Keçən günə gün çatmaz...
Babək Qurbanovun nurlu xatirəsi, haqq dünyasına qovuşmasının ikinci ildönümü 28 mart 2019-cu il
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdir otağında Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanovun 75 yubiley ilindən xatirə şəkli. Babək müəllimin yetirdiyi aspirantları. (Sağdan sola) sənətşünaslıq namizədi Hakan Tatyüz (keçmiş müdür), sənətşünaslıq namizədi Savaş Ekici (keçmiş müdür yardımçısı), sənətşünaslıq namizədi Gültəkin Şener (bölüm başqanı) və Prof.Dr. İlqar İmamverdiyev
9 iyun 2014-cü il
Həyat bu dünyadan doymamaqdır. Həyat yaşamaqdan doymamaqdır. Həyat bu dünyada əsil insan, həqiqi vətəndaş olaraq alını açıq, üzü ağ vicdanlı yaşamaqdan doymamaqdır. Balıq sudan, Quş uçmaqdan doymur. İnsan nəfəs almaqdan, gözlə baxmaqdan, hisslərlə duymaqdan, nəhayət ürək davamlı döyünməkdən, qan dövr etməkdən, könül dünyamız isə sevməkdən doymamaq üstündə köklənmişdir saz kimi. Bu doymamaqlar insanın yaşama həvəsidir. İnsan oğlu bu anlatdıqlarımdan doyubsa demək ölübdür. Həqiqi elm dünyasının cəfası yolunda hər cür əziyyətlərə qatlaşaraq davamlı axtarışlarda olan, məqsədyönlü çalışmaqdan, araşdırmalardan doymayanlara əsl yaşamaq nəsib olur. Nə qədər kəşflərə sahib olsa da yenə bir çox ixtiralar kəşf olunmamış qalmaqdadır. İnsanı yaşadan yeni tapıntılar uğrunda bir fateh kimi axtarışlarını ara vermədən, müntəzəm sürdürməkdir. İnsan elm aləmində yeni bir kəşf əldə etmiş olsa demək o, məcazi anlamda ölmüşdür. Yaşamaq elmi hədəfə doğru kəşfə yönələn müntəzəm axtarışlarını davam etdirməkdir. Yeni bir ixtiranı tapana kimi insan bu həvəslə, ülvi məramla axtarışlar əhatəsində yaşayır demək. Tapdığı zaman isə artıq iş yekunlaşdığı üçün ömrünü tamamlayır.
İnsan xilqətinin arzuları, amalları, fikirləri də bitib-tükənməzdir. Ona görə də axtarışların, xoşməramlı düşüncələrin sahili, zəngin fikirlərin sərhədi yoxdur. Lakin insanın ömrünün sonu vardır. Demək yarım qalmış ömürlə kəşflərin, ixtiraların sonuna varmaq mümkün deyildir. Bütün bəşəriyyət insanları bir ömürdə yarımçıq yaşamışlar. Çünki elmin, axtarışın final mərhələsinə kimi gəlib çıxa bilməmişlər nə yazıq ki. Kitablarını, məqalələrini tamamlaya bilməmişlər, 500, 1000 məqalə, çoxlu kitablar yazmaq yenə də azdır. Az olan şey də yarımçıqdır. Tam deyil. İnsan ömrü kimi... Bir filosof nə gözəl demiş: "Məni yaşadan bilmədiklərimdir, Öldürən bildiklərimdir”. Elə ki, bildin, demək öldün. Yeni bir bilgi yolunda araşdırma fəaliyyətinə başladınsa, demək təkrar yaşamağa qədəm qoydun. Yaşamaq fəaliyyətdir. Fəaliyyət göstərməmək, xoş məramlarla xidmət etməmək isə müqəvvalıqdır.
Balıq sudan doymadığı üçün yaşayır. İnsan nəfəs almaqdan, gözəllikdən zövq aldığı üçün yaşayır. Zövq almaq yaşamaqdır. Nəfəs almaq yaşamaqdır. Ürək döyündüyü üçün yaşayır. Ürəyin döyüntüsü yaşamaq həvəsidir. Quş uça bildiyi üçün yaşayır. Uçmaq yaşamaqdır. İnsan arzularla, amallar qanadında yaşayır. İnsanın yaşaması arzusudur, amalıdır, fəaliyyət göstərməsidir. Fəaliyyət yaşamaqdır. Çalışmamaq ətalətdir. Tənbəllik fəaliyyətsiz olmaq deməkdir. Ona görə də insan övladına heç yaraşmayan tənbəllik komaya düşməkdir. Vətənə, millətə, xalqa vicdanla, eşqlə, məhəbbətlə, həvəslə xidmət etmək əsl insan üçün yaşama sevgisi-sevincidir. Eşqlə, həvəslə, coşğuyla fəaliyyət göstərmək yaşamağın bir əlamətidir. Yaşamaq doymamazlıqdır, doyumsuzluqdur. Arzular, amallar tükənməz olduğu kimi, yaşamaq da tükənməzdir. Bu baxımdan da insan yaşamaqdan doymur, usanmır, bezmir. Bu doymamazlıq yaşamaqdır. İnsan doyursa, ölümə doğru irəliləməklə can verir deməkdir. Arzuları bitdisə, demək insan ölmüşdür. İnsan fəaliyyət göstərmirsə, elm, millət, xalq, Vətən uğrunda demək diri ikən mənən həyatını tərk etmişdir. Ölümsüz olmaq üçün xalqa, millətə, dəyərli əsərlər əmanət etməkdir gələcək nəsillər üçün. Gələcək nəsillər sənin yaradıcılığından bəhrələnmişlərsə, demək sən onların ruhunda, düşüncəsində mənən yaşamaqdasan, xatırlanmaqdasan, yad olunmaqdasan. Yad olunmaq, xatırlanmaq, yaşamağın bir yöntəmidir. Necə ki, Nizami Gəncəvi, Firdovsi, Xəqani, İmadəddin Nəsimi, Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mola Pənah Vaqif, Nəvai, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Üzeyir bəy Hacıbəyov və neçə-neçə dahi korifeylərimiz kimi. Dəyərli bir məntiqlə yoğrulmuş hikmət dolu müdrik fikrin söylənirsə, demək xatırlanmaqdasan, yaşamaqdasan ey insan oğlu!!!
Böyük şairimiz Bəxtiyar Vahabzadə bu məqamda poetik misralarla fikrimizi daha da aydınlaşdırmaqdadır. Çünki bu dərin anlamlı kəlamlarda ustad şairimiz müdrik söz incisini ipə-sapa düzməklə bu gün də yaşayır ürəyimizdə, xatirəmizdə, bu xatirə məqaləmizdə:
Yaşamaq
yanmaqdır, yanasan gərək,
Həyatın
mənası yalnız ondadır.
Şam
əgər yanmırsa yaşamır demək,
Onun
da həyatı yanmağındadır.
Elm yolunda bir şam kimi yanıb əriyən alimlərimizdən biri də 2 il öncə aramızdan ayrılıb Haqqa qovuşan Osmanoğlu Babək Qurbanovdur. Yaşadı mərdi-mərdanə, kimsəyə yük olmadan, əziyyət vermədən öz zəhməti, fanatik çalışmaları ilə geniş xalqımızın hüsn-rəğbətini qazandı. Ona görə də adı sayğı ilə, həm də rəhmətlə anılmaqdadır. Sağlığında elm yolunda hamıya əl tutdu, yardım etdi, könlünü sevindirdi, çiskin dolu niskilli, küskün, incik qəlbini ovundurdu. Yandı bir məşəl kimi Odlar diyarımıza od-alov saçaraq ziyası ilə daha da gurlandırdı musiqi-fəlsəfə elmimizi. Bu sahənin alimləri, mütəxəssisləri onun yaradıcılığından hər zaman bəhrələnməkdədirlər. Bu bəhrələnmə Sarıvəlli Babəki könüllərdə bu gün də hörmət-ehtiramla yaşatmaqdadır. Ruhun şad olsun Ana Vətənimizin layiqli, ismətli, nurlu təvazökar oğlu.
Babək müəllim özü görkəmində bir nur idi işıqlandırdı qəlbimizi. Necə ki, Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi. Qürurlandırdı, sevindirdi bizləri. Yaşamağın, yaratmağın yollarını, mənasını bizlərə öyrətdi, səxavəti ilə, yardımsevərliyi ilə. Könüllərdə taxt-tac qurdu onu sevənlərin qəlbində. Unutmaq olarmı əsl Vətən övladını? Necə unudasan müqəddəs Osman ocağından pərvəriş taparaq bütün Türk Dünyasına, Post Sovet məkanında səs-səda salan həqiqi Vətənsevər, xalqsevər insanı? Gecə-gündüz yazdı-yaratdı ərmağan etdi dost-doğma xalqına. Azərbaycan elminə zəngin miras əmanət edib çəkib getdi Haqq dünyasına.
700-dən artıq elmi məqalələrlə elmimizi bəzədi bu işıqlı insan. 50-dən artıq elmi kitabı ilə intəhasız fikirlərini bizlərə ərmağan etdi yazılarıyla. Bu kitabları oxumaqla böyük dəyər sahibini mənən yaşatmaqdayıq. Əsl yaşamaq Haqq dünyasına qovuşduqdan sonra xatırlanmaqla, adının anılmasında olan yaşamdır. Babək müəllim belə əxlaq sahibi bir insandı. Abırlı-həyalı, ədəbli-ərkanlı, ağır təbiəti ilə tanındı, səbrlə, təmkinlə dolu bir ömür sürdü onun çevrəsində dolanan, əhatəsində olan elm adamları arasında. Bir günəş kimi parladı. Şöləsini elm dünyamıza bəxş etdi. Bu bəxşişi ilə də elm ordumuzun sərkərdəliyini yürütdü neçə-neçə beynəlxalq simpoziumlarda, konqreslərdə. Başarıyla, uğurla davam etdirdi bu xeyirxah-xoşməramlı missiyasını. Ömrünün sonunadək yorulmadı, usanmadı, irzikmədi. Babək müəllim belə bir qüdrət sahibi idi. Nə yazdısa elmi oldu, nə dedisə elmi oldu, nə düşündüsə elmi oldu. Elmdən bir an da olsun kənara çıxmadı. Elm aləminə sadiq qaldı əsl alim kimi özünü təsdiq etdirdi, mədəniyyət tariximizin fəxri sənədində mübarək ismini möhtəşəm uğurlarıyla möhürlətdi elm camiamızda.
İki ildir özəl yerdə qərar almaqdadır Babək Qurbanov. Gözəl məqamda taxt-tacında dayanmaqdadır Babək Sarıvəlli. Haqq dərgahına təşrif aparması ilə könüllərimizdə onun yeri boş qaldı. O andan etibarən yeri könlümüzdə görükməkdədir. Qəlbimiz boş qalıb Babəksiz. Kimsə doldura bilməz, onun yerini daha bir kimsə ala bilməz. Çünki Babək bir gəldi - pir getdi. Nur gəldi – nur getdi. Yeri ürəyimizdə könlümüzdə hər zaman görünür. Hayana baxırıqsa görmək istərik. Qulağımız gözəl ahəngə bələnmiş tebrli səsini bir daha dinləmək istər. Müdrik kəlamlarına yenidən dinşək kəsilmək istərik. Çifayda, xam xəyal dünyasında yanıb yaxılmaqdayam. Çünki on il hər gün gördüyümüz, səsini duyduğumuz insandan uzaq düşməklə barışa bilmirəm, bu gerçək həqiqətə heç cür uyğunlaşa bilmirəm. Hər zaman təskinlik tapırdım onun varlığı ilə. Örnək idi duruşu ilə, baxışı ilə, ağıllı söz-söhbətləri ilə, müdrik fikirləri ilə. Mənasız bir söz demədi bu insan, nə dedisə mənalı dedi, doğru dedi, dürüst dedi, təcrübəyə dayanan zəngin bilgilərinə istinad edərək sərrast söylədi heyrətamiz fikirlərini. Bizi yönləndirdi, bizə həyatın özünü anlatdı, başa saldı, yaşamağın yolunu sirlərini, əsl elmin "Qibləsini” - yönünü izah etdi, öyrətdi. Öyrətməkdən doymurdu. Bu da Babək müəllimi yaşadırdı. Yaşamaq onun üçün elmi axtarış, müntəzəm mütaliə və ən əsası pedaqoji fəaliyyət idi. Öyrəncilər ordusunun başqanı idi Konservatoriyamızda. Təsadüfi deyil ki, bütün öyrəncilər Babək müəllimi əsl pedaqoq saydıqları üçün "Hocaların hocası” fəxri adını vermişdilər. Bu adı uzun illərə dayanan alın təri, zəhməti, axtarışları, zəngin elmi mənbəələrdən əldə etdiyi ensiklopedik bilgilər hesabına qazana bilmişdi. İxtiyar çağında da çalışmağına heç ara vermədi. Müqəddəs fəaliyyətinə bircə dəfə ara verdi. O da Haqq dünyasına qovuşan zaman. Bu ara vermə təəssüf ki, əbədi oldu. Bizlər həsrət qaldıq yeni fikirlərə, yeni düşüncələrə. Bu düşüncələri ilə də bizi qoruyurdu, sanki mühafizə edirdi Babək müəllim.
Heç bir insanın pis gününü heç arzulamazdı. Əksinə hər kəsin xoş gününü görmək istəyərdi təkcə. Çünki dünyəvi qəlbə sahib idi Babək Osmanoğlu. Musiqi və fəlsəfə elminin qəhrini çəkən insan desək ilk öncə Babək Qurbanovun adı yada düşür. Digər elm xadimlərimiz də bu qənaətdə, bu düşüncədədir. Xeyirxahlıq mücəssəməsi desək Babək Sarıvəlli xatırlanır. Çünki səxavətlə, təmənnasız xidmətləri ilə öz şəxsində nümunə olmaqla bizləri ərsəyə gətirdi.
Elm dünyasında fəlsəfə - musiqişünaslıq qatarının başçısı idi Babək müəllim. Bir durna qatarının öndəri olaraq bizi öz arxasınca xoş mərama doğru, aydın elm yolunda yönləndirirdi, hədəfə doğru çəkib aparırdı.
Məsləhətini heç əsirgəmədi. Hər zaman elmin doğru istiqamətini bizlərə işarət verməklə göstərdi, O yolla gedirəm. Fəqət Babək müəllimsiz. Qol qanadım sınmış halımla. Tək qaldım Babəksiz xiffət etməkdə, "dərd əkib-qəm biçməkdə” ürəyimdə saldığı insanlıq izində davam etməkdəyəm. Çünki unutmaq qeyri-mümkündür əsl insanı. Mənim altun üzüyümün 24 əyarı Babək müəllim idi. Onunla mənəvi nəfəs alırdım. Qürurlanırdım, sevinirdim, həvəslənirdim, coşurdum, aşıb-daşırdım. 28 mart 2019-cu il tarixindən daha nə coşuram, nə aşıb-daşıram. Sevincim də qeyb olub gedib. İç dünyama qapalı halda özüm-özümlə Babək müəllimin xəyalı ilə dərdləşməkdəyəm. Qürurum, tabım da qalmayıb. Təskinlik ala bildiyim bir kimsəm qalmadığı üçün daha özümü ovuda bilmirəm. Çünki arxam, dirəyim yox oldu, qəfil uçdu, dağıldı bəndi-bərəm. Arxasız köməksiz, imdadsız qalmışam. Babək müəllimdən savayı kimsə dadıma, imdadıma çatmaz. Mənim imdadıma çatanım yox oldu getdi. Yuxuya, xəyala döndü gerçək həqiqətlər, möhtəşəm elmi fikirlərimiz bir anda suya düşdü. Əfsus ki, bir ömrümdə bir zaman Cəmil Əkbər, Dədə Şəmşir, Babək Sarıvəlli var idi. Artıq heç biri yoxdur. Bu nahaq dünyada yetim qaldım, tifil qaldım, Babəksiz qaldım, Dədə Şəmşirsiz qaldım, Cəmil Əkbərsiz qaldım. Bir vaxtı Babəkli günlərdə dağ lalası kimi güllənmişdim, dil-dil ötürdüm, indi də nitqim tutulub lal qaldım. Nə söz tapa bilirəm fikrimi izhar etməyə, nə kəlmə danışmağa. Kimə danışım??? Babəkim yox, Dədə Şəmşirim yox, Cəmil Əkbərim yox. Yoxluqlar dünyasında fəqan etməkdəyəm. İniltimi kimsə duymaz. Yeri boş qalmış Babəksiz könül dünyamda. Ruhun üzərimdə, görkəmin gözlərimdə, xəyalın düşüncələrimdədir ey əziz insan. Bir an da unutmaq olmur. Necə unudasan ən yaxın könül həmdəmini, dost-müsahibini? Könül sirdaşını anmamaq, xatırlamamaq mümkünmü? Təbii ki, heç cür mümkün deyil. Sadəcə Haqqa təşrif apardığın 28 martda ruhuna fatihə oxumaqdan başqa heç nə əlimdən gəlmir. Bir də ürəyimdən süzülüb gələn şeirimlə yad etmək istəmişəm ey Babək müəllim. Ey gözəl mənəviyyatlı insan...
Anam Firuzə Paşaqızının dəfnindən bir neçə gün sonra mənə ünvanladığın təskinlik şeirini əziz xatirə kimi saxlamaqdayam. Bu şeir Osmanoğlunun şairlik fitrətindən də xəbər verir. Oxucularımıza bu kövrək şeirini və mənim cavab şeirimi xalqımıza çatdırmaq zamanı gəldi yəqin ki...
İlqar Cəmil oğlu İmamverdiyev,
Sənətşünaslıq Elmləri Doktoru, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının
Professoru
22 mart 2021-ci il, QAZİANTEP
Hər zaman anıram sizi ay dayı
Prof.Dr. Babək Sarıvəlli Qurbanovun əziz xatirəsinə
Yeriniz görünür hər zaman, hər an,
Hər zaman
anıram Sizi ay dayı.
Hər axşam,
günorta, hər səhər, hər dan,
Hər zaman
anıram Sizi ay dayı.
Gözüm Sizi
gəzir, yaxınımdasan,
Kür, Araz
nəhri tək axarımdasan,
Xəzanımda
deyil, baharımdasan,
Hər zaman
anıram Sizi ay dayı.
Nurəddin də
getdi, tək qaldım indi,
Xatirələr
bir döy, milyondu, mindi,
Ayrılıb
getdiniz həvəsim söndü,
Hər zaman
anıram Sizi ay dayı.
Quşlar bir
qanadasız uça bilərmi?
Aslan tək
ayaqla qaça bilərmi?
Günəş
buludlardan saça bilərmi?
Hər zaman
anıram Sizi ay dayı.
Sən Vətənə
gəldin, mən sənə həsrət,
Bir də
görüşərik, nəsib ya qismət,
Üzündə abır
var, həya var, ismət,
Hər zaman
anıram Sizi ay dayı.
Mələklər
hifz etsin Sizi hər zaman,
Allahım
qorusun, versin son aman,
Dost
qardaşdan ayrı düşmək çox yaman,
Hər zaman
anıram Sizi ay dayı.
Mən bir
cəsəd oldum, ürəyimsiniz,
Cəmil,
Şəmşir, Babək gərəyimsiniz,
İlqara
bərəkət, çörəyimsiniz,
Hər zaman
anıram Sizi ay dayı.
İlqar Cəmil,
29.09.2018-ci
il, saat 08:30
Sənin anan-mənim anam
İlqar
Cəmiloğlunun anası Firuzə Allahverdiyevanın vəfatı münasibətilə Babək
Qurbanovun təskinlik şeiri
Bir quş
kimi uçub getdi,
Sənin
anan-mənim anam.
Heç
bilinmir hara getdi,
Sənin
anan-mənim anam.
Günəş kimi şəfəq saçan
Hər bir
kəsə qucaq açan,
Nədən
bizdən uzaq qaçan?
Sənin
anan-mənim anam.
Bu itkiyə
dözmək olmur,
Ürəklər
fərəhlə dolmur.
İllər,
günlər hey keçsə də
Bu nə
dərtdir, bilmək olmur.
Olanlara
çarə yoxdur,
Bunu
söyləmiş babalar.
Canı
yananlar da çoxdur -
Ürəklərdə
qanlı oxdur...
Özümüzü ələ
alaq,
Ayaq üstə
möhkəm duraq.
İtki
dözülməz olsa da
Yolu
sabahlara salaq...
Babək dayın
01.09.2016-cı il, saat 23:00, Bakı
Babəkim mənim
Babək
Qurbanovun təskinlik şeirinə İlqar Cəmiloğlunun cavab şeiri
Ürəyimə buz
səpmisən,
Xeyirxah
Babəkim mənim.
Yarama
illac təpmisən,
Xeyirxah
Babəkim mənim.
Sən də
dərdli, mən də dərdli,
Sən də, mən
də ədalətli,
Mən həyalı,
sən iffətli,
Xeyirxah
Babəkim mənim.
Dərdi-qəmi
çəkmək olmur,
Başımızdan
əkmək olmur,
Yaramızı
tikmək olmur,
Xeyirxah
Babəkim mənim.
Düşündüyün
kimi olmur,
Gedənlər
yadına salmır,
Heç bir
məxluqat sağ qalmır,
Xeyirxah
Babəkim mənim.
Həyat özü
bir boş imiş,
Görən göz
sanki çaş imiş.
Bəni insan çaş-baş
imiş,
Xeyirxah
Babəkim mənim.
Nə iş
görsən xeyri yoxdur,
Xeyir işin
şəri çoxdur,
İnsan hədəf,
əcəl oxdur,
Xeyirxah
Babəkim mənim.
Təskin
etdin az olsa da,
Qış getsə də,
yaz olsa da,
Dostun
çalar, saz olsa da,
Xeyirxah
Babəkim mənim.
Korun-korun
yanıram mən,
Bu həyatı
qanıram mən.
Dərd əlində
donuram mən,
Xeyirxah
Babəkim mənim.
Hər zaman
həssas olmusan,
Bu məramla
yaşamısan.
İlqarı yada
salmısan,
Xeyirxah
Babəkim mənim.
İlqar Cəmiloğlu,
01.09-2016-cı il, saat 22:40, Qaziantep
Facebook-da paylaş