Əsas Səhifə > Manşet / Şəhidlər > 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qazaxlı çavuş Pərvin İsgəndərov

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qazaxlı çavuş Pərvin İsgəndərov


28-12-2020, 12:47

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.

Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...

Müzəffər Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biri də çavuş İsgəndərov Pərvin Pərviz oğludur.


Şəhid Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd  oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən Pərvin İsgəndərov kimi igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.

 

GOYEZEN.AZ


Geri qayıt