Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Pərviz Quliyevə baş çəkib

İcra başçısı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Pərviz Quliyevə baş çəkib


2-12-2020, 10:12


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. 

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik.

"Qarabağ Azərbaycandır!” deyərək Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən oğullardan biri də Qazax rayonunun Bağanıs Ayrım kənd sakini Quliyev Pərviz Eldar oğludur. Bu gün Pərviz və ailəsi doğma kəndləri Bağanıs Ayrım işğal altında olduğundan Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşıblar.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında payı olan Pərviz Quliyev 2019-cu ilin oktyabr ayının 24-də həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində iştirak edən əsgər Pərviz Quliyev də 44 gün davam edən döyüşdə Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran oğullarımızdan biridir. Döyüşlərdə igidcəsinə vuruşan Pərviz Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb.

Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən Pərviz kimi oğullarımızı hər birimiz tanımalı, tanıtmalıyıq. Hərbçilərimizə daim qayğı göstərmək isə hər birimizin ən ümdə vəzifəsidir.

Hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq Qazaxda da əsas amillərdən biridir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və icra aparatının məsul şəxsləri ilə birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşan Pərviz Quliyevə evində olub, ona baş çəkib.  

Vətən müharibəsindən, haqq savaşından qalib əsgər kimi sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdıran icra başçısı hər bir hərbçinin onun üçün doğma, əziz olduğunu söyləyib. Vətən uğrunda qəhrəmancasına döyüşən əsgərimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq əsgər yoldaşlarının yanına qayıtmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İcra başçısı bu gün başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının Pərviz kimi igid, vətənpərvər oğullarımızla fəxr etdiyini, qürur hissi keçirdiyini bildirib. Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman oğulların gələcək nəsillər üçün örnək, bir məktəb olduğunu dilə gətirib. 

Yaralımız Pərviz Quliyev bu döyüşdə qarşılarına yalnız bir məqsəd qoyduqlarını – işğalda olan torpaqlarımızı azad edib Azərbaycan Ordusunun gücünü göstərmək üçün vuruşduqlarını söyləyib. O, Ali Baş Komandanın "İrəli!” əmrini yerinə yetirmək üçün ətrafında yumruq kimi birləşdiklərini qeyd edib.

Dövlətin, dövlət başçısının qayğısından razılıq edən Pərviz buna görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb.

Yaralı əsgərimizin atası Eldar Quliyev də təkcə övladı Pərvizlə deyil, Vətən müharibəsində bizlərə Qələbə sevinci bəxş edən bütün hərbçilərimizlə, Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib. Ailə üzvləri adından Pərvizə, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

İki bacının bir qardaşı olan Pərviz səhhəti yaxşılaşan kimi Vətən qarşısında olan xidməti borcunu axıra kimi başa vurmaq üçün yenidən əsgər yoldaşlarının yanına qayıdacağı günü səbirsizliklə gözləyir.

GOYEZEN.AZ


Geri qayıt