Qazaxda Vətən müharibəsi şəhidi çavuş Xaliddin Veyislinin adını əbədiləşdirən bulaq inşa olunacaq
Bu
gün bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı
tarixi Qələbədən, böyük Zəfərdən heyrətlə danışır. Sentyabrın 27-dən başlayan
və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal
altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini
gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün
dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu
öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz
torpaqlarımızdan qovdu. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə
yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə,
əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə,
sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər
birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi
olmalıdır. Bu
gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni
bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə,
hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq
savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və
zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir
ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçərək Şəhidlik
zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də çavuş Veyisli Xaliddin Zərgər oğludur. Bütün şəhidlərimiz kimi igid Vətən oğlu Xaliddin Veyislinin də adı əbədiləşdiriləcək.
Şəhərin Heydər Əliyev prospektində, Xalq şairi Səməd Vurğunun adını daşıyan
parkın yanında qəhrəman şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunacaq. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və şəhidin ailə üzvləri ilə birlikdə bulağın
inşa olunacağı ərazidə olub, yerində baxış keçirib. İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra
başçısı Xaliddin kimi qəhrəman, cəsur oğullarımızın daim qəlblərdə
yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün
şəhidlərimizin, o cümlədən də Xaliddinin xatirəsinin daim əziz tutulacağını
bildirib. Şəhərin mərkəzində şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin
ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini
bildirib. Tikiləcək bulağın Xaliddinin
xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda
böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib. Şəhid atası Zərgər Veyisov şəhid ailəsi kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident,
Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Övladı Xaliddin və
onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını
söyləyib. Övladının adını daşıyacaq bulağın tikilməsində əsas məqsədin Xaliddin
və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək
olduğunu qeyd edib. Çavuş Veyisli Xaliddin Zərgər oğlu
Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax
rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1
nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin XI
sinfini bitirmişdir. 1999-cu ildə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi
tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N”
saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. Xaliddin
Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş
hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri
tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan
Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin
0107 №-li 24 iyun 2013 il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası
Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26
iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan
Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri
əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif
olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır. "N” saylı hərbi hissəsinin manqa
komandiri, (MAHHXHQ), çavuş
Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci
ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb. Bütün
şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə
rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan
şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli
ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif
edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş