Budur gəldi Bahar fəsli – Babəkim görən gələrmi?
Babək Osmanoğlu Qurbanov (09.06.1939 – 28.03.2019)
"Tahir və Zöhrə" dastanından olan bu misra hər il Novruz bayramı ərəfəsində qeyri-ixtıyarı yadıma düşsə də səmimiyyətimlə etiraf edim ki, sevinə bilmirəm qiymətli oxucularım. İyirmi üç ildir qəmlənirəm nə yazıq ki. Çünki atam Cəmil Əkbəri (12 mart), əmim oğlu Məhərrəm Əkbərovu (2 mart), qardaşım Zakir Cəmiloğlunu (18 mart) rəhmətlə anıram. Mənə qardaş qədər əziz olan Xalq şairimiz Osman Sarıvəlli yadigarı, əsilli, nəcabətli Vətən övladımız, nəhəng elm xadimi, şair təbli bəstəkar, musiqişünas, ifaçı, ədəbiyyatçı, tarixçi, folklorşünas, filosof, musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru, Türk dünyasına xidmət mükafatına layiq görülmüş tanınmış ziyalımız professor Babək Qurbanov da 28 mart 2019-cu il tarixində haqqın rəhmətinə qovuşduğu gündür. Tərk etdi bizləri. Nigaran qoydu əzizlərini. Niskilli getdi. Bir az da həyatdan küskün getdi deyəsən. Kimsəyə bildirmədən. Öz içində pünhan çəkə-çəkə. Xatirələr ilmə-ilmə yada düşərkən, keçmiş günlərə həsrətlə dönüb baxaraq qəhərlənirəm. Xəyallara dalıb, hey ana-ana, yana-yana qalıram əziz oxucularım. Çünki itki böyük, dərd ağırdır. Bu dərd aləminin içində bir neçə ilim də bəd gəldi yenə. Dünya xalqlarını vahiməyə salan qorxunc COVID-19 adlı bəladan yenicə qurtulmamıza şükür edirdik ki, bu şükrümüzün ömrü çox qısa oldu. Fevral ayının 6-da Türkiyəmizin 10 şəhərində (Hatay, Qəhrəmanmaraş, Adıyaman, Qaziantep, Osmaniye, Diyarbakır, Malatya, Şanlıurfa və s.) əsrin fəlakəti olan zəlzələ nəticəsində saysız-hesabsız evlər, yurd-yuvalar məsum, çarəsiz insanların başına uçub töküldü. Binalar tar-mar oldu bir anda, xanələr yerlə-yeksan oldu, ayrılıqlar, ölümlər, itkinliklər meydana gəldi yenə. 50 mindən artıq Türk insanı anidən torpaqlara qərq oldu, çox sayda cəsədlər belə buluna bilmədi hələ də. Şəxsiyyəti, kimliyi bəlli ola bilməyənləri isə əlacsız qalıb kimsəsizlər məzarına dəfn etdilər. Buna daha bir yenisi əlavə olaraq ötən həftə güclü yağışlar selə dönüşərək Adıyaman, Qəhrəmanmaraş, Şanlıurfa şəhəri palçıqlı sulara yenik düşdü. Qaçmağa fürsət tapa bilməyən iyirmiyə yaxın insan bu fəlakətin cəngindən heç cür qurtula bilmədi. Müqəddəs Kəbəmizin yerləşdiyi Məkkəyə indiyə qədər yağmayan qar ətrafdakı dağların başını ağ örpəyə bürüdüyü zaman zəvvarlarla birlikdə yerli insanlar da heyrətə qapıldılar. Səudiyyə Ərəbistanı gah qatı qəhvəyi rəngli qum fırtınasına əsir düşdü, gah da anidən dolu döydü bu müqəddəs məmləkəti. Bütün bunlar dünya iqliminin dəyişməsinin xəbərçisidir yəqin ki. Düşünürəm ki, dünya dövlətlərinin, dünyəvi elm adamlarının nəhayət ki, bir araya gəlib məcrasından çıxan bu təbiət hadisələrinin öz yerinə qaytarılması üçün əl-ələ, dil-dilə verib birlikdə uğurlu həllin yollarını axtarmalıdır. Çünki daha böyük fəlakətlərlə qarşılaşmamaq üçün bu problemləri vaxtında çözməyə çalışmağın zamanı çoxdan gəlmişdir deyə qarmaşıq fikirlərimlə nigarançılıq, həyəcan, təlaş içindəyəm.
Nə isə mövzumdan uzaqlaşmayım əziz oxucularım. Çünki bu məqaləm Babək Qurbanovla bağlı xatirələrimin bir qismidir ki, xatirəsini sizlərlə paylaşmaq istərdim anım günündə.
2017-ci ilin yanvar ayının 29-da Qaziantep Konservatoriyasından işdən evə gedərkən havanın günəşli olmasına rəğmən soyuq şaxtalı bir gün olduğunun fərqinə vardım. Hətta, yerdəki kiçik gölməçələr belə buz tutmuşdu. Kampüsdən çıxarkən güvənlik işçilərinin bu şaxtalı gündə vəzifə başında sədaqətlə xidmət etdiyini, müəllimlərimizin, məmurlarımızın, tələbələrimizin keşiyini ləyaqətlə çəkməsi məni çox duyğulandırdı. Və anidən sizə təqdim etdiyim bu misralar ürəyimə gəldi:
Huzurumuzu saxlayan, saxlayan,
Polis, güvənlik, əsgərim, jandarma.
Hər yeri titiz arayan, arayan,
Polis, güvənlik, əsgərim, jandarma.
Çox çalışdın heç durmadın, durmadın,
Bir an gözünü yummadın, yummadın,
Sular dondu, sən donmadın, donmadın,
Polis, güvənlik, əsgərim, jandarma.
Gecə-gündüz uyumayan,
Xidmətində yorulmayan,
Mərd dayanan, bayılmayan,
Polis, güvənlik, əsgərim, jandarma.
Sən toplumun sevincisən,
Görəvində birincisən,
Mücövhərsən, bir incisən,
Polis, güvənlik, əsgərim, jandarma.
Hər olaya sipər oldun, sən oldun,
Xalqın üçün zəfər çaldın, sən çaldın.
İlqarın qəlbində qaldın, sən qaldın,
Polis, güvənlik, əsgərim, jandarma.
Doğru deyən sözün vardır,
Doğru görən gözün vardır,
Sevdan Vətən adlı yardır,
Polis, güvənlik, əsgərim, jandarma.
Haqq-ədalət məramındır,
Düz düşünən kamalındır,
O nur saçan camalındır,
Polis, güvənlik, əsgərim, jandarma.
Bu minvalla şeiri tamamlayıb bir neçə nüsxə çoxaldaraq skaynerdən surətini alıb, universitetimizi gecə-gündüz qoruyan güvənlik işçilərimizə bir gün sonra hədiyyə verib, könüllərini şad etməyə və mənəvi borcumu qismən də olsa yerinə yetirməyə çalışdım. Və qismət oldu ki, bu şeirimə bir musiqi də bəstələdim. Sözlə musiqinin ritmi uyum içində olduğuna çox sevinmişdim. Buna görə də 4-cü sinif tələbəm İbrahim Can Zonturluyla bir neçə dəfə tarda çalıb məşq etdikdən sonra, nəhayət fikrini bilmək üçün hörmətli professorumuz Babək müəllimə də dinlətdim. Bu ilk ifadan Babək müəllimin razı qaldığını sezdim. Daha sonra bizim konservatoriyamızda 2009–2011 illərində müdirlik vəzifəsində çalışmış, sonralar Türkiyə Böyük Millət Məclisinin deputatı olmuş ədəbiyyatşünas folklorçu alim Prof.Dr. Ruhi Ərsoya da telefon vasitəsilə çalıb səsləndirməyimiz onun üçün də sürpriz oldu.
Şəkil 1 (soldan sağa) Əli İmamverdi, Prof. Dr. İlqar Cəmiloğlu, Türkiyə Böyük Millət Məclisinin Deputatı Ruhi Ərsoy, Prof. Dr. Babək Qurbanov, Ənvər Əşrəfoğlu və Elnur Qəmbərov (Moskva).
Şəkil Qaziantep Konservatoriyasında Babək müəllimin 70 illiyi münasibətilə çəkilib. 9 iyun 2009
Çox xoşuna gəldiyi üçün sevinc qarışıq təlaş içərisində bizə belə bir təlimat verdi ki, “Bu musiqini dərhal lentə çəkdirin. Çünki Suriyada “Zeytun dalı” hərəkatı olduğu üçün Türk əsgərlərimizə böyük ruh verər bu musiqi”. Bu gözlənilməz təklif səbəbi ilə dedim ki, “Axşam saat 17:00-da xor dərsim var. İnşallah məmurumuz Ayhan Kılıncdan xahiş edərəm. Kameraya musiqinin görüntüsünü çəkib Youtube-yə daxil edər. Bu məramla da Babək müəllimdən mənə köməklik etməsini təmənna etdim. Çünki fortepianoda bu musiqiyə, mənim tar çalmağımla tələbəm İbrahimin də uğurlu səsləndirə bilməsi üçün müşayiət etməsinə ehtiyac duydum. Məsələnin nə yerdə olduğunu anlayan Babək müəllim Türk əsgərlərinin şanlı-şərəfli xidmətlərinə bir töhfə olsun deyə sözümü yerə salmadı. Və yaşadığı evə gedib qiyafətini dəyişdirib çəkim üçün təkrar konservatoriyaya geri döndü. Kameraya çəkiliş zamanı Babək müəllimin 78 yaşında mənə yardım edərək təmənnasız xidmətini oxucularımla bu təqdim etdiyim şəkil və link vasitəsi ilə gerçək olmasını göstərmək niyyətindəyəm.
https://www.youtube.com/watch?v=33BVMNJZ1Cg
Şəkil 1. (Sağdan sola) F-no Professor Babək Qurbanov, tar Prof. İlqar İmamverdiyev 9 mart 2017
Şəkil 2. (solda sağa) tar: Prof. İlqar İmamverdiyev, f-no Professor Babək Qurbanov, solist İbrahim Can Zonturlu və xor. 9 mart 2017
Bu faktı bildirməkdə məqsədim Babək müəllimin Vətən, dövlət, millət mənafeyi üçün hər zaman fədakarlıq etdiyini, fərqli məqamlarda təmənnasız xidmət göstərməyə hazır olduğunu oxucularıma çatdırmaqdır. Onsuz da əməli işi ilə, elmi çalışmaları ilə Ərzrurum Atatürk Universitetində və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında birgə fəaliyyət göstərdiyimiz 18 il ərzində dəfələrlə xeyirxahlığını, xoş məramla zəngin ömür yaşadığını müşahidə etmişdim.
Digər bir xatirəmi də oxucularımla paylaşmaq istərdim. 2017-ci ilin 10-12 may tarixində 24-cü İstanbul Türk Musiqisi Festivalı çərçivəsində Türk Musiqi Dərnəkləri və Cəmiyyətləri Həmrəylik Şurası və Mərmərə Universiteti tərəfindən düzənlənmiş "Beynəlxalq Gözəl Sənətlər Təhsili, Sosial Elmlər Qarşılıqlı Simpozium"una Babək müəllimlə birlikdə dəvət aldıq. Mənim mövzum “Azərbaycanda tar sənətinin inkişaf tarixinə ümumi baxış”, Babək müəllimin mövzusu isə “Estetik mədəniyyət və bəzi təhsil problemləri” idi.
Professor Babək Qurbanov “Estetik mədəniyyət və bəzi təhsil problemləri” mövzusunda çıxış edərkən.
10 may 2017 saat 14.00, Mərmərə Universiteti, Atatürk Təhsil Fakultəsi, Gözəl Sənətlər Tədrisi bölümü, Üzümçü mədəniyyət mərkəzi / İstanbul
Dünyanın bir çox ölkələrindən elm adamları bu beynəlxalq simpoziuma dəvət olunmuşdu. Babək müəllim bu simpoziumda xoş bir təsadüf nəticəsində Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsinin aparıcı elmi işçisi, filoloq alim Tənzilə Xadziyeva (mövzusu “Qaraçayların Nart Mahnıları və Balkar mahnıları”) ilə tanış olduqdan sonra Kalmıkların qəhrəmanlıq dastanı olan “Canqar”ı Azərbaycanda (İ.İ. şair Musa Ələkbərli naşir, elmi redaktör filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı) nəşr etdirdiyini bildirdi.
Professor Babək Qurbanovun Azərbaycan dilinə tərcümə etdiyi Kalmık qəhrəmanlıq dastanı “Canqar”
Azərbaycan və Kalmık xalqları arasında mədəni-mənəvi körpü əhəmiyyəti daşıyan bu yeni məlumat Tənzilə xanımın diqqətini cəlb etdi.
İlk dəfə A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsinin aparıcı elmi işçisi, filioloq alim Tənzilə Xadziyeva duyduğu bu bilgini beynəlxalq simpoziumdan sonra A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsinin alimlərinə də çatdırmış oldu. Az bir zamanda “Canqar” kitabının Azərbaycanda yayınlanması xəbəri Kalmık xalqına da çatdırılmış oldu. Bu münasibətlə də Kalmık respublikasının elm adamları hörmətli alimimiz Babək Osmanoğlunu mükafatlandırmaq üçün 2017-ci il dekabrın 16-19 tarixlərində rəsmi olaraq öz ölkələrinə dəvət etdilər. Lakin Babək müəllimə bu törəndə iştirak etmək nəsib olmadı dəyərli oxucularım. Yaxşı xatırlayıram ki, 17-19 dekabr günlərində Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı sayəsində Xalq şairimiz Osman Sarıvəlliyə həsr olunmuş poeziya bayramı keçirilməsi səbəbi ilə İcra Hakimiyyətinin rəsmi dəvətinə əsasən yeganə oğul övladı kimi Babək müəllimin atasının tədbirində iştirak etməsi uyğun görülmüşdü. Hətta, İstanbul-Tiflis hava xətti ilə təyyarəyə öncədən bilet də alınmışdı. (Bu tədbir üçün yetkili nümayəndələr Qazaxdan gəlib Tiflis Aeroportunda qarşılayıb, hörmətli alimimizi Vətənə aparmağı da planlamışdılar).
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəlliyə həsr olunmuş poeziya bayramı
(sağdan sola) Professor Babək Qurbanov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, akademik Nizami Cəfərov.
Daha bir xatirəm filosof alimimiz, şair-dramaturq Firuz Mustafanın “Qocalma gözəl” şeirinə yazdığı bəstə ilə bağlıdır dəyərli oxucularım.
Dən düşübdür saçlarına,
Amandı, qocalma, gözəl.
Dünya özü qocalsa da,
Amandı, qocalma, gözəl.
Əlim göydə, üzüm haqda,
Mən ayaqda, sənsə taxtda,
Gəl baş əymə keçən vaxta,
Amandı, qocalma, gözəl.
Qəm əkilər gözlərimə,
Sədd çəkilər sözlərimə,
Ağrı çökər dizlərimə,
Amandı, qocalma, gözəl.
Dərd adamı heydən salır,
İlan olub ürək çalır.
Firuz sənlə bir qocalır,
Amandı, qocalma, gözəl.
Filosof məsləkdaşlar Babək Qurbanov və Firuz Mustafa
2017-ci ilin avqust tarixində mənim e-mail adresimə əlyazma halında yeni yazdığı not vərəqini göndərib səliqəli yazmağımı xahiş etdi Babək müəllim. İstədiyi kimi yazıb təkrar internet vasitəsilə e-mailinə Bakıya göndərdim. Sentyabr ayında Qaziantəpə gəldiyi zaman bu əsər üzərində təkrar çalışıb bəzi əlavələrlə yekunlaşdırdıqdan sonra zil səsli Öznur Gök adlı 4-cü sinif tələbəmlə bir neçə dəfə məşq etdik. Və 2018-ci ilin 20 aprel tarixində tarda məşq edib Babək Qurbanovun fortepiano müşayiəti və Ayhan Kılıncın videoçəkimi ilə lentə aldıq. https://www.youtube.com/watch?v=_Dz0VLbatQ4
Babək Qurbanovun şair Firuz Mustafanın “Qocalma Gözəl” adlı şeirinə bəstələdiyi musiqini Öznur Gök adlı tələbəni Babək Qurbanovun fortepiano və İlqar İmamverdiyevin tar müşayiətini Ayhan Kılınç kameraya çəkmişdir.
Daha sonra bu əsəri İstanbul Texnik Universitetinin konservatoriyasında bir zamanlar Emin Sabitoğlunun sinifində dərs almış istedadlı musiqiçi Serkan Erdem, 2017-ci ilin dekabrın 27-də Evrensel Müzik Sənət Mərkəzinin rəhbəri İrfan bəyin rəhbərliyi ilə düzənlədiyi hesabat konsertində Babək müəllimin fortepiano və mənim tar müşayiətimlə Qaziantepin Onat Kutlar kültür səhnəsində bir daha uğurla səsləndirmiş olduq.
https://www.youtube.com/watch?v=kUBjxrUfWcI
Ən sonda isə Babək müəllimin Türkiyədən ayrılma səbəbi ilə tamaşaçılar qarşısında plaket təqdimatının da olduğunu oxucularımın nəzərinə çatdırmaq istərdim.
Babək Qurbanovun şair Firuz Mustafanın “Qocalma Gözəl” adlı şeirinə bəstələdiyi musiqini Serkan Erdem Babək Qurbanovun fortepiano və İlqar İmamverdiyevin tar müşayiəti ilə səsləndirərkən.
Babək müəllimin Türkiyənin fərqli yörələrində xüsusən də Ərzurumda, Qaziantepdə tədris sahəsində fərqli beynəlxalq konqreslərdə göstərdiyi məhsuldar fəaliyyətlər bitib tükənməzdir. Çünki öz zəngin elmini, dərin bilgisini, peşəkarlıqla yoğrulmuş təcrübəsini səxavətlə Azərbaycan xalqına və Türk elm camiasına fərqli dönəmlərdə səxavətlə, həm də təmənnasız bəxş etmişdir.
Ruhun şad olsun Babək müəllim, səni heç unutmaq olarmı? Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının və Ərzurum Atatürk Universitetinin müəllimləri və məmurları, hətta, keçmiş tələbələrin, elm sahəsindəki 33 yetirmələrin, 53 saydakı elmi kitablarının, 700 məqalələrinin oxucuları bu gün belə Sizi xoş xatirələrlə anmaqdadırlar. Xatirən ürəyimizdə yaşamaqdadır ey nəcibliyin mübarək ismi, insanlığın simvolu Babək Osmanoğlu Sarıvəlli.
İlqar CƏMİLOĞLU İMAMVERDİYEV,
Sənətşünaslıq elmləri doktoru, professor,
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi
Türk musiqisinə xidmət mükafatçısı
20.03.2023-cü il, saat 12:29, İstanbul
Facebook-da paylaş