44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qazaxlı çavuş Pərvin İsgəndərov
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- Uzun
illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş
torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən
müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər
gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə
çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi,
İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham
Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini
nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti,
ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində
böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və
xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Bu
gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin
yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın
hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə,
qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir,
qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük
amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və
tanıtmaqdır... Müzəffər
Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq
dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biri də çavuş İsgəndərov Pərvin Pərviz oğludur.
Şəhid
Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta
məktəbin I sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin XI sinfini
bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
"N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci
ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov
Pərviz Hacıməmməd oğlunun yanında dəfn
edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğlu
yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin
İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə
ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin
mənəvi borcudur. Vətən üçün canını fəda edən Pərvin İsgəndərov kimi igid Vətən
oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun
Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş