• Təqvim

  • Maraq



Bu gün Vətən müharibəsi şəhidi çavuş Xaliddin Veyislinin cənnətdəki növbəti doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


İlllər ötsə belə bu gün də bütün dünya Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, şanlı Zəfərdən danışır. O Qələbə ki, 2020-ci ilin 27 sentyabrında başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu. 44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirərək torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə ucaldılar. Uca zirvəyə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır... 


Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də çavuş Veyisli Xaliddin Zərgər oğludur. 

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xaliddin Veyislinin cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 44 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Xaliddin Veyisli də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Xaliddin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Xaliddin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1999-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur.

Xaliddin Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013-cü il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə  Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır.

"N” saylı hərbi hissəsinin manqa komandiri, (MAHHXHQ), çavuş Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb. 

Bütün şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhərin mərkəzində Heydər Əliyev prospektində adını əbədiləşdirən bulaq inşa olunub. Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.



Facebook-da paylaş