• Təqvim

  • Maraq



Vətən müharibəsində şəhid olan qazaxlı çavuş Xaliddin Veyisli döyüşdə göstərdiyi igidliyə görə 3 medalla təltif olunub

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Bu gün bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışır. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır.

Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də çavuş Veyisli Xaliddin Zərgər oğludur.


Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1999-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. 

Xaliddin Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013 il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır. 

"N” saylı hərbi hissəsinin manqa komandiri, (MAHHXHQ), çavuş Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb. Qızı Jalə Veyisli Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VII, oğlu Fəqan Veyisli isə V sinif şagirdidir.

Bütün şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik.

 

GOYEZEN.AZ



Facebook-da paylaş