Xalq şairimiz Osman Sarıvəllinin yubileyi münasibətilə...
Osman Sarıvəlli... Bu gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə bu adı xatırlamamaq mümkün deyil. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi şairlərlə bir sırada dayanan şairin Azərbaycan poeziyasının inkişafında, şeirimizin yenilik ruhu ilə aşılanmasında böyük xidmətləri olmuşdur.
Bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 115 il ötür.
Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
Osman Sarıvəlli ədəbi yaradıcılığa 1933-cü ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə işıq üzü görmüşdür. Osman Sarıvəlli "Dəmir sətirlərim” (1934), "Bənövşə” (1940), "Şairin hədiyyəsi” (1943), "Gətir, oğlum, gətir” (1943), "Gənclik eşqi” (1946), "Bahar çiçəkləri” (1949), "Yeni dünyanın qapısı” (1950), "İqlimdən-iqlimə” (1963), "Sabahı yaradanlar” (1970), "Seçilmiş əsərləri” (üç cilddə) (1971-1975), "Hər kim yüz il yaşamasa” (1976), "Mən sabaha gedirəm” (1979), "Kür qırağında” (1987), "Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı: Avropa, 2010, 112 s”, "Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar. Bakı: Avropa, 2011, 128 s”. kitablarının müəllifidir.
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adına, "Oktyabr İnqilabı", "Şərəf Nişanı", "Xalqlar Dostluğu", "Qırmızı Əmək Bayrağı" ordenlərinə, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülmüşdür. 1977-ci ildə Azərbaycanın Xalq şairi adını almışdır.
1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir. Ömrün cavan, dəli-dolu vaxtlarında "Hər kim yüz il yaşamasa, günah onun özündədir”, - deyən şair zaman gəlir ki, belə deyir: "İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq. İllər bir-birini əvəz etsə belə poeziyamıza saysız-hesabsız şeirlər bəxş etmiş Xalq şairinin əziz xatirəsi hər zaman dərin ehtiramla yad olunacaq.
Uzun illərdir Türkiyədə yaşayan həmyerlimiz Sənətşünaslıq Elmləri Doktoru Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının Professoru İlqar Cəmil oğlu İmamverdiyev də Xalq şairi Osman Sarıvəlli yaradıcılığına yüksək dəyər verir. O, Xalq şairinə olan sevgisini yubiley münasibətilə yazmış olduğu "Osman qağa” adlı şeirində də bir daha tərənnüm edib. İ.İmamverdiyevin şairimizə olan sevgisini özündə əks etdirən həmin şeiri təqdim edirik.
OSMAN QAĞA
Xalq şairimiz Osman Sarıvəllinin yubileyi münasibətilə
Millətini sevən insan,
Osman ağa, Osman qağa.
Tərifləyib öyən insan,
Osman ağa, Osman qağa.
Fəqirin əlindən tutan,
Daş-kəsəyi yoldan atan,
Gün tək çıxan, deyil batan,
Osman ağa, Osman qağa.
Şimşək kimi qəfil çaxan,
Doğru yola, müdam baxan.
Sözü qəlbimizə axan,
Osman ağa, Osman qağa.
Ellərə işıq gətirən,
Sazəndə, aşıq gətirən,
Aşiqə məşuq gətirən,
Osman ağa, Osman qağa.
Aşıqların can sirdaşı,
Şairlərin arkadaşı,
Səməd qağamın qardaşı,
Osman ağa, Osman qağa.
Şəmşir dədəmin pənahı,
Nur kimidi, yox günahı.
Söz dünyasında bir dahi,
Osman ağa, Osman qağa.
Üzündə abır həyası,
Sanki Quranın ayəsi.
Müdrik fikrində qayəsi,
Osman ağa, Osman qağa.
Misradan çələng toxuyan,
Gül kimi ətir qoxuyan,
Şeyda bülbül tək oxuyan,
Osman ağa, Osman qağa.
Gec yatıb, erkən oyanan,
Zəhmət tərinə boyanan,
Öz kökündə mərd dayanan,
Osman ağa, Osman qağa.
Türk oğludur, əldə Quran,
Xalqın xidmətində duran,
Xoş məramla özün yoran,
Osman ağa, Osman qağa.
Şeirində qala yapandı,
Pisə yalama atandı,
Hər sözü göydə tutandı,
Osman ağa, Osman qağa.
O, elin əsil balası,
O, insanlığın əlası,
O, tariximdə qalası,
Osman ağa, Osman qağa.
Sazı çalıb aşıq olan,
Xəyalda sözlə dolanan.
Yüz döy, səksən beşdə solan,
Osman ağa, Osman qağa.
İlqarın sevincidi, o,
Ləli-mərcan, incidi, o,
Savab işdə öncüdü, o,
Osman ağa, Osman qağa.
İlqar Cəmiloğlu İmamverdiyev,
Sənətşünaslıq Elmləri Doktoru Qaziantep Universiteti,
Türk Musiqisi Dövlət Konservatoriyasının Professoru
Facebook-da paylaş