda dəfələrlə tədbirlərdə iştirak etmişdir.

Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incəliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus şəkildə ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır. 72 əsas aşıq havasını və öz bildiyi 193 saz havasına aid konspektləşdirilmiş halda mətn hazırlamışdır və bu gün də Azərbaycan İncəsənət Universitetində Aşıqlar bölməsində həmin materiallar dərs vəsaiti kimi istifadə olunur. Kərəm Nəsibovun çoxsaylı ifaları  "Azərbaycan  Televiziya və Radio Verilişləri" QSC-nin qızıl fondunda qorunmaqdadır. 

60-a yaxın dastan bilən Kərəm Nəsibov Türk dünyasında ilk dəfə rəsmi qaydada Aşıq Ələsgər rolunu aparmışdır və dəfələrlə bu rolda ölkə və ölkə xaricində Moskvada çıxış etmişdir. Yaradıcı aşıq olan Kərəm İncəlinin ömür və sənət yoluna həsr olunmuş iki kitab və bir jurnal nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır.

1995-ci ildə 50 yaşında, anadan olduğu 11 mart tarixində, dövlət televiziyasının çəkilişi zamanı, saz sinəsində dünyasını dəyişmişdir. Özündən sonra zəngin irs qoymuş ustada dövrümüzdə Azərbaycan Dövlət televiziyası, İctimai Televiziya və eləcə də bir sıra özəl kanallarda onlarla sənədli film və verilişlər həsr edilmişdir. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən ustad aşıq Kərəm İncəlinin 60, 75 və son olaraq 80 illik yubileyləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində yüksək səviyyədə qeyd edilmişdir. Ölümündən sonra 80 illik yubileyində Qızıl medalla təltif olunmuşdur.

Saz sənətində misilsiz xidmətləri olmuş Aşıq Kərəm haqqında onu tanıyan böyük ziyalılar Osman Sarıvəlli, Hüseyn Arif, İsmayıl Şıxlı, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Nizami Cəfərov, Ədalət Nəsibov, Polad Bülbüloğlu, Aşıq Əli Quliyev, Vidadi Bayramov, Təbrizin tanınmış sənətkarı Böyükbəy Ələkbəroğlu, Firdovsi Umudov, İlhamə Qəsəbova və digərləri fikirlərini bölüşmüşlər.

Onun peşəkar tələbələri İlham Aslanbəyli, Mahal Fəttahov, Alı Cəfərov, aşıq Samir Cəlaloğlu və digərləri yolunu davam etdirir.



Facebook-da paylaş