Babək
Qurbanovun nurlu xatirəsi, haqq dünyasına qovuşmasının ikinci ildönümü 28 mart
2019-cu il
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdir
otağında Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanovun 75 yubiley ilindən
xatirə şəkli. Babək müəllimin yetirdiyi aspirantları. (Sağdan sola) sənətşünaslıq namizədi Hakan Tatyüz (keçmiş müdür), sənətşünaslıq namizədi
Savaş Ekici (keçmiş müdür yardımçısı), sənətşünaslıq namizədi Gültəkin Şener (bölüm başqanı) və Prof.Dr. İlqar İmamverdiyev
9 iyun 2014-cü il
Həyat bu
dünyadan doymamaqdır. Həyat yaşamaqdan doymamaqdır. Həyat bu dünyada əsil
insan, həqiqi vətəndaş olaraq alını açıq, üzü ağ vicdanlı yaşamaqdan
doymamaqdır. Balıq sudan, Quş uçmaqdan doymur. İnsan nəfəs almaqdan, gözlə
baxmaqdan, hisslərlə duymaqdan, nəhayət ürək davamlı döyünməkdən, qan dövr
etməkdən, könül dünyamız isə sevməkdən doymamaq üstündə köklənmişdir saz kimi.
Bu doymamaqlar insanın yaşama həvəsidir. İnsan oğlu bu anlatdıqlarımdan doyubsa
demək ölübdür. Həqiqi elm dünyasının cəfası yolunda hər cür əziyyətlərə
qatlaşaraq davamlı axtarışlarda olan, məqsədyönlü çalışmaqdan, araşdırmalardan
doymayanlara əsl yaşamaq nəsib olur. Nə qədər kəşflərə sahib olsa da yenə bir
çox ixtiralar kəşf olunmamış qalmaqdadır. İnsanı yaşadan yeni tapıntılar
uğrunda bir fateh kimi axtarışlarını ara vermədən, müntəzəm sürdürməkdir. İnsan elm aləmində yeni bir
kəşf əldə etmiş olsa demək o, məcazi anlamda ölmüşdür. Yaşamaq elmi hədəfə
doğru kəşfə yönələn müntəzəm
axtarışlarını davam etdirməkdir. Yeni bir ixtiranı tapana kimi insan bu
həvəslə, ülvi məramla axtarışlar əhatəsində yaşayır demək. Tapdığı zaman isə
artıq iş yekunlaşdığı üçün ömrünü tamamlayır.
İnsan
xilqətinin arzuları, amalları, fikirləri də bitib-tükənməzdir. Ona görə də
axtarışların, xoşməramlı düşüncələrin sahili, zəngin fikirlərin sərhədi yoxdur.
Lakin insanın ömrünün sonu vardır. Demək yarım qalmış ömürlə kəşflərin,
ixtiraların sonuna varmaq mümkün deyildir. Bütün bəşəriyyət insanları bir
ömürdə yarımçıq yaşamışlar. Çünki elmin, axtarışın final mərhələsinə kimi gəlib
çıxa bilməmişlər nə yazıq ki. Kitablarını, məqalələrini tamamlaya bilməmişlər,
500, 1000 məqalə, çoxlu kitablar yazmaq yenə də azdır. Az olan şey də
yarımçıqdır. Tam deyil. İnsan ömrü kimi... Bir filosof nə gözəl demiş: "Məni
yaşadan bilmədiklərimdir, Öldürən bildiklərimdir”. Elə ki, bildin, demək öldün.
Yeni bir bilgi yolunda araşdırma fəaliyyətinə başladınsa, demək təkrar yaşamağa
qədəm qoydun. Yaşamaq fəaliyyətdir. Fəaliyyət göstərməmək, xoş məramlarla
xidmət etməmək isə müqəvvalıqdır.
Balıq sudan
doymadığı üçün yaşayır. İnsan nəfəs almaqdan, gözəllikdən zövq aldığı üçün
yaşayır. Zövq almaq yaşamaqdır. Nəfəs almaq yaşamaqdır. Ürək döyündüyü üçün
yaşayır. Ürəyin döyüntüsü yaşamaq həvəsidir. Quş uça bildiyi üçün yaşayır.
Uçmaq yaşamaqdır. İnsan arzularla, amallar qanadında yaşayır. İnsanın yaşaması arzusudur,
amalıdır, fəaliyyət göstərməsidir. Fəaliyyət yaşamaqdır. Çalışmamaq ətalətdir.
Tənbəllik fəaliyyətsiz olmaq deməkdir. Ona görə də insan övladına heç
yaraşmayan tənbəllik komaya düşməkdir. Vətənə, millətə, xalqa vicdanla, eşqlə,
məhəbbətlə, həvəslə xidmət etmək əsl insan üçün yaşama sevgisi-sevincidir.
Eşqlə, həvəslə, coşğuyla fəaliyyət göstərmək yaşamağın bir əlamətidir. Yaşamaq
doymamazlıqdır, doyumsuzluqdur. Arzular, amallar tükənməz olduğu kimi, yaşamaq
da tükənməzdir. Bu baxımdan da insan yaşamaqdan
doymur, usanmır, bezmir. Bu doymamazlıq yaşamaqdır. İnsan doyursa, ölümə doğru
irəliləməklə can verir deməkdir. Arzuları bitdisə, demək insan ölmüşdür. İnsan
fəaliyyət göstərmirsə, elm, millət, xalq, Vətən uğrunda demək diri ikən mənən
həyatını tərk etmişdir. Ölümsüz olmaq üçün xalqa, millətə, dəyərli əsərlər
əmanət etməkdir gələcək nəsillər üçün. Gələcək nəsillər sənin yaradıcılığından
bəhrələnmişlərsə, demək sən onların ruhunda, düşüncəsində mənən yaşamaqdasan,
xatırlanmaqdasan, yad olunmaqdasan. Yad olunmaq, xatırlanmaq, yaşamağın bir
yöntəmidir. Necə ki, Nizami Gəncəvi, Firdovsi, Xəqani, İmadəddin Nəsimi, Hafiz
Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mola Pənah Vaqif, Nəvai, Mirzə
Ələkbər Sabir, Səməd Vurğun, Üzeyir bəy Hacıbəyov və neçə-neçə dahi
korifeylərimiz kimi. Dəyərli bir məntiqlə yoğrulmuş hikmət dolu müdrik fikrin
söylənirsə, demək xatırlanmaqdasan, yaşamaqdasan ey insan oğlu!!!
Böyük
şairimiz Bəxtiyar Vahabzadə bu məqamda poetik misralarla fikrimizi daha da
aydınlaşdırmaqdadır. Çünki bu dərin anlamlı kəlamlarda ustad şairimiz müdrik
söz incisini ipə-sapa düzməklə bu gün də yaşayır ürəyimizdə, xatirəmizdə, bu
xatirə məqaləmizdə:
Yaşamaq
yanmaqdır, yanasan gərək,
Həyatın
mənası yalnız ondadır.
Şam
əgər yanmırsa yaşamır demək,
Onun
da həyatı yanmağındadır.
Elm yolunda
bir şam kimi yanıb əriyən alimlərimizdən biri də 2 il öncə aramızdan ayrılıb
Haqqa qovuşan Osmanoğlu Babək Qurbanovdur. Yaşadı mərdi-mərdanə, kimsəyə yük
olmadan, əziyyət vermədən öz zəhməti, fanatik çalışmaları ilə geniş xalqımızın
hüsn-rəğbətini qazandı. Ona görə də adı sayğı ilə, həm də rəhmətlə
anılmaqdadır. Sağlığında elm yolunda hamıya əl tutdu, yardım etdi, könlünü
sevindirdi, çiskin dolu niskilli, küskün, incik qəlbini ovundurdu. Yandı bir
məşəl kimi Odlar diyarımıza od-alov saçaraq ziyası ilə daha da gurlandırdı
musiqi-fəlsəfə elmimizi. Bu sahənin alimləri, mütəxəssisləri onun
yaradıcılığından hər zaman bəhrələnməkdədirlər. Bu bəhrələnmə Sarıvəlli Babəki
könüllərdə bu gün də hörmət-ehtiramla yaşatmaqdadır. Ruhun şad olsun Ana Vətənimizin
layiqli, ismətli, nurlu təvazökar oğlu.
Babək
müəllim özü görkəmində bir nur idi işıqlandırdı qəlbimizi. Necə ki, Cəmil Əkbər
kimi, Dədə Şəmşir kimi. Qürurlandırdı, sevindirdi bizləri. Yaşamağın,
yaratmağın yollarını, mənasını bizlərə öyrətdi, səxavəti ilə, yardımsevərliyi
ilə. Könüllərdə taxt-tac qurdu onu sevənlərin qəlbində. Unutmaq olarmı əsl
Vətən övladını? Necə unudasan müqəddəs Osman ocağından pərvəriş taparaq bütün
Türk Dünyasına, Post Sovet məkanında səs-səda salan həqiqi Vətənsevər,
xalqsevər insanı? Gecə-gündüz yazdı-yaratdı ərmağan etdi dost-doğma xalqına. Azərbaycan
elminə zəngin miras əmanət edib çəkib getdi Haqq dünyasına.
700-dən
artıq elmi məqalələrlə elmimizi bəzədi bu işıqlı insan. 50-dən artıq elmi
kitabı ilə intəhasız fikirlərini bizlərə ərmağan etdi yazılarıyla. Bu kitabları
oxumaqla böyük dəyər sahibini mənən yaşatmaqdayıq. Əsl yaşamaq Haqq dünyasına
qovuşduqdan sonra xatırlanmaqla, adının anılmasında olan yaşamdır. Babək
müəllim belə əxlaq sahibi bir insandı. Abırlı-həyalı, ədəbli-ərkanlı, ağır
təbiəti ilə tanındı, səbrlə, təmkinlə dolu bir ömür sürdü onun çevrəsində
dolanan, əhatəsində olan elm adamları arasında. Bir günəş kimi parladı.
Şöləsini elm dünyamıza bəxş etdi. Bu bəxşişi ilə də elm ordumuzun sərkərdəliyini
yürütdü neçə-neçə beynəlxalq simpoziumlarda, konqreslərdə. Başarıyla, uğurla
davam etdirdi bu xeyirxah-xoşməramlı missiyasını. Ömrünün sonunadək yorulmadı,
usanmadı, irzikmədi. Babək müəllim belə bir qüdrət sahibi idi. Nə yazdısa elmi
oldu, nə dedisə elmi oldu, nə düşündüsə elmi oldu. Elmdən bir an da olsun
kənara çıxmadı. Elm aləminə sadiq qaldı əsl alim kimi özünü təsdiq etdirdi,
mədəniyyət tariximizin fəxri sənədində mübarək ismini möhtəşəm uğurlarıyla
möhürlətdi elm camiamızda.
İki ildir özəl
yerdə qərar almaqdadır Babək Qurbanov. Gözəl məqamda taxt-tacında dayanmaqdadır
Babək Sarıvəlli. Haqq dərgahına təşrif aparması ilə könüllərimizdə onun yeri
boş qaldı. O andan etibarən yeri könlümüzdə görükməkdədir. Qəlbimiz boş qalıb
Babəksiz. Kimsə doldura bilməz, onun yerini daha bir kimsə ala bilməz. Çünki
Babək bir gəldi - pir getdi. Nur gəldi – nur getdi. Yeri ürəyimizdə könlümüzdə
hər zaman görünür. Hayana baxırıqsa görmək istərik. Qulağımız gözəl ahəngə
bələnmiş tebrli səsini bir daha dinləmək istər. Müdrik kəlamlarına yenidən
dinşək kəsilmək istərik. Çifayda, xam xəyal dünyasında yanıb yaxılmaqdayam.
Çünki on il hər gün gördüyümüz, səsini duyduğumuz insandan uzaq düşməklə barışa
bilmirəm, bu gerçək həqiqətə heç cür uyğunlaşa bilmirəm. Hər zaman təskinlik
tapırdım onun varlığı ilə. Örnək idi duruşu ilə, baxışı ilə, ağıllı
söz-söhbətləri ilə, müdrik fikirləri ilə. Mənasız bir söz demədi bu insan, nə
dedisə mənalı dedi, doğru dedi, dürüst dedi, təcrübəyə dayanan zəngin
bilgilərinə istinad edərək sərrast söylədi heyrətamiz fikirlərini. Bizi
yönləndirdi, bizə həyatın özünü anlatdı, başa saldı, yaşamağın yolunu sirlərini,
əsl elmin "Qibləsini” - yönünü izah
etdi, öyrətdi. Öyrətməkdən doymurdu. Bu da Babək müəllimi yaşadırdı. Yaşamaq
onun üçün elmi axtarış, müntəzəm mütaliə və ən əsası pedaqoji fəaliyyət idi.
Öyrəncilər ordusunun başqanı idi Konservatoriyamızda. Təsadüfi deyil ki, bütün
öyrəncilər Babək müəllimi əsl pedaqoq saydıqları üçün "Hocaların hocası” fəxri
adını vermişdilər. Bu adı uzun illərə dayanan alın təri, zəhməti, axtarışları,
zəngin elmi mənbəələrdən əldə etdiyi ensiklopedik bilgilər hesabına qazana bilmişdi. İxtiyar çağında da
çalışmağına heç ara vermədi. Müqəddəs fəaliyyətinə bircə dəfə ara verdi. O da Haqq
dünyasına qovuşan zaman. Bu ara vermə təəssüf ki, əbədi oldu. Bizlər həsrət
qaldıq yeni fikirlərə, yeni düşüncələrə. Bu düşüncələri ilə də bizi qoruyurdu,
sanki mühafizə edirdi Babək müəllim.
Heç bir
insanın pis gününü heç arzulamazdı. Əksinə hər kəsin xoş gününü görmək
istəyərdi təkcə. Çünki dünyəvi qəlbə sahib idi Babək Osmanoğlu. Musiqi və
fəlsəfə elminin qəhrini çəkən insan desək ilk öncə Babək Qurbanovun adı yada
düşür. Digər elm xadimlərimiz də bu qənaətdə, bu düşüncədədir. Xeyirxahlıq
mücəssəməsi desək Babək Sarıvəlli xatırlanır. Çünki səxavətlə, təmənnasız
xidmətləri ilə öz şəxsində nümunə olmaqla bizləri ərsəyə gətirdi.
Elm
dünyasında fəlsəfə - musiqişünaslıq qatarının başçısı idi Babək müəllim. Bir
durna qatarının öndəri olaraq bizi öz arxasınca xoş mərama doğru, aydın elm
yolunda yönləndirirdi, hədəfə doğru çəkib aparırdı.
Məsləhətini
heç əsirgəmədi. Hər zaman elmin doğru istiqamətini bizlərə işarət verməklə
göstərdi, O yolla gedirəm. Fəqət Babək müəllimsiz. Qol qanadım sınmış halımla.
Tək qaldım Babəksiz xiffət etməkdə, "dərd əkib-qəm biçməkdə” ürəyimdə saldığı
insanlıq izində davam etməkdəyəm. Çünki unutmaq qeyri-mümkündür əsl insanı.
Mənim altun üzüyümün 24 əyarı Babək müəllim idi. Onunla mənəvi nəfəs alırdım.
Qürurlanırdım, sevinirdim, həvəslənirdim, coşurdum, aşıb-daşırdım. 28 mart 2019-cu
il tarixindən daha nə coşuram, nə aşıb-daşıram. Sevincim də qeyb olub gedib. İç
dünyama qapalı halda özüm-özümlə Babək müəllimin xəyalı ilə dərdləşməkdəyəm. Qürurum,
tabım da qalmayıb. Təskinlik ala bildiyim bir kimsəm qalmadığı üçün daha özümü
ovuda bilmirəm. Çünki arxam, dirəyim yox oldu, qəfil uçdu, dağıldı bəndi-bərəm.
Arxasız köməksiz, imdadsız qalmışam. Babək müəllimdən savayı kimsə dadıma,
imdadıma çatmaz. Mənim imdadıma çatanım yox oldu getdi. Yuxuya, xəyala döndü
gerçək həqiqətlər, möhtəşəm elmi fikirlərimiz bir anda suya düşdü. Əfsus ki,
bir ömrümdə bir zaman Cəmil Əkbər, Dədə Şəmşir, Babək Sarıvəlli var idi. Artıq
heç biri yoxdur. Bu nahaq dünyada yetim qaldım, tifil qaldım, Babəksiz qaldım,
Dədə Şəmşirsiz qaldım, Cəmil Əkbərsiz qaldım. Bir vaxtı Babəkli günlərdə dağ
lalası kimi güllənmişdim, dil-dil ötürdüm, indi də nitqim tutulub lal qaldım.
Nə söz tapa bilirəm fikrimi izhar etməyə, nə kəlmə danışmağa. Kimə danışım???
Babəkim yox, Dədə Şəmşirim yox, Cəmil Əkbərim yox. Yoxluqlar dünyasında fəqan
etməkdəyəm. İniltimi kimsə duymaz. Yeri boş qalmış Babəksiz könül dünyamda. Ruhun
üzərimdə, görkəmin gözlərimdə, xəyalın düşüncələrimdədir ey əziz insan. Bir an
da unutmaq olmur. Necə unudasan ən yaxın könül həmdəmini, dost-müsahibini?
Könül sirdaşını anmamaq, xatırlamamaq mümkünmü? Təbii ki, heç cür mümkün deyil.
Sadəcə Haqqa təşrif apardığın 28 martda ruhuna fatihə oxumaqdan başqa heç nə
əlimdən gəlmir. Bir də ürəyimdən süzülüb gələn şeirimlə yad etmək istəmişəm ey
Babək müəllim. Ey gözəl mənəviyyatlı insan...
Anam Firuzə
Paşaqızının dəfnindən bir neçə gün sonra mənə ünvanladığın təskinlik şeirini
əziz xatirə kimi saxlamaqdayam. Bu şeir Osmanoğlunun şairlik fitrətindən də
xəbər verir. Oxucularımıza bu kövrək şeirini və mənim cavab şeirimi xalqımıza
çatdırmaq zamanı gəldi yəqin ki...
İlqar Cəmil oğlu İmamverdiyev,
Sənətşünaslıq Elmləri Doktoru, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının
Professoru
22 mart 2021-ci il, QAZİANTEP
Hər zaman anıram sizi ay dayı
Prof.Dr. Babək Sarıvəlli Qurbanovun əziz xatirəsinə
Yeriniz görünür hər zaman, hər an,
Hər zaman
anıram Sizi ay dayı.
Hər axşam,
günorta, hər səhər, hər dan,
Hər zaman
anıram Sizi ay dayı.
Gözüm Sizi
gəzir, yaxınımdasan,
Kür, Araz
nəhri tək axarımdasan,
Xəzanımda
deyil, baharımdasan,
Hər zaman
anıram Sizi ay dayı.
Nurəddin də
getdi, tək qaldım indi,
Xatirələr
bir döy, milyondu, mindi,
Ayrılıb
getdiniz həvəsim söndü,
Hər zaman
anıram Sizi ay dayı.
Quşlar bir
qanadasız uça bilərmi?
Aslan tək
ayaqla qaça bilərmi?
Günəş
buludlardan saça bilərmi?
Hər zaman
anıram Sizi ay dayı.
Sən Vətənə
gəldin, mən sənə həsrət,
Bir də
görüşərik, nəsib ya qismət,
Üzündə abır
var, həya var, ismət,
Hər zaman
anıram Sizi ay dayı.
Mələklər
hifz etsin Sizi hər zaman,
Allahım
qorusun, versin son aman,
Dost
qardaşdan ayrı düşmək çox yaman,
Hər zaman
anıram Sizi ay dayı.
Mən bir
cəsəd oldum, ürəyimsiniz,
Cəmil,
Şəmşir, Babək gərəyimsiniz,
İlqara
bərəkət, çörəyimsiniz,
Hər zaman
anıram Sizi ay dayı.
İlqar Cəmil,
29.09.2018-ci
il, saat 08:30
Sənin anan-mənim anam
İlqar
Cəmiloğlunun anası Firuzə Allahverdiyevanın vəfatı münasibətilə Babək
Qurbanovun təskinlik şeiri
Bir quş
kimi uçub getdi,
Sənin
anan-mənim anam.
Heç
bilinmir hara getdi,
Sənin
anan-mənim anam.
Günəş kimi şəfəq saçan
Hər bir
kəsə qucaq açan,
Nədən
bizdən uzaq qaçan?
Sənin
anan-mənim anam.
Bu itkiyə
dözmək olmur,
Ürəklər
fərəhlə dolmur.
İllər,
günlər hey keçsə də
Bu nə
dərtdir, bilmək olmur.
Olanlara
çarə yoxdur,
Bunu
söyləmiş babalar.
Canı
yananlar da çoxdur -
Ürəklərdə
qanlı oxdur...
Özümüzü ələ
alaq,
Ayaq üstə
möhkəm duraq.
İtki
dözülməz olsa da
Yolu
sabahlara salaq...
Babək dayın
01.09.2016-cı il, saat 23:00, Bakı
Babəkim mənim
Babək
Qurbanovun təskinlik şeirinə İlqar Cəmiloğlunun cavab şeiri
Ürəyimə buz
səpmisən,
Xeyirxah
Babəkim mənim.
Yarama
illac təpmisən,
Xeyirxah
Babəkim mənim.
Sən də
dərdli, mən də dərdli,
Sən də, mən
də ədalətli,
Mən həyalı,
sən iffətli,
Xeyirxah
Babəkim mənim.
Dərdi-qəmi
çəkmək olmur,
Başımızdan
əkmək olmur,
Yaramızı
tikmək olmur,
Xeyirxah
Babəkim mənim.
Düşündüyün
kimi olmur,
Gedənlər
yadına salmır,
Heç bir
məxluqat sağ qalmır,
Xeyirxah
Babəkim mənim.
Həyat özü
bir boş imiş,
Görən göz
sanki çaş imiş.
Bəni insan çaş-baş
imiş,
Xeyirxah
Babəkim mənim.
Nə iş
görsən xeyri yoxdur,
Xeyir işin
şəri çoxdur,
İnsan hədəf,
əcəl oxdur,
Xeyirxah
Babəkim mənim.
Təskin
etdin az olsa da,
Qış getsə də,
yaz olsa da,
Dostun
çalar, saz olsa da,
Xeyirxah
Babəkim mənim.
Korun-korun
yanıram mən,
Bu həyatı
qanıram mən.
Dərd əlində
donuram mən,
Xeyirxah
Babəkim mənim.
Hər zaman
həssas olmusan,
Bu məramla
yaşamısan.
İlqarı yada
salmısan,
Xeyirxah
Babəkim mənim.
İlqar Cəmiloğlu,
01.09-2016-cı il, saat 22:40, Qaziantep
Geri qayıt
|