İcra başçısı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Pərviz Quliyevə baş çəkib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə
yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq
savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi
oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi
həm də Xeyirin Şər üzərində qələbəsi oldu. Bu
gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun
gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli
bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, əsgər və zabitlərimizə,
hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür
boyu baş əyməliyik. "Qarabağ
Azərbaycandır!” deyərək Vətən torpaqlarının işğaldan azad olunması uğrunda
döyüşən oğullardan biri də Qazax
rayonunun Bağanıs Ayrım kənd sakini Quliyev
Pərviz Eldar oğludur. Bu gün Pərviz və ailəsi doğma kəndləri Bağanıs Ayrım
işğal altında olduğundan Qazaxbəyli kəndində məcburi köçkünlər
üçün salınmış Yeni qəsəbədə məskunlaşıblar. Azərbaycanın
Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad
olunmasında payı olan Pərviz Quliyev 2019-cu ilin oktyabr ayının 24-də həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində iştirak edən əsgər Pərviz Quliyev
də 44 gün davam edən döyüşdə Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə
yazdıran oğullarımızdan biridir. Döyüşlərdə igidcəsinə vuruşan Pərviz Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. Ali Baş
Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının
ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən Pərviz kimi oğullarımızı
hər birimiz tanımalı, tanıtmalıyıq. Hərbçilərimizə daim qayğı göstərmək isə hər
birimizin ən ümdə vəzifəsidir. Hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə diqqət
ayırmaq, qayğı göstərmək, sahib çıxmaq Qazaxda da əsas amillərdən biridir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və
icra aparatının məsul şəxsləri ilə birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər
üçün salınmış Yeni qəsəbədə məskunlaşan Pərviz Quliyevə evində olub, ona
baş çəkib. Vətən müharibəsindən, haqq savaşından qalib əsgər kimi
sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdıran
icra başçısı hər bir hərbçinin onun üçün doğma, əziz olduğunu söyləyib. Vətən
uğrunda qəhrəmancasına döyüşən əsgərimizin səhhəti və qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri ona tez bir zamanda sağalaraq əsgər yoldaşlarının yanına
qayıtmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə,
onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri
bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini
vurğulayıb. İcra başçısı bu gün başda Ali Baş Komandan olmaqla,
bütün Azərbaycan xalqının Pərviz kimi igid, vətənpərvər oğullarımızla fəxr
etdiyini, qürur hissi keçirdiyini bildirib. Azərbaycan dövlətinin və ordusunun
gücünü, qüdrətini bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman
oğulların gələcək nəsillər üçün örnək, bir məktəb olduğunu dilə gətirib. Yaralımız Pərviz Quliyev bu döyüşdə qarşılarına yalnız
bir məqsəd qoyduqlarını – işğalda olan torpaqlarımızı azad edib Azərbaycan
Ordusunun gücünü göstərmək üçün vuruşduqlarını söyləyib. O, Ali Baş Komandanın
"İrəli!” əmrini yerinə yetirmək üçün ətrafında yumruq kimi birləşdiklərini
qeyd edib. Dövlətin, dövlət başçısının qayğısından razılıq edən
Pərviz buna görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət
diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına
qayıtmalarını arzulayıb. Yaralı əsgərimizin atası Eldar Quliyev də təkcə övladı
Pərvizlə deyil, Vətən müharibəsində bizlərə Qələbə sevinci bəxş edən bütün
hərbçilərimizlə, Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib. Ailə üzvləri
adından Pərvizə, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə
Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. İki bacının bir qardaşı olan Pərviz səhhəti yaxşılaşan
kimi Vətən qarşısında olan xidməti borcunu axıra kimi başa vurmaq üçün yenidən
əsgər yoldaşlarının yanına qayıdacağı günü səbirsizliklə gözləyir. GOYEZEN.AZ
Facebook-da paylaş