Qazaxlı alim və ziyalılardan
Hörmətli cənab Prezident, Hamıya məlumdur ki, bu gün ADA Universitetində beynəlxalq standartlara cavab verən qiymətləndirmə, müasir tədrisin təşkili, idarə olunması ilə bağlı müvafiq qaydalar tətbiq olunur. Bu Universitet verdiyi yüksək təhsillə yanaşı, bölgələrdə də təhsilin inkişafı ilə bağlı ciddi layihələr həyata keçirir, uğurlu nəticələrə imza atır. Bu mənada ilklərdən olan “Bir müəllimin manifesti’’ kimi mükəmməl layihə həm Azərbaycanın bölgələrində yaşayan müəllimlərin xaricə çıxışına yardımçı olur, həm də təhsillə bağlı dünya təcrübəsini öyrədir. Yuxarıda qeyd olunan mühüm işlər fonunda Qazax Müəllimlər Seminariyasının tarixi binasında yaradılmış ADA Universiteti Qazax Mərkəzinin fəaliyyəti xüsusilə vurğulanmalıdır. Birmənalı olaraq bildiririk ki, ADA Universiteti Qazax Mərkəzi infrastruktur, dizayn, təhsilin təşkili baxımından tam müasir standartlara cavab verməklə fərqli missiyanı yerinə yetirir. Yaradılmış hərtərəfli şərait qonşu Gürcüstanda yaşayan azərbaycanlıların da burada təhsil alıb mütəxəssis kimi geri qayıtmalarına geniş imkanlar açacaqdır. Sözügedən mərkəz bölgədə təhsilin inkişafına öz töhfəsini verməklə, beynəlxalq konfranslara, tədbirlərə, təlimlərə ev sahibliyi edir. Hesab edirik ki, bu tipli təhsil müəssisələrinin yaradılması bölgələrdə ali təhsilin inkişafına və müəssisələr arasında rəqabətin yaradılmasına xidmət edəcəkdir. Bir məsələni də qeyd etməyi özümüzə borc bilirik ki, Qazax Müəllimlər Seminariyasının binası bərpa olunanda bütün tarixi qaydalara riayət edilib. Binanın bərpası zamanı onun gözəlliyi qorunub, tarixi yanaşmalar saxlanılıb. Biz, rayon ziyalıları 1918-ci ildə fəaliyyətə başlamış Qazax Müəllimlər Seminariyasının tarixi binasının Sizin dəstəyinizlə, ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasını tariximizə, təhsilimizə və ümumilikdə dövlətçiliyimizə xidmətin ən ali nümunəsi hesab edirik. Tarixiliyi, ənənəçiliyi qorumaqla reallaşdırılmış bu möhtəşəm layihəni həm də Qazaxa və qazaxlılara diqqətin təzahürü kimi dəyərləndiririk. Hörmətlə, Hüseyn Xəlilov, fizika-riyaziyyat elmləri namizədi, professor, Məmməd Yusifov, fizika-riyaziyyat elmləri namizədi, dosent, Hamlet İlyasov, pedaqogika üzrə fəlsəfə doktoru, Hürü Şamilova, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent, Mübariz Süleymanov, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim, Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İradə Arıxova, filologiya üzrə fəlsəfə doktoru, Alı Sofuyev, fizika-riyaziyyat elmləri namizədi, dosent, İndira Vəliyeva, Əməkdar müəllim, Qasım Əliyev, təqaüddə olan müəllim, Murğuz Mustafayev, təqaüddə olan müəllim. Azərbaycan Respublikası, Qazax rayonu. 5 sentyabr 2025-ci il
Facebook-da paylaş