Xəyalımda xatirələr pərən-pərən
Prof.Dr. Babək Osmanoğlu Qurbanov (09.06.1939 – 28.03.2019)
Təəssüf ki, xoş günlərin dəyərini yaşadığı anda bəzən bilmir insan oğlu. Düşünür ki, hər gün təkrar olacaq xoş keçən sevinc dolu günlər. Fəqət belə deyilmiş. Həmin an bir də ələ gəlməz demiş Mikayıl Azaflı: “Keçən keçdi ələ gəlməz, Çağlar qoynunda-qoynunda”. Heyif ötən günlərin qədrini lazımınca bilə bilmədik sağ olduğu günlərdə Babək müəllimin. Elə zənn edirdik ki, atası Osman Sarıvəllinin təbirincə 100 yaşamasa günah özündə olacaq. Düşünürdük ki, atasının sözünə riayət edəcək və yüz yaşayacaq. Nə yazıq ki, 100 yaşaya bilmədən ömrünün müdirk çağında yəni 80-ci ilində, 2019-cu ilin martın 28-də həyata gözlərini əbədi yumdu. Tək qaldıq bu dünyada, onsuz qaldım birgə fəaliyyət göstərdiyim qurumda. Bərabər çalışdığımız günlər yada düşdükcə məkanı cənnət olsun tanınmış alim-şairimiz professor Mustafa İsgəndərzadənin “Dağlar” şeirinin birinci bəndinin ilk misrasında dediyi kimi, “Sənsiz keçən ömrə hayıf” deyə heyfslənirəm, qəm çəkirəm, qəhrini çəkirəm, yoxluğunu dərk etdikcə nə qədər böyük itkilərlə qarşılaşdığımı anlasam da dərdimi kimsəylə daha paylaşa bilmirəm. Hər il iyunun 9-u gəldiyi gün “təşkilati iş”lərlə başımızı qatırdıq. Qaziantep Konservatoriyasının müəllimlərini, məmurlarını bir araya gətirib, öncədən “Babək 70”, “Babək 75”, “Babək” kəlməsi yazılmış böyük tortu sürpriz olsun deyə çalışma masasının üzərinə ehmalca qoyaraq. Bu həvəs, sevinc ilə yaşayardıq. Otağına daxil olduğu zaman Babək müəllim heyrətini gizlədə bilməzdi. Çünki heç istəmirdi ad gününü keçirməyi. Mən isə bunu əməkdaşlarımızın ortaq iştirakı ilə bilə-bilə qeyd etməkdən zövq alardım Gaziantep Konservatoriyasında. Hətta, Azərbaycanın Türkiyə Böyükelçiliyi, təhsil üzrə müştəşarımız dosent Nəcibə Nəsibovaya bir gün öncə, 8 iyunda telefonla zəng edib xəbərdar edirdim. Nəcibə xanım da məmnuniyyətlə qeyd dəftərinə bu əlamətdar günü yazardı. Və bu mübarək gün münasibətilə yaraşıqlı formalı bəyaz şüşə qabda, kiçik nəzər muncuqları da içərisində yer almış, gözəl paketlənmiş orijinal gül dəstəsinin üzərinə xoş sözlər yazılmış kiçik məktub olmaqla, poçt vasitəsilə 9 iyunda iş otağnda, ad günündə sürpriz hədiyyə təqdim edildiyi zaman heyrəti daha da artardı. Və qeyri-ixtiyari deyərdi: “Görən ad günümü hardan bildi Nəcibə xanım?”. Çönüb mənə baxdığında bilirdi ki, bu gözəl işin “baiskarıyam”. Ad gününü keçirməyin təşkilatçısı olduğumu bildiyi üçün məni hətta, tənbeh edərdi. Mən də bu tənbehi xoş qarşılayıb növbəti ildə yenə təşkil edəcəyimi qəlbimdə indidən planlaşdırırdım inşAllah deyərək. Fəqət xəyallarım 2019-cu ildən Türk təbirincə “suya düşdü” daha gerçəkləşdirə bilmədim xoş məramlı niyyətimi. 2020, 2021, 2022, 2023 gəldi Babək müəllimin ad günü şərəfinə tort ala bilmədim. Məsləkdaşlarımla bir daha qeyd etmək nəsib olmadı Babək müəllimin ad gününü, şad gününü özünün iştirakı ilə bahəm...
Babək müəllim mütaliəsini əksik etməzdi
Günlər, aylar, illər su kimi axıb zaman ötər, dövran tez keçər. Fəqət insan yaddaşında ülvi xatirələr, gözəl anlar qalar. Xatirələr nə qədər ülvidir, qiymətlidir hər bir anlayan, qanan insanlar üçün. Dönüb geriyə boylandıqca həsrətini çəkirsən, xiffət edirsən, dərdikirsən, bir yerdə qərar tuta bilmirsən. Çünki ötüb keçən zaman əlçatmazdı, ünyetməzdi. Həsrət qalmaq deməkdir. Ülviliyi də buradan qaynaqlanır. Kaş bir də olaydı o xoşbəxt günlər, gözəl günlər, nəcib günlər deyib heyfslənirsən yana-yana, qana-qana, ana-ana qalırsan. Çünki Babək Qurbanov adında nəhəng simanı, tanınmış elm xadiminin hikmətlə çulğalanmış müdrikanə sözlərinə-söhbətinə həsrət qalmışam dəyərli oxucularım. Əzəmətli bir heykəl dikdi qəlbimdə hərəkətləri, rəftarı, şəxsiyyəti, ziyalılığı, iffəti, abırı, həyası ilə. Bu heykəlin qurucusu, heykəltəraşı, memarı Babək Osmanoğludur. Həyatda isə memar deyildi. İnsanlıq aləmində memarlıq sənətinin mütəxəssisi olmaqla yanaşı estetikçi, filosof, alim, bəstəkar, ifaçı, ədəbiyyatşünas, musiqişünas, folklorşünas, aşıqşünas idi. Məhəbbəti isə bu Vətənə, bu xalqa, Türk dünyasına ruhu, canı, qanı, amalı, məfkurəsi, bəşəri düşüncələri ilə bağlı aşiqşünas üzrə insanlıq elminin xadimi idi. Bu fəxri adlara yüksəlmişdi mənim qəlbimdə, ömür məkanımda. Eləcə də xatırlamaqdayam bu gün belə. Çünki unuda bilmirəm. Ömrümün yaraşığını, gur işığını, nurunu, ziyasını əsirgədi bizlərdən özü istəmədən, çəkib köç karvanını əbədilik ayrılıb getdi. Dərdi-sər əlində qoydu yaxın dostlarını. Könül xanimanımızı qəm-kədər libasına bürələdi o qara gündən. Heç özü də rəva bilməzdi ki, dostları, yaxınları dərd-qəm çəkib kədərlənsin. Çünki alicənablığın timsalı idi görünüşü, rəftarı, münasibəti, ünsiyyəti, müdrik kəlamları ilə. Bu gün 85 yaşına qədəm qoysa da bir neçə ildir ki, özü həyatda yoxdur. Onu tanıyan insanlarla, müxtəlif elm sahəsinin müəllimləri ilə fərqli simpoziumlarda, tədbirlərdə görüşdüyüm və ya telefonla danışdığım zaman mütləq Babək müəllim haqda da söhbət düşər, xatirəsini yad edərik. Bu dəfə isə qərara gəldim ki, müxtəlif sahədə çalışan insanların Babək müəllim haqda fikirlərini qısaca da olsa bu məqaləmizdə xalqımıza çatdırım. Çünki Babək müəllim elə bir nəhəng ziyalımızdır ki, onu yaxından tanıyanların nəzərində başqa-başqa yönlərdən kəşf olunduğu üçün sizlər üçün də maraqlı ola bilər qiymətli oxucularım. Bu ad gününü də müxtəlif sənət və elm adamlarından əldə etdiyim xatirələrin yer aldığı məqaləmdə yad etməklə savab iş görmüş olaram.
Babək Qurbanovla əsərlərini məşq edərkən
Prof.Dr. Nesrin Feyzioğlu
Atatürk Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının müdiri
Əsl aristokrat alimdən sonra...
“Babək Osmanoğlu Qurbanov milli və elmi abidələri insan kimliyində təcəssüm etdirən şəxsiyyət idi. Türkçülüyü və Türkiyəni çox sevərdi. Atatürk Universiteti Kazım Karabəkir Eytim Fakültəsi və Gözəl Sənətlər bölümünü bilənlər, Prof.Dr. Babək Qurbanovun sadə iş otağında geniş şaxəli çalışmaları ilə, elm və incəsənətinin, musiqi fəlsəfəsinin təvazökar pedaqoqunu, Prof. Dr. Babək Qurbanovu yaxından tanıyırdı bu möhtəşəm xidmətlərinə görə də yüksək dəyər verirdilər. Mən onu “Gözəl Sənətlər fakültəsi”, Musiqi elmləri bölümünün yarandığı dövrdə tanıdım. Mükəmməl fəlsəfə və incəsənət elminə sahib olmaqla yanaşı həm də yüksək səviyyədə musiqiyə, musiqi nəzəriyyəsinə dərindən bələdliyini, hətta, bəstəkarlığını öyrəndiyim zaman heyran qalmışdım. Yeni yaradılmaqda olan musiqi elmləri kafedrasına töhfə vermək üçün mənə müraciət edəndə onun özünəməxsus səmimiyyəti, mehribançılığı, təvazökarlığı, nəzakəti, əsl insani ləyaqəti, zərif danışıq üslubu ilə birgə nəzər diqqətimi cəlb etmişdi. Daha sonra atası, Azərbaycanın Xalq şairi Osman Sarıvəlli haqda məlumat aldığım zaman ailəsindən kamil bir tərbiyə aldığını, əsl aristokrat bir vətəndaş-alim olduğu qənaətinə vardığımda çox məmnun qaldım. Bu səbəblə də Gözəl sənətlər fakültəsinin Musiqi Elmləri Bölməsinə təyinat prosedurlarını tez bir zamanda tamamlamağa çalışdım. Və bu niyyətimə qısa müddətdə nail oldum. Prof. Dr. Babək Qurbanov növbəti mərhələdə fəlsəfə, sənət və bədii-estetik tərbiyə ilə yanaşı, Musiqi Elmləri Bölməsinin tələbələrinə indən belə musiqi dərsini də tədris edəcəkdi. Ən vacib məsələləri karyera və yüksəliş çətinlikləri, kadr problemləri, tələbələr, təhsil, əməkhaqqı və s. olan şöbənin insanları, yeganə cəhdi əllərindəki çalğı aləti və öhdəsindən gəlməkdə çətinlik çəkdikləri bir neçə notdan ibarət olan tələbələr, necə bir pedaqoq, alim, müdhiş sənət adamı ilə qarşılaşdıqlarının belə fərqində deyildirlər. Babək Qurbanov o fakültədən olub-olmamasından asılı olmayaraq hər kəsin sakitliyinə nail olduğuna, qəlb genişliyinə qiymət verən, xeyirxah niyyətlə, xoş məramla yaşayan nadidə insanlardan idi. Babək xocanı onun təvazökarlığından, elmi əsərlərindən, yazdığı yüzlərlə aktual mövzulardakı məqalələrdən, gördüyü dəyrli işlərdən, elmi keçmişindən danışarkən böyük ustad yox, sanki təvazökar bir tələbəni təsəvvürümə gətirirdim. Babək Qurbanov öz ədəb-ərkanı, insani rəftarı, aramla və ahəstə danışıq üslubu ilə gəncləri, asistent və tələbələrini təvazökarlıq, yetkin, müdrikanə ruhunda tərbiyəsi ilə tədris prosesində və tədrisdən sonra da yetişdirməyə də cəhd edirdi.
Sovet Rusiyasının bir türk insanı üçün çətin günlərini yaşayan Osmanoğlu türk kültürü, incəsənəti ilə bağlı çoxsaylı əsərlərə imza atmış, ölkənin kültüroloji varlığına təmənnasız olan məhsuldar xidmətləri ilə, elm cameəsinə dəyərli töhfələr bəxş etmişdir. O, elmlə sənəti birləşdirərək, praktik təcrübəyə sahib elm xadimi kimi peşəkar metodla dərs deməklə yanaşı fərqli mövzulardakı əsərlərlə tanınaraq Türkiyə və Azərbaycan arasında mədəniyyət elçisi statusunda töhfələr ərmağan edən nadir ziyalılardan idi. Bəxtəvər insan idi ki, onu hörmət və məhəbbətlə xatırlayan dostları, elmi-bədii fəaliyyətləri, akademik elmi çalışmaları ilə bu gün də şükranla yad edənləri, vəfalı məsləkdaşları vardır. Prof. Dr. Babək Qurbanov tələbələrinə və müxtəlif sahədə çalışan dostlarına baxmayaraq, layiq olduğu həqiqi sədaqəti, əsl vəfanı, etibarı yalnız professor İlqar Cəmiloğlundan görüb desəm doğru təsbitdə bulunaram. İnanıram ki, Babək Qurbanov elm-sənət mərkəzi adlı muzey elm xadimimizin 85 illik yubileyində fəaliyyətə başlayacaq və Atatürk Universitetində eyni zamanda Qaziantep Konservatoriyasında yer alan əsərləri, musiqi inciləri, fotolar, rəsmi bəlgələr Azərbaycan xalqının xidmətinə açılmaqla yeni məbəddə sərgilənəcək. Mən buna çox inanıram. Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovu rəhmətlə yad etməklə alim və sənətkar Prof. Dr. İlqar İmamverdiyevə səmimi təşəkkürümü bildirirəm. Məkanı cənnət, ruhu şad olsun Babək xocanın”.
Prof. Dr. Paşayeva Validə Paşa qızı
Ərzurum Atatürk Universiteti Gözəl sənətlər fakultəsi
Tekstil və Moda Dizaynı bölümü
“2008-ci ilin yayı fəslində məzuniyyətə çıxdığımız ayda və bizim sarı rənkli “06” markalı “Jiquli” avtomobillə birgə çalışdığımız Ərzurum Atatürk Universitetinin kampüsündən Bakıya bərabər getməyə qərar verdik. Bu güzarımızda rəhmətlik həyat yoldaşım, Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Elmas Hüseynov, Professor Babək Qurbanov, Gülnarə xanım və bu sətirlərin müəllifi var idi.
Elmaz Hüseynov, Babək Osmanoğlu
Gürcüstanın Batumi şəhərindən keçən yolla getməyi qərarlaşdırdıq. Avtomobili mən idarə edir, onlar isə yol boyu maraqlı söhbətlər edir, zarafat edir, məni də əyləndirirdilər. Yol boyu bərabər üçümüzün də çox sevdiyimiz Rəşid Behbudovun repertuarından bəzi mahnılar oxuyaraq, şeirlər söyləyərək, bəzən xoşumuza gələn mənzərəli yerlərdə dayanaraq nəhayət ki, Səməd Vurğunun, Osman Sarıvəllinin Vətəninə təşrif gətirdik. Alışmışdıq ki, avtomobillə səyahət edərkən hansısa bir mövzu diqqətimizi çəkdiyində Babək müəllimlə mən o mövzuya aid zarafatyana şeir qoşurduq. Beləcə bir misra Babək müəllim, bir misra mən bədahətən özümüzdən quraşdırıb bəndləri tamamlayırdıq. Etiraf etməliyəm ki, şeir məsələsinə nə Gülnarə xanım nə Elmas müəllim heç qarışmırdılar. Aşıq deyişməsi kimi bənd düzəltməyimiz bizim ən sevimli məşğuliyyətlərimizdən biri idi yolu qısaltmağımız üçün. Bu minvalla gecə Qazaxa varid olduğumuzda mənim əmim oğlunun evində qonaq qaldıq və o biri gün yenidən Bakıya doğru yola çıxdıq. Gəncədə rəhmətlik atam və anamla görüşdük və bir az istirahət etdikdən sonra yolumuza rəvan olduq. O dönəmdə Gəncə-Bakı yolu olduqca pis vəziyyətdə idi. Ona görə də çətinliklə hərəkət edirdik. Yeni yol çəkimi səbəbi ilə Bakıya yaxınlaşdıqca yolun vəziyyəti daha da pisləşdi. Qaranlıq və torpaq yolla gecə saat 12-də Avtovağzal tərəfdən şəhərə daxil olduq. Bildirmək istərdim ki, Türkiyədən buraya qədər yol və ev ünvanı soruşmağa ehtiyac yox idi. Amma Bakıya girdikdən sonra Elmas müəllimlə Babək müəllimə dedim ki, “buradan sonra mən yol bilmirəm və yolu mənə siz söyləyəcəksiniz”. Hər ikisi Bakıda doğulub boya-başa çatmış və həyatlarının çox böyük qismini Bakıda yaşamış, öz sahələrində tanınmış insanlar idi. Dedilər ki, “əlbəttə, biz yolu göstərərik”. Babək müəllimgilin ata evi (Osman qağamızın bir zamanlar yaşadığı ev nəzərdə tutulur) şəhərin mərkəzində olduğu üçün əvvəlcə onu evinə çatdırmaq istədik. Biz Bakıda olmadığımız illər ərzində yollar çox dəyişmiş və çoxlu qovşaqlar, körpülər salınmışdı. İki köhnə Bakılı məni şəhərin yollarında tam 3 saat dolandırdıqdan sonra polislərdən soruşaraq nəhayət gecə saat 3-də şəhər mərkəzinə bir təhər yetişə bildik. Üstəlik də Elmas müəllim Bakıda 30 il fərqli markadan olan avtomobil sürmüşdü və hər gün şəhər mərkəzindən Əhmədlidəki emalatxanasına uzunca bir yol gedib-gəlmişdi. Sonralar bu hadisəni tez-tez bir lətifə kimi xatırlayıb gülürdük. Çox keyfli bir səyahət olaraq xatirimizdə qaldı ömrümüzdən sovuşub gedən əlçatmaz günlər. Atatürk Universitetində çalışdığımız illərdə Babək müəllim A blokdakı 3-cü mərtəbədəki otağından, tez-tez 4-cü mərtəbədəki mənzilimizə gəlir, axşamlar oturub çay süfrəsi arxasında müxtəlif mövzularda söhbət edirdik. Hər həftə sonu isə birlikdə şəhər kənarındakı səfalı bir məkana gedər, istirahət günlərimizi bərabər keçirirdik. Biri gözəl sənətkar, o biri isə gözəl alim olan bu iki insanla xoş keçirdiyimiz o mübarək, xatirələrlə dolu əziz, unudulmaz günlər yaddaşımda əbədi qalmışdır. Allah qəni-qəni rəhmət eləsin hər ikisinə. Məkanları cənnət olsun. Amin!”.
Şəkildə (arxa cərgədə) professor Babək Qurbanov, Ərzurumun məşhur avukatı Erol Gür,
(ön cərgədə) professor Validə Paşayeva və 10 yaşlı Firuzə İmamverdi
Mehmet Çetinkaya
Türk Ocakları Osmaniyə şöbə başkanı
“Prof. Dr. Babək Osmanoğlu Qurbanov adlı ustadımızı rəhmətlə yad edirəm. Bu gün də ötən günləri xoş xatirələrlə anmaqdayam. 2014-cü ilin fevral ayının 24-ü idi. Osmaniyə Türk Ocağı AGAMDER və Səlimiyə (Papaq) kənd muxtarlığının təşkilatçılığı ilə birlikdə Xocalı Soyqırımının 22-ci ildönümü ilə əlaqədar Səlimiyə kəndində anma toplantısı keçirdik. Sənətşünaslıq elmləri doktoru, iki ölkədən professorluq, alimlik dərəcəsi almış İlqar İmamverdi ilə daha əvvəl tanış olmuşdum. O, sadəlövh və mülayim Azərbaycan türküdür. Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında müəllim vəzifəsində çalışan, həm də bəstəkar kimi tanıdığım İlqar Cəmiloğlu, övladı Əli İmamverdi ilə Xocalı soyqırımı mərasimində iştirak etmək üçün birlikdə gələrkən, eyni təhsil qurumunda çalışdığı Babək xocanı da özü ilə bərabər gətirdi. Prof. Dr. Babək Qurbanov ilə məhz bu mərasim vəsiləsi ilə tanış olduq. Bu vətənpərvər insanı musiqiçi, mütəfəkkir, alim və nəzakətli Azərbaycan türkü kimi tanıdım. Yüz ilin fəlakəti olan Xocalı qətliamını yad edərək, şəhidlərin iztirablarına, ağrı acılarına birlikdə ağladıq.
Bu tanışlığımızın sonrakı illərində Babək Osmanoğlu Səlimiyə kəndində və Osmaniyədə təşkil etdiyim fərqli proqramlarıda bizi heç vaxt tək qoymadı. Bu mərasimlərdə iştirakı ilə məclisimizi dərin anlamlı məruzələri, müdriklik təcəssümlü fikirlərində yansıyan sözləri, əsl ziyalılığı, hətta, nəcib insani keyfiyyətləri ilə hər zaman şərəfləndirdi. Prof.Dr.İlqar Cəmiloğlu ilə birlikdə Türk Ocağının 3 May Türkçülük Günü və Novruz bayramı şənliklərinə rəsmi dəvət etdiyimizdə tələbələri ilə birlikdə gələrək çıxışları və musiqili proqramları ilə öz töhfələrini Osmaniyə xalqına təmənnasız, könül xoşluğu ilə ərmağan etdilər.
Babək müəllim zəhmətkeş, hər zaman türk dünyası üçün ideya, fikir, xoşbəxtlik ifadə edən məfkurə, zəka sahibinə malik mükəmməl şəxs idi.
Babək xocanı gec tanımağımıza rəğmən, Osamniyədə hər il mütəmadi olaraq düzənlədiyimiz fərqli, bayramlarda (Xıdırəlləz bayramı, Bahar bayramı, Novruz bayramı, Türkçülər günü, Xocalı şəhidləri üçün anım mərasimləri) mərasimlərdə göstərdiyimiz xoşməramlı fəaliyyətlərimiz zamanı əldə etdiyimiz, tədricən aramızda formalaşan ülvi qanunlar və topladığımız xatirələr bu gün bizim üçün təsəlli meyarımızdır. Prof. Dr. Babək Osmanoğlu insani dəyərləri şəxsi həyatında, pedaqoji fəaliyyətində yaşatmış qürurlu, nurlu şəxsiyyət, müdrik elm xadimi, bizlər üçün isə əsl dost və qardaş idi.
28 mart 2019 ilində əcəlin ölüm qayçısı Babək xocamızın can damarını kəsib əlimizdən alanda dualarla, xoş xatirələrlə yad etməkdən başqa daha heç bir çarəmiz qalmır. İnsani dəyərlərlə yoğrulmuş elm məbədinin qübbəsindən elm aləminə xoş sədalarla 700 məqaləsi, 53 kitab halındakı əsərləri, bəstələri, musiqiləri ilə elm cameəsinə səs salaraq 80 yaşında bu fani dünyadan köç edib əbədi istirahətgaha qovuşdu.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Nurlu xatirəsi, işıqlı çöhrəsi, amalı saf, məramı ülvi, ziyalılığın timsalı olaraq, hər zaman Osmaniyəlilərin könül dünyasında yaşamaqdadır. Türk dünyasına dərin hüzünlə başsağlığı verirəm”.
Dosent Dr. İsmayıl Hakkı Gerçək
Atatürk Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyası, müdir müavini
“Professor Babək Qurbanovu 1992-ci ildən Ərzurum Atatürk Universitetində çalışdığı dönəmdən tanıyıram. Şəxsiyyəti, elmi, pedaqoji təcrübəsi, səmimiliyi, təvazökarlığı, kişiliyi, mərdliyi, insanlığı, alicənablığı ilə universitet müəllimlərinin hörmət və ehtiramını qazanmışdı. Babək xoca magistr dönəmimdə mənə “Musiqi estetikası” fənnini tədris edirdi. Qismət oldu ki, Gözəl Sənətlər fakültəsində müəllim vəzifəsində bir müddət bərabər də çalışdıq. Yazdığı çox saydakı elmi kitablardan, məqalələrdən, müsahibələrindən faydalansaq da, Babək xocanın doğru-dürüstlüyü, mehribançılığı ilə akademik ictimaiyyətə örnək olduğunu düşünür, əziz müəllimimi rəhmətlə anıram. Məkanı cənnət olsun”.
Murat Kamil İnanıcı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Ərzurum Atatürk Universiteti, Kazım Qarabəkir Eğitim fakültəsi
“Əziz müəllimim İlqar Cəmiloğlu İmamverdi mənim üçün də çox qiymətli olan, bir zamanlar mənə dərs demiş Prof.Dr. Babək Qurbanovun xatirəsinə hazırlanacaq anım məqaləsində fikirlərimi bildirməyimi xahiş edəndə mən fərəh hissi keçirdim. Babək müəllimi necə anlatmaq olar sualına bir cümlə ilə belə cavab verərdim. Babək xocanın elm və sənət həyatının əhatə dairəsi o qədər geniş və əhatəlidir ki, izahatlarla dolu çox səhifələrin yazılmasını tələb edir. Bununla belə, Babək müəllimi həm mütəfəkir, sənət adamı, həm də elm xadimi kimi bir neçə sənət alanının (filosof, estetikçi, musiqişünas, folklorçu, bəstəkar, skripka müəllimi, fortepiano ifaçısı, nəzəriyyəçi) bilicisi kimi yüksək bir mövqeyə sahib olan mükəmməl şəxsiyyəti ilə qürur duyub, qibtə etdiyim əsl pedaqoqdur. Babək xoca ilə tanışlığımız Ərzurum Atatürk Universitetinin musiqi təhsili bakalavr proqramında tələbə kimi başladığım 2000-ci ilə təsadüf edir. Müəllimimiz “estetik” dərsində tələbələrinə hər dəfə dəyərli bilgilər verməsi ilə diqqətimizi çəkirdi. Tədris etdiyi dərsin mövzusunu tələbələrinə əhatəli tərzdə, keyfiyyətlə, həm də professionallıqla mənasını izah edərək öyrədə bilməsi bizim bu elmə marağımızı daima artırırdı. Eyni zamanda, dərs prosesində bizə ata şəfqəti ilə yanaşaraq hər birimizə səmimi diqqət göstərməsini gündəlik həyatda həmişə hiss etmişik. Bakalavr təhsil ilini tamamlamadan əvvəl Babək müəllimin mənim heç vaxt unuda bilməyəcəyim böyük dəstəyini və diqqətini unuda bilmirəm. Bu yardımı ilə də həyatım boyu ən əziz bir xatirə ilə bu gün də anmaqdayam.
Babək müəllimlə bağlı unuda bilmədiyim çox xatirələrim var. Mənim üçün ən yadda qalanı Ərzurumun xəfif dərəcədə soyuq bir günündə universitet kampüsündə birgə gəzərkən məni tanımayan digər müəllimlərin kim olduğum barədə xocama suallar verdikləri zaman qısaca olaraq “oğlum” deyə cavab verməklə kifayətlənərdi. Mənim nöqteyi-nəzərimcə bu vəziyyət “müəllim-şagird” münasibətindən daha çox “ata-oğul” yaxınlığının göstərgəsi idi. Daha çox xidmət göstərərək musiqişünaslıq sahəsində bizim inkişafımıza böyük töhfə vermək imkanı olsa da nə yazıq ki, Ərzurumdan erkən ayrılmağı bizim üçün məyusedici hal idi. Atatürk Universitetindən nəql olunub Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında çalışdığı dönəmlərdə də təbii ki, müəllimimizlə ünsiyyətimiz yenə də davam etdi. Ancaq Babək müəllimlə bir şəhərdə yaşamağın dadından, imtiyazından məhrum olmaq mənim üçün kədərli idi. Çünki zəngin bilgilərinə yenə də ehtiyacım olduğunu hər zaman hiss edirdim. Sevinirəm ki, Babək xoca ilə yollarımız kəsişdi və onunla yaxından tanış olmaq şansım oldu. Nurlar içində yat əzizim Babək müəllim. Məkanın cənnət olsun qiymətli ustadım”.
Taner Çalmaşur
Atatürk Universiteti, Kazım Qarabəkir Eytim fakültəsinin musiqi bölümü
“Prof.Dr. Babək müəllim mənim üçün qollu-budaqlı şaxəli görünən nəhəng bir çinar, ucu-bucağı görünməyən dərin bir okean idi. Elmin zirvəsini fəth etmiş bir fateh, sənətinin komutanı idi. Təvazökar və ləyaqətli şəxsiyyətə malik, əsilli, nəcabətli insan idi. Qısacası Babək xoca mənim nəzərimdə gəzən bir kitabxana idi. Magistratura zamanı bir söhbətində mənə müraciətlə belə bir söz dediyi indi də xatirimdədir. “Ərzurum aşıq sənəti ilə bağlı araşdıman varmı? Bu sahədə tədqiqat aparmaq istərdinmi?” deyə sorğu-sual edib fikrimi bilmək istədi. Bu sual məni elmin yolunda yönləndirdi. Mənim aşıqlıq gələnəyi, aşıq kültürü ilə bağlı tədqiqat işlərim davam etməkdədir və ömrümün sonuna kimi bitməyəcəkdir deyəsən. Çünki dərin və geniş şaxəli sənət olub musiqi mədəniyyətimizin şərəfli tarixini əks etdirir ozan sənəti. Demək istədiyim məramım budur ki, Babək xocanın bu tövsiyəsi mənim üçün işıqlı bir dünya yaratmışdı... Allahdan rəhmət diləyirəm Babək Osmanoğluna”.
Cəlal Dikici
Qaziantep Universiteti Bilgi İşləm dairə başqanı
“Prof. Dr. Babək Qurbanov dərin peşəkar təcrübəsi və geniş humanitar mövqeyi ilə diqqətimi çəkdi. Daha çox yaşasaydı, öz təcrübəsini, ustalığını bu sahədəki professional təcrübəsi ilə tələbələrinə çatdıra bilərdi. Peşəsinə böyük önəm verən müəllimimiz öz işini hiss edərək, bilərək, dəqiqliklə yerinə yetirərdi. O, dünyanın çox yaxşı tanıdığı məşhur bir alim idi. Elm yolunda ömrünü şam-çıraq edərək, ziyalılığı ilə dərs dediyi qurumda, Gaziantep Konservatoriyasında əxlaqi, rəftarı, səmimi münasibəti ilə şan-şərəf qazandı, sayğı qazandı, hörmət-etibar qazandı. Bu insani dəyərlərinə, keyfiyyətinə görə də anılmaqdadır. Dünyasını dəyişən dəyərli müəllimimiz bu gün də öz əsərləri ilə cəmiyyətə işıq salır. Tələbələri və yüzlərlə musiqiləri, bəstələri, elmi əsərləri onu yaşadacaq. Ruhu şad, məkanı cənnət olsun”.
Hüseyin Cimşit Gür
Əczaçı Ərzurum
“Babək Qurbanov 1992-ci ildən Ərzurum Atatürk Universitetində çalışsa da mən tanınmış elm adamı, sayğıdəyər xocamızı 2000-ci ildən bəri tanıyıram. Vəziyyətini, mövqeyini və xasiyyətini nəzərə alsaq, o, çox bəyəfəndi və təvazökar olmaqla yanaşı həm də hazırcavab, müdrik bir insan idi. Heç vaxt yadımdan çıxmayacaq bir lətifə Babək müəllimdən mənə xatirə qaldı. Çox pessimist, ümidsiz olduğumuz bir vaxtda belə bir əhvalatı mənə nəql etdi. “Bir zamanlar çox qəddar, zalım bir şah var idi. Hamı bu adamdan dad-aman edib şikayətlənirdi. Bu qəddar şahın müdrik və xoş niyyətli vəziri var idi. Amma şah bu vəzirini heç bəyənməzdi. Həmişə onu incitmək, nəsə bir pislik etmək istəyirdi. Bir gün vəzirini huzuruna çağırdıb orada olan eşşəyi göstərib dedi: “Bu eşşəyi götür, üç günə oxuyub yazmağı öyrət. Öyrədə bilməsən boynunu vurduracağam” - dedi. Çarəsiz vəzir etirazın əbəs olduğunu bildiyi üçün ulağı gətirib tövləsinə bağladı. Həyat yoldaşı və qohumları gəlib hadisədən agah olduqdan sonra ağlayıb fəqan etməyə başlayırlar. Amma müdrik vəzir dedi ki, dayanın, səbr edin, üzülməyin bizim də sahibimiz var” deyə onlara təsəlli verdi. Üç gün su kimi gəlib keçdi. Son gecə xanımı ixtiyar yaşındakı əri ilə halallaşarkən vəzir yenə təskinlik verib deyir ki, “Gün doğmadan nələr doğar”, inşAllah “ya şah ölər ya eşşək, biz də qurtularıq” demiş. Səhər azan vaxtı böyük davulları döyəcləyərək camaata hökmdarın qəfil vəfat etdiyi xəbərini bildirdilər ki, hamı onun dəfninə gəlib iştirak etsin. Bu minvalla biçarə vəzir qəddar şahın zülmündən xilas ola bildi”. Mən o gündən bu lətifəni hər zaman xatırlamaqdayam və həyatımda bir neçə dəfə dostlara, tanışlara söyləmişəm. Mən də dəfələrlə şahidi olmuşam ki, bu lətifədəki dərin məna, hikmət son dərəcə doğrudur. Əziz müəllimim dəyərli Babək Osmanoğlunu həmişə hörmət və ehtiramla anmaqdayam. Məkanı cənnət, ruhu şad olsun”
Adil Çete
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdir müavini
“Babək xoca hər şeydən əvvəl çox yaxşı bir insan idi. Yəni Gaziantep Konservatoriyasında birgə fəaliyyət göstərdiyimiz illərdə təhsil alan tələbələrimizlə yanaşı həmkarlarımız, məsləkdaşlarımız pedaqoji sahədə, xüsusən də elmi sahədə, zəngin təcrübəsindən faydalanmaqla qiymətli bilgilər əldə etmiş olduq. Əslində həm peşəkar, həm də insani ölçülər baxımından çox şey öyrəndik. Bundan başqa o, ustad musiqiçi idi. O, ifaları və bəstələri ilə musiqiçilərimiz üçün həmişə yaddaqalan əsərlər ərmağan etmişdir. Xüsusən qeyd etmək lazımdır ki, bu günlərdə çox müzakirə olunan bir sənətçi anlayışı var. Hər kəs bu adı özünə yaraşdırmağa çalışır və ya hər kəs kiməsə sənətçi deyə bilər, amma sənətçi təkcə musiqi alətində mükəmməl ifa etmək və ya bir incəsənət sahəsində ən yaxşı olmaq demək deyil. Sənətkar eyni zamanda, cəmiyyətdəki mövqeyi ilə, yaşadığı mühitə verdiyi dəyərli əsər adlı töhfələrlə, ətrafını nurlandıran, hətta, yaşadığı mühitə, dövrana örnək olması ilə də sənətkar ola bilər mənim nəzərimdə. Bu meyyarın ən gözəl timsalını Babək xoca şəxsiyyətində müşahidə etmiş olduq. O, bütün tələbələrinə ən gözəl örnək olmuş əsl insan idi. Məkanı cənnət, ruhu şad olsun Babək xocamın”.
Prof.Dr. Əfqan Zəki Saleh
Qaziantep Universiteti TMDK
“Mən, məşhur musiqişünas, bəstəkar alimimiz, fəlsəfə elmləri doktoru, professor Babək müəllimin 2017-ci ildə yayınlanmış “Əsərlər məcmuəsi” və “5 fuqası”nın redaktorluğunu etməklə həm də bir neçə fortepiano əsərlərini konsertlərimdə səsləndirmişəm. Ən çox sevdiyim “Sənsiz”, “Xatirə”, “Şəhidlərin xatirəsinə” adlı musiqiləri isə Gaziantep Universitetinin “Mavera” konsert salonunda ifa etmişəm özünün iştirakı ilə. Bu münasibətlə də mənə qızılı rəngli futbol kubokuna bənzəyən böyük bir suvenir hədiyyə etmişdir. Hər dəfə baxdığımda Babək müəllimi xoş xatirələrlə yad etməkdəyəm.
Babək müəllim Üzeyir Hacıbəyli adına Azərbaycan Dövət Konservatoriyasında güclü təhsil almış musiqiçidir. Bəstəkarlıq təhsilini isə Azərbaycanın Xalq artisti Cövdət Hacıyevdən dərs almışdır. Babək müəllim üçün müxtəlif formalarda əsər yazmaq, onu harmonizə etmək, palifoniyasını qurmaq çox asandır. Çünki güclü musiqi biliyinə sahib mükəmməl bir bəstəkar idi. Fəqət Azərbaycan xalqı onu filosof kimi tanımış oldu. Mənə hədiyyə etdiyi bir çox kitabları vardır. Oxuduqca anlayıram ki, həm dil cəhətcə, həm də fikrini sərrast ifadə etmək baxımından peşəkar qələmə sahib mükəmməl bir alim olub. Bu cəhət Babək müəllimin geniş yaradıcılıq imkanlarının sadə bir yönünün təsdiqidir. Digər yöndən insan kimi əsl vətənpərvər şəxsiyyət olmasını, təvazökarlığını, sakit təbiətə sahib olduğunu onu tanıyanlar yaxşı bilirdi. Heç zaman özü haqqında deməzdi ki, mən bəstəkaram, mən professoram. Bu kəlmələrdən çox uzaq olan bir xasiyyətə sahib səbrli, olmaqla yanaşı dözümlü və kibar bir insan idi. Allahın səbri var idi Babək müəllimdə. Kaş mən də Babək müəllimin tələbəsi olaydım gəncliyimdə. Belə böyük, məfkurəyə sahib, əxlaqı saf, nadir əqidəni özündə ehtiva edən insandan dərs almaq özü bir xoşbəxtlikdir mənim üçün. Ruhu şad, məkanı cənnət olsun Babək müəllimin. Allah qəni-qəni rəhmət eləsin. Amin…”.
Dosent Gültəkin Şener
Sənətşünaslıq namizədi
Samsun Ondoqquz mayıs Universiteti,
Dövlət konservatoriyasının, Türk musiqi bölümü
“Babək Qurbanov Sovet dövründə Azərbaycanın önəmli musiqi məktəblərində, xüsusilə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almış, çox sayda tələbələr yetişdirmiş, hətta, Moskvada musiqi estetikası üzrə doktorluq işini müdafiə edərək elmi ad və professorluq dərəcəsi almış, milli və beynəlxalq sahədə çox mühüm tədqiq əsərləri yazmış, bəstəkarlıq qabiliyyətinə sahib, tanınmış musiqişünas alimdir. Biz musiqi pedaqoqu kimi Babək Qurbanovu, skripka müəllimi kimi, hətta, orkestr dirijoru olaraq da tanıyırıq. Babək Qurbanovun Azərbaycan və Türk folklor musiqisini də professional səviyyədə aranjiman etdiyinin də şahidiyik”.
Professor Babək Qurbanov və dosent dr. Gültəkin Şener
Hakan Tatyüz
Sənətşünaslıq namizədi
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi
“O, filosofdur..., O, əsl nəcabətli insandır. O, elm aləmində xalqımız üçün töhfə etdiyi çox sayda mükəmməl əsərləri ilə əsl ziyalı, nəhəng şəxsiyyət, dəyərli tövsiyələri ilə müdrik bir ağsaqqaldır... O, sənətkardır... O, könül adamıdır... O, bir Atadır... O, bir bəstəkardır, O, bir musiqişünasdır, O, həqiqi bir pedaqoqdur yetirmələrinin nəzərində... Siz bu dünyada nadir insanlardan biri idiniz unudulmaz Babək xoca. Sizi yaxından tanıdığım üçün xoşbəxtəm. Sizi rəhmət və şükrani duyğularımla xatırlayıram, elmi rəhbərliyini məndən əsirgəməyən əzizim Babək müəllimim”
Prof.Dr. Babək Qurbanov yeni yayınlanmış kitabını Dr. Hakan Tatyüzə təqdim edərkən / 2017
Müzəffər Uslu
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi
“Ud dərsinin tədrisi üçün Qaziantep Konservatoriyasında Babək müəllimin sinifinin qarşısından keçərkən hər zaman bir-birimizlə səmimi görüşüb salamlaşırdıq. Amma onun nə qədər elmlə dolu, həm də zəngin təcrübəyə malik bəstəkar, musiqiçi-ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də bacarıqlı bir insan olduğunu, azərbaycanlı bir şairin (Vaseh Şabranlının “Dirilik və zaman”) şeirlərini türk dilinə birlikdə tərcümə etdiyimiz zaman ilk dəfə daha yaxından tanıdım. Babək müəllim ədəbiyyata həvəsim olduğunu və müxtəlif mövzularda şeirlər yazdığımı nəzərə alıb tərcümə işini məhz mənimlə birlikdə etmək istəyirdi. Təbii ki, mən də böyük həvəslə bu işə razılıq verdim. Səmimiyyətimlə etiraf etməliyəm ki, Babək müəllimi ilk dəfə tərcümə prosesində özüm üçün kəşf etdim.
Babək müəllim elmlə zəngin olan dop-dolu bir şəxsiyyət kimi xatirimdə qalıb. Bilirsiniz, sümbülün başaq qismi boş olanda başı dik olar. Tədricən buğda əmələ gəlib olğunlaşarkən isə ağırlaşdığı üçün başını aşağı əyir. Bu təvazökarlıq Babək müəllimin məsləyinə, sənətinə də sirayət edib. O, musiqi alətlərində xüsusən skripkada, fortepianoda çox gözəl ifa edirdi. Yəni həm şəxsi həyatında, həm də ictimai həyatında təcrübəli bir şəxs kimi, onun həqiqi bir alim kimi zənginliyini görmək mümkün idi. Son dərəcə təvazökar, gülərüzlü, xətiri-hörməti əziz olan, qədirşünas, əfəndi bir insan idi. Öz övladı, nəvəsi yaşında olan gəncləri, tələbələri görəndə belə ona son dərəcə səmimiyyətlə nəvaziş göstərib, qayğı ilə yanaşa bilən çox dəyərli bir müəllim, hər zaman hörmətini saxladığım böyüyümüz, ağsaqqalımız, ağabəyimiz idi”.
Mehmet Əmin Bəyazçiçək
Gaziantep Konservatoriyasının müəllimi
“İllər əvvəl universitetimizin dekanı olan Hikmət Çerkanın çox gözəl bir cümlə işlətmişdi. İnsanı insan edən dörd ayaq var. Bunlar inanc, sosiallaşma, sənət və elmdir. Professor Babək müəllimlə tanışlığımız bizim üçün böyük qazanc olduğu üçün özümü bəxtəvər hesab edirəm. Babək Qurbanov təvazökarlığı, duruşu, sənəti ilə nümunəvi bir insan idi. Biraz öncə qeyd etdiyimiz kimi, insanı əsl insan edən dörd ünsür, yəni dörd təməl ayaq hamısı Babək müəllimin şəxsiyyətində, elmində, rəftarında cəm olmuşdu. Rəhmətlik çox gözəl, əfəndi bir insan idi. Bir yerdə söhbətlər edər, fikirlərimizi paylaşardıq. Hətta, bir neçə dəfə konsertlərimizdə bərabər iştirak edərdik. Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun, böyük ustadımızın. Nurlu xatirəsi qəlbimizdə, təxəyyülümüzdə yaşamaqdadır”.
Aysel Bayrak Akyılmaz
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının baş katibi
“Babək xoca babacan, insapərvər könlü insani sevgiylə harmanlanmış yardımsevər, gülərüz, təbii bir insan idi. Ömrünü elmə, fəlsəfəyə, əsl pedaqoq kimi tələbələrin yetişə bilməsinə həsr etmiş, xoşməramlı, xeyirxah niyyətli bir şəxsiyyət idi. Çox həssas qəlbə malik, insani bir nəcib ruha sahib idi. Xüsusilə, qadınlara, xanıməfəndilərə çox dəyər verən namuslu, əxlaqlı, iffətli bir əsilzadə ziyalı alim idi”.
Babək Qurbanov və Aysel Bayrak Akyılmaz
Həmdi Hikmət Geçin
Gaziantep Konservatoriyasının müəllimi
“Çox dəyərli elm adamı, professor Babək müəllimimizlə bir qurumda, Gaziantep Konservatoriyasında birlikdə çalışmaq imkanım oldu. Onu bu dünyada tanımaq və həmkar olmaq mənim üçün çox əhəmiyyətli idi. Onun 2008-ci ilin dekabrın 16-da ilk gəldiyi günləri heç vaxt unutmayacağam. Biz Babək müəllimə hər sahədə kömək edirdik. Elm yolunda çox şeydən vaz keçərək Ərzurumdan gəlib Qaziantepdə çalışmağını qərarlaşdırmışdı Babək xoca. 2012-ci illərdə evində təbii qaz olmasa da, (yeni qaz xətti çəkildiyi səbəbi ilə) elm üçün, tələbələrinə bilgi vermək uğrunda aylarla kirədə yaşadığı soyuq otaqda məcburən qaldığı da xatirimdədir. Mən bu fədakarlığı heç vaxt unuda bilmirəm. Babək müəllimin ixtiyarlığını nəzərə alıb, yaşına, işinin çoxluğuna görə ona köməklik etməyi mənəvi bir borc hesab edirdim. Onun “Fiat” markalı maşınında bəzən problem yaranan zaman köməkliyimi əsirgəməzdim. Çünki xətiri mənim üçün əziz idi. İmkan daxilində texniki məsələlərdə hər zaman kömək etməyə çalışırdım. Nə problem olurdusa, mənimlə məsləhətləşərdi. Konservatoriyamızın pedaqoji kollektivinə dəyər verən Babək xocanın fortepiano üçün bəstələdiyi əsərlərindən birini mənə hədiyyə etməsi, arxivimdə ən qiymətli hədiyyə kimi yer almaqdadır. Biz ondan həm insanlıq dəyərlərini də əxz etməklə, həm də universitet cameəsi olaraq çox şey qazanmışıq. Babək xoca ilə bərabər işləmək həqiqətən bizim üçün böyük şərəfdir. Ustad müəllimimizə Allahdan rəhmət diləyirəm”.
Ersin Yıldırımər
Gaziantep Konservatoriyasının müəllimi
“2007-ci ildə tələbə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasına daxil olduğum 2009-cu ilin bir mübarək gündə Prof. Dr. Babək Qurbanovla görüşüb tanış olmaq şərəfi mənə nəsib oldu. Gaziantep Konservatoriyasında çalışdığı müddətdə mənim hər zaman ilham aldığım, sənət yoluma nur saçan, elm yönündə doğru istiqamət göstərən xocalarımdan biri idi Babək Osmanoğlu. Babək müəllim həm tələbə, həm də həmkar, məsləkdaş kimi bir qurumda birlikdə işləmək imkanı qazandığım nadir şəxsiyyətlərdən olub. Tələbəlik illərində sənət fəlsəfəsi və estetika fənnindən dərs aldığım bir günü heç unutmuram. Babək müəllimin iştirakı ilə “Pianoçu” filmini araşdırıb təhlil etməyimiz mənim üçün unudulmaz xatirələrimdəndir. Babək müəllimim estetikanı həyatının mərkəzinə qoymuş gözəl, əxlaqı saf, amalı pak, əqidəli elm xadimi, əsl insan olub. Doğrusu, bir gün xəstəxana yolundan Konservatoriyaya gələrkən Babək müəllim maşını ilə önümdə olduğunu anladım. O qədər estetik zövq verən bir sürücü idi ki... Mən heyranlıqla izlədim... Kaş ki, yenidən baxa biləydim... Kaş o gözəl xatirələr bir daha gerçək olaydı. Babək müəllimlə bağlı xatirələrim çoxdur. Ruhun şad, məkanın cənnət olsun unudulmaz Babək müəllimim”.
Mahmut Polat
Qaziantep Universiteti Eytim fakültəsi dekanlığında məmur
“Babək müəllim iş həyatımda nadir olan əsilzadə bir Azərbaycan övladı idi. Ata nəvazişli, baba qayğısı ilə hər kəsə doğru-düzgün nəsihət verən bir şəxs idi. Elm aləmində öz sözünü demiş, pedaqoji sahədə uğurlu xidmətlər göstərmiş, konservatoriyamızda tələbələrin sayğı duyduğu, qəlbimizdə xoş xatirələri olan müdrik bir insan idi. Zarafatyana danışığı ilə hər zaman bizim qəlbimizi fərəhləndirdi. Unudulmaz günlərimiz çox oldu. Özü, sözü bütöv sadəlöhv və səmimi olduğu qədər də, təbii şəxsiyyəti ilə fərqlənən müdrik ağsaqqalımız idi. Rəbbim rəhmətlə günahlarını bağışlasın inşAllah”.
Əli İmamverdi //hüquqşünas
Qaziantep Universiteti Köç institutunun magistr tələbəsi
“Prof.Dr. Babək Qurbanov fəlsəfə, musiqi estetikası, mədəniyyət, musiqişünaslıq, folklor üzrə çoxsaylı akademik elmi araşdırmaları ilə onu tanıyanların qəlbində unudulmaz izlər nəqş etmişdir. Onun xalqımız naminə göstərdiyi fədakarlıqlar heç vaxt unudulmayacaq. Allah hamımıza belə şərəfli və cəsur bir ömür sürməyi nəsib etsin. Heç kimsəni incitməyən, bir kəsin qəlbini sındırmayan Babək müəllimin nurlu xatirəsi hər zaman könül dünyamda yaşamaqdadır.
Babək müəllim xalqımızın sayılıb-seçilən, hörmətli şəxsiyyəti, çox dəyərli, müqtədir alim övladı idi. Bizlərə əmanət etdiyi 53 kitabı və 700-dən artıq elmi məqalələri ilə musiqi tariximizdə minnətdarlıqla yaşayacaqdır. Məkanın cənnət olsun Osmanoğlu Babək müəllim!”.
Professor Babək Qurbanov Əli İmamverdiyə ağsaqqal məsləhətini əsirgəməzdi /Qaziantep/
Firuzə İmamverdi /Memar/
“Babək əmini 2002-ci ildə ailəmizlə birlikdə Ərzuruma gəldiyimiz zaman anam Şəkər xanımı, qardaşım Əlini ilk dəfə evinə dəvət etdiyində mənim 8, qardaşımın 9 yaşı var idi. Gülnarə xanım aş hazırladığı xatirimdədir. İlk dəfə Babək əmini gülərüz, səmimi bir insan kimi xatırlamaqdayam. Atatürk Universitetinin böyük səhnəsində Tamilla Qasımovanın fortepiano müşayiətində əsərlərini tarda səsləndirən atam İlqar Cəmiloğlunun konsertində ailəlikcə getmişdik. Babək müəllimin böyük alim, musiqişünas olduğunu kəşf etdim o zaman. İllər keçdikcə qismət oldu Gaziantep Konservatoriyasında atam İlqar İmamverdiyevlə birgə çalışdığı dönəmlərdə, hər il qardaşım Əlinin 8 dekabr, mənim isə 16 dekabr tarixindəki ad günümüzə dəvət edərdik. Bir böyüyümüz, əmimiz kimi qonaqlıq masasının başı yalnız Babək müəllimə aid idi. Hər bayramda gəlişi və gözəl danışığı ilə məclisimizi şərəfləndirərdi Babək müəllim. Memarlıq fakültəsindən məzun olduqdan sonra Sovetlər dönəmində yayınlanmış memarlığa aid bir çox şəxsi kitablarını hədiyyə etməsi məni həddən ziyadə sevindirdi. Bu diqqət məndə memarlıq üzrə magistr təhsili almama həvəsləndirdi. Və başarı ilə təhsilimi tamamladığımda Babək müəllim həyata gözlərini yummuşdu. Məkanı cənnət ruhu şad olusun Babək əminin. Amin... “.
Firuzə İmamverdi, Əli İmamverdi, Gülnarə xanım və Babək Qurbanov
Ayhan Kılınç
Gaziantep Universiteti TMDK
“Babək xocanın Qaziantepdə çalışmaq üçün təşrif gətirdiyi gün yaxından tanış olmaq imkanım oldu. Onun Qaziantep Universitetində işə başlaması üçün bəzi sənədlərın təcili hazırlanaraq lazımi qurumlara təqdim olunması gərəkirdi. O, Qaziantepdə yabançı olduğu üçün sənədlərini sahmana salmaq onun üçün problem idi. Təbii ki, vaxt aparan bu texniki işdə köməyimi Babək müəllimə əsirgəmədim.
Babək Qurbanov sadəcə müəllim deyil, ata, qardaş, dost, bəzən də arkadaş, taytuş idi. Babək Qurbanovun Azərbaycana, Türkiyəyə sevgisi həddən ziyadə böyük idi. O, Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını, musiqisini çox dərindən bilən, onu dünyaya tanıdan alim idi. Bunun üçün də bir çox elmi tədqiqat sahəsində fanatikcəsinə çalışaraq tələbələrinə zəngin bilgilər qazandırırdı. Yaxaladığı amansız xəstəlik nəticəsində 2019-cu ildə Babək müəllim dünyasını dəyişdi. Vəfatı bütün pərəstişkarlarını, onu sevənləri, o cümlədən məni dərindən kədərləndirdi. Buna görə də mənəvi borcumu yerinə gətirmək məqsədilə Babək müəllimin tövsiyəsinə əsasən Türkiyənin müxtəlif konsert səhnələrində bir zamanlar çalınmış əsərlərini youtubeyə yüklədim ki, haqq dünyasına qovuşduqdan sonra da bizə ərməğan etmiş olduğu musiqi inciləri ilə aramızda mənən də olsa də zəngin melodiyalarda duyulan ülvi ruhu ilə yaşasın.
Ağır xəsdə olduğu zaman Ökkeş həzrətlərini ziyarət edərək dua ettim ki, amansız xəstəlikdən qurtulsun. Fəqət qurtula bilmədi nə yazıq ki. Arxivimdə yer alan kədər anını əbədiləşdirən, kövrək ruhumuzu yansıdan iki şəkili təqdim edərək vəfa borcumu bir daha əzizim Babək xocanın nigarani ruhuna ərmağan etmək istəyirəm. Orucluq ayında, 2018-ci il 21 may tarixində babam Xəlil Kılıncın məzarını birlikdə ziyarət edərkən heç xəyalıma da gətirə bilməzdim ki, 10 ay 7 gün içərisində Babək müəllimlə əbədi ayrılacağam.
Arxivimdə çox rəsmlərin, musiqilərin var hələ. Təqdim etdiyim rəsmədəki nigaran, qəmli, soluxmuş çöhrənə, günəş tək qürub etmiş bənizinə baxarkən foto şəkil çəkilən anda nə hisslər keçirdiyin, mənən nə həyəcanlar yaşadığın mənə indi daha çox aydın olur Babək xocam! Allah rəhmət eləsin. Mübarək məzarın nurla dolsun, unuda bilmədiyim əzizim Babək müəllim!”.
Ökkeş həzrətlərinin ziyarətgahı və Kilis musabəyli Qızılkənd 21 may 2018-ci il
Babək Qurbanovun İkinci Şıxlı kənd qəbiristanlığındakı məzarı
Qəhrəman xalqımızın etibarlı övladı, xalq şairimiz Osman Sarıvəlli yadigarı, fəlsəfə elmləri doktoru, professor Babək müəllim! 9 iyun 2023-cü il tarixində ad gününü pünhanca qəlbimdə niskilli sədayla təbrik edərək rəhmət diləyirəm cənabi Haqdan. Babək Qurbanov adı xalqımız üçün insanlıq simvolu olub ziyalılığın bərq vuran günəşidir, amalıyla, zəkasıyla, xoşməramıyla, sadəliyi, təvazökarlığıyla, gözü, könlü toxluğyla, əsl insani dəyərləri ilə. Millətimizin, qüruru, iftixarı Babək Osmanoğlu, mübarək məzarın nurla dolsun, əbədi uyuduğun istirahətgah adlı məkanın cənnət olsun. Amin!!!
İlqar CƏMİLOĞLU İMAMVERDİYEV,
Sənətşünaslıq elmləri doktoru, professor,
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi.
Türk Xalq musiqisinə xidmət mükâfatçısı
09.06.2023-cü il, Gaziantep
Facebook-da paylaş