• Təqvim

  • Unutma

  • Maraq



“Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan şəhid baş leytenant Nəbi Hüseynov

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------      
                                                                     

27 sentyabrdan başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur.

 

Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2008-ci illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi bitirmişdir. 2012-2013-cü illərdə "N” saylı hərbi hissədə xidmət etmişdir. 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra iki medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsaəsn "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə hər birimiz fəxr edirik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu Nəbi Hüseynov kimi igid Vətən oğullarının timsalında görürük. Nə qədər ki, Azərbaycan xalqı var, Nəbi kimi Şəhidlik zirvəsinə ucalan oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

GOYEZEN.AZ



Facebook-da paylaş