• Təqvim

  • Maraq



Qazaxda icra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Xanlıqlar kəndində olub


Bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, həyata keçirilən bütün işlərdə, layihələrdə öz real əksini tapır. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının cari ilin sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Xanlıqlar kəndində yaşayan sakinlərlə olub.

Sentyabrın 4-də Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı Xanlıqlar kəndində ümumilikdə, ötən illər ərzində 12 səyyar görüş keçirildiyini, həmin səyyar görüşlərdə 47 məsələ qaldırıldığını, həmin məsələlərdən 29-nun müsbət həllini tapdığını söyləyib. 5 məsələ ilə əlaqədar aidiyyəti üzrə məlumat verildiyini, 13 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərdən kənddə suvarma arxlarının beton üzlüyə alınmasının, sip kabelləşmənin davam etdirilməsinin, kənd yolunun asfaltlanmasının gündəmdə olduğunu, dövlət proqramında nəzərdə tutulduğunu söyləyib. 

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Xanlıqlar kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 12 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 12 nəfərin, Vətən müharibəsində 3 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Xanlıqlar kəndindən 67 nəfərin iştirak etdiyini, onlardan 33 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, döyüş zamanı 17 nəfərin yaralandığını söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə canlarını Vətən yolunda fəda edən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan rayon rəhbəri Xanlıqlar kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayonun bütün kəndlərində olduğu kimi, Xanlıqlar kəndində də subartezian quyusunun qazıldığını, bu gün 13 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən icra başçısı bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini, 1 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu söyləyib. 


Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 99 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 7 nəfərin şəhid ailəsi, 5 nəfərin Vətən müharibəsi əlili, 10 nəfərin müharibə veteranı, 77 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Xanlıqlar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də kənddə fiber optik internet xəttinin çəkildiyini, abunəçilərin yüksək sürətli internet xəttinə qoşulduğunu qeyd edib.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.


Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

Kənd sakinlərindən Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. 

Kənd sakinlərindən Xasay Balayev, təqaüddə olan ziyalı Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Xanlıqlar kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Kənddəki bağçanın təmir olunmasına, məktəbin istilik sisteminin yenidən qurulmasına, məktəbin qarşısından keçən yolun asfaltlanmasına, Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən 9 km hissəsinin əsaslı təmirinə görə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Xanlıqlar kəndinin qalan hissəsində sipləşmə işlərinin aparılması, Xanlıqlar kəndi ərazisindən keçən ümumi uzunluğu 8 km olan A-1 Sağ Sahil kanalının beton üzlüyə alınması, Xanlıqlar kəndində 14 km uzunluğunda kəndarası yollara asfalt örtüyünün vurulması və s. bağlı müraciətləri dinlənilərək səslənən məsələlərə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib. 



Facebook-da paylaş